Həmkarlarınız ilə onlayn rejimdə iş görüşməsi keçirməlisiniz? Xaricdə olan iş yoldaşınıza təcili videozəng etməlisiniz? Dünyanın fərqli yerlərindən bir neçə insanı eyni anda onlayn konfransa qoşmalısınız? Ən əsası, Skype sizi boğaza yığıb və ona yaxşı bir alternativ axtarırsınız?
Sosial Texnologiyalar İstixanasının əməkdaşı sizin üçün yeddi optimal alternativdən ibarət siyahı hazırlayıb. Bu xidmətlərin bəziləri mobil tətbiq kimi çalışır, digərlərini isə kompüterə rahatlıqla endirib quraşdırmaq olur.
1) Appear.in
Bu xidmət birbaşa brauzerdən işləyir, kompüterinizə proqram təminatı endirib quraşdırmağa, hər hansı saytda qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Sadəcə söhbətə istədiyiniz sərlövhəni verib öz adınızı (və ya taxma adınızı) yazmağınız kifayətdir. Bundan sonra proqram sizin söhbət üçün ayrıca kanal yaradır və kanalın hiperlinkini sizə təqdim edir. Siz həmin hiperlinki dostlara göndərirsiniz, onlar həmin hiperlinkə keçərək kanala qoşulurlar. Beləliklə, səkkiz nəfərə qədər insanın iştirak edə biləcəyi videokonfrans yaradılır.
Bu onlayn xidmət səsli-görüntülü söhbətlə yanaşı, yazılı çat imkanı da təklif edir. Proqramın rahat və həm də xoş interfeysi var: söhbətin fonunda qütb parıltısının fotosu gözünüzü oxşayacaq. iOS üçün tətbiq və Opera brauzeri üçün əlavə də mövcuddur. Ayda 12 dollar ödəməklə 12 nəfərə qədər insanı əhatə edəcək videokonfrans imkanı əldə etmək olar.
2) ooVoo
Bu geniş funksiyalı xidmət vasitəsilə 12 nəfərə qədər insanı əhatə edəcək onlayn videokonfrans yarada, 25 meqabayta qədər həcmi olan faylları qarşı tərəfə ötürə, yazılı çatdan istifadə edə, videokonfransları qeydə alıb sonradan Youtube kimi saytlara yerləşdirə, eləcə də xətdə olmayanlara video ismarışlar göndərə bilərsiniz. Xidmət Windows, Mac, Android və iOS platformalarında işləyir. Bunun üçün xidmətin proqram təminatını kompüterinizə və ya mobil qurğunuza endirməlisiniz. Qeydiyyat prosesi və proqramın interfeysi bir qədər narahatdır. Amma kompüter və ya qurğusunda ooVoo əlavəsi olmayan insanlar da sizin videokonfranslara qoşula bilər. Proqram brauzer vasitəsilə işlədiyi üçün videokonfransların hiperkeçidi olur. Siz bu hiperkeçidi qarşı tərəfə göndərirsiniz, onlar da həmin hiperkeçidin köməyi ilə videokanala daxil olurlar.
3) Facebook Group Chat
Bu xidmət Facebook Messenger vasitəsilə işləyir. Videokonfranslara 50-yə qədər adamı qoşmaq mümkün olsa da, ekranda eyni zamanda yalnız altı nəfəri görmək olar. Digər iştirakçılar qulaq asa və söhbətdə yazılı çat vasitəsilə iştirak edə bilərlər. Həm bütün qrupa, həm də qrupun seçilmiş üzvlərinə kollektiv zəng etmək imkanı var. Videokonfrans çağırmaq üçün ilk növbədə Facebook Messenger tətbiqinin ən son versiyası olmalıdır. Bundan sonra çat üçün qrup yaradırsınız, qrupa ad verirsiniz və «zəng et» düyməsini basırsınız. Qrupun hər bir üzvü videokonfransa qoşulmaq təklifi alır, müsbət cavab verdikdə söhbətə qoşulmuş olur.
4) Jit.si
Videozənglər üçün bu ödənişsiz proqram brauzer vasitəsilə işləyir. İlk öncə xidmətin saytına daxil olub söhbətə ad verirsiniz («otaq» yaradırsınız), daha sonra hiperkeçidi danışmaq istədiyiniz həmkarlarınıza göndərirsiniz. Videokonfransa qeyri-məhdud sayda insan qoşula bilər. Xidmət aşağı sürətli İnternet bağlantısı tələb edir və istifadəsi olduqca sadədir. Jit.si xidmətinin ən vacib cəhəti açıq mənbəli kod əsasında yazılmasına baxmayaraq, bütün trafiki ZRTP protokolu ilə şifrələməsidir. Bu şifrənin «açılıb oxunması» çətin olduğu üçün, Jit.si də ən təhlükəsiz video-audio-zəng xidmətlərindən hesab olunur.
5) Zoom
Bu xidmətin ödənişsiz versiyası sizə limitsiz təkbətək videozəng imkanı, eləcə də maksimum 50 nəfərlik qrupda 40 dəqiqəlik videokonfrans imkanı verir. Xidmət bir ucdan digər uca şifrələmə istifadə etdiyi üçün çox təhlükəsizdir. Videozəng və videokonfransları qeyd etmək mümkündür. Amma proqramdan istifadə edə bilmək üçün xüsusi proqram təminatını endirmək, xidmətin serverində qeydiyyatdan keçmək lazımdır. Müsbət tərəf kimi, interfeysin rahat və sadə olmasını vurğulamaq lazımdır.
6) Houseparty
Səkkiz nəfərə qədər insanı əhatə edən videozəngə imkan verən bu mobil proqramın həm iOS, həm də Android versiyası mövcuddur. Xidmətdən yararlanmaq üçün qeydiyyatdan keçmək lazımdır. Proqramın funksiyaları sadə və rahat olsa da, interfeysi hələ ki yalnız ingilis dilindədir. Dostlarınızın mobil qurğusunun əməliyyat sistemindən asılı olmayaraq hər kəs eyni videokonfransa qoşula bilir.
Google xidmətlərinin mütəmadi istifadəçiləri üçün bu videoçat xidməti ilə işləmək çox adi və rahat təcrübə olacaq. Videokonfranslar birbaşa Google+ səhifəsində baş verir. Onları qeydə alıb Google+ və ya Youtube saytında paylaşmaq mