Yeni Jurnalist

Facebook və ya saytınızda onlayn sorğu üçün 7 proqram

Oxucuların və izləyicilərin fikrini öyrənmək, onları vacib məsələlərin müzakirəsinə cəlb etmək üçün ən sınanmış yollardan biri də onlayn sorğudur.

Onlayn sorğu həm sizə auditoriyanın nəbzini tutmağa imkan verir, həm də auditoriyanızda onların fikrinin vacib olması fikrini vurğulayır. Onlayn sorğular auditoriyanın media resursa olan sadiqliyini artıran vasitələrdən biridir.

Sosial Texnologiyalar İstixanasının əməkdaşı Natalya Baranova İnternet saytlarda və Facebook sosial şəbəkəsində onlayn sorğu keçirməyə imkan verən 7 rahat xidmətin siyahısını hazırlayıb. Yeni Jurnalist saytı həmin materialın tərcüməsini təqdim edir.

1) Poutsch 

Onlayn sorğu və səsvermələr üçün ödənişsiz İnternet tətbiqi olan bu onlayn xidməti mobil qurğunuza yükləyəndən sonra yeni hesab yarada, yaxud da Facebook və Twitter hesablarınızdan biri vasitəsilə daxil olursunuz. Sosial şəbəkələrdə olduğu kimi öz dostlarınızı əlavə edə bilərsiniz. Proqram sizə ikicavablı, çoxcavablı və ya birdən beşə qədər ulduz verməklə reytinq müəyyənləşdirən şablonlar təklif edir. İstifadəçilər səs verdikcə sizə bu barədə bildirişlər gələcək.

2) Polls for Pages

Facebook sosial şəbəkəsində sorğuların təşkili üçün bu ödənişsiz əlavə olduqca sadə və anlaşılan tərzdə işləyir. Siz sorğuya ad və kiçik təsvir verirsiniz, cavabları qeyd edirsiniz, hətta cavablara şəkillər də əlavə edə bilərsiniz. Sonra isə sorğunu öz səhifənizdə paylaşırsınız. Səsvermənin sonunda siz onun iştirakçıları və yekun statistikaya nəzər sala bilərsiniz. Narahat məqam odur ki, istifadəçilər sizin səhifənizdə səs verə bilmirlər, bunun üçün sorğunun öz səhifəsinə keçid etməlidirlər.

3) Videoreact  

İlk başdan qeyd edək ki, bu xidmət ödənişlidir. Bir sorğu üçün 3 dollar, bir ay ərzində limitsiz istifadə üçün isə 20 dollar ödəmək lazımdır. Amma bu xidmət sizə unikal imkanlardan birini təqdim edir – siz Facebook sosial şəbəkəsində canlı efirdə onlayn sorğu yarada bilərsiniz.

Videoreact xidmətindən istifadə etmək üçün ilk öncə xidmətin saytında qeydiyyatdan keçirsiniz. Daha sonra sorğunun formatını və məzmununu müəyyən edirsiniz. Sorğunu Facebook canlı yayımına inteqrasiya etmək üçün sizə OBS Studio tərəfindən hazırlanmış ödənişsiz proqram lazım olacaq. Videoreact xidmətində hazırladığınız sorğunun detallarını OBS Studio proqramına daxil etdikdən sonra «Canlı yayıma başlayın» funskiyasını işə salırsınız və hər şey hazır olur.

4) Foto sorğu üçün WordPress əlavəsi

Bu əlavə (plugin) sizə saytınızda foto vasitəsilə onlayn sorğu yaratmaq imkanı verir. Əlavənin 10 hazır şablonu var. Əlavəni saytınızda quraşdırdıqdan sonra müsabiqə yarada, istifadə edəcəyiniz fotoları yükləyə və nəhayət sorğunu istifadəçilərə aça bilərsiniz. İstifadəçilərə öz fotolarını yükləmək imkanı da mövcuddur. Sorğu mobil əməliyyat sistemlərinə görə avtomatik şəkildə uyğunlaşır. Digər tərəfdən isə sözügedən əlavə ödənişlidir və ondan istifadə etmək üçün  wordpress.com saytında hesabınız olmalıdır.

5) Polldaddy

Geniş funksiyalara sahib olan bu xidmət öz rahat interfeysi ilə sorğuların yaradılması üçün əlverişli sistemlərdən biridir. Siz başlıq və ya sualı yazırsınız, cavab variantlarını qeyd edirsiniz (istifadəçinin öz cavabını verməsi də mümkündür), sorğunun dilini və bitmə tarixini müəyyən edirsiniz. Sorğuya şərh yazmaq funksiyası da mövcuddur. Hazırda 19 şablon dizayndan istifadə etmək mümkündür, amma siz də öz dizaynınızı yarada bilərsiniz. Xidmətdən yararlanmaq üçün saytda yeni hesab yaratmaq və ya wordpress.com hesabından istifadə etmək mümkündür. Şəxsi kabinetinizə daxil olduqdan sonra idarəetmə panelində şablonlardan birini seçsəniz, bundan sonra yalnız sorğunun adını yazmaq və tələb olunan xanaları doldurmaq qalır. Bu xidmət sizə sorğu və səsvermələr, anketlər, viktorinalar, eləcə də reytinq qiymətləndirməsi yaratmağa imkan verir.

6) MyVote

Bu onlayn xidmət vasitəsilə reytinq qiymətləndirmələri, müsabiqələr, onlayn sorğular yaratmaq mümkündür. Nəticələri real zaman rejimində görmək olur. Bu xidməti kompüterinizdə quraşdırmaq lazım deyil, elektron poçt ünvanınız ilə saytda qeydiyyatdan keçmək kifayətdir. Sorğu üçün cəmi üç şablon var. Sorğunun başlığını və ya sualı yazdıqdan sonra başlama və bitmə vaxtını müəyyən etmək lazımdır. Sorğunu qısaca təsvir etmək də olar. Bundan sonra xidmət sizə sorğunun hiperkeçidini və ya HTML kodunu verir. Sorğunun görünüşü də yaxşıdır və onu yaratmaq üçün bir neçə dəqiqə kifayət edir. Yaradılan bütün sorğular şəxsi kabinetdə arxivlənir.

Digər tərəfdən, xidmətin ödənişsiz versiyasında bəzi məhdudiyyətlər var: yalnız beş sorğu yaratmaq olur və hər sorğuda cəmi 10 adam iştirak edə bilir.

7) Ranker

Hər ay ortalama 20 milyon istifadəçinin ziyarət etdiyi Ranker xidməti sorğular yaratmaq üçün onlayn platformadır. Ona görə də xidmətin saytında başqa istifadəçilərin yaratdığı sorğuların nəhəng bazasını görmək mümkündür.

Xidmətdə Facebook, Twitter və ya Gmail hesabınız vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. Burada sorğu yaratmaq heç də çətin deyil. İxtiyarınızdakı şəxsi kabinetinizin interfeysi özü sizi istiqamətləndirəcək. Sorğunun başlığını seçirsiniz, həm sualın özü, həm də hər cavab variantı üçün öz şəkillərinizi ikon kimi yerləşdirə bilərsiniz. Şrifti dəyişmək, üslub vermək, kursivlə yazmaq mümkündür. Bir sözlə, bu xidmətdən istifadə edərək çox gözəl görünüşlü və fotolu sorğu yaratmaq olur.

Sorğu Ranker xidmətinin öz saytında yerləşəcək, amma onun hiperkeçidini sosial şəbəkələrdə başqaları ilə paylaşa və yaxud da kodunu saytınıza yerləşdirə bilərsiniz. Sorğunu yaratmaq barəsində xidmətin özündə ətraflı təlimatlar yerləşdirilib.

Paylaş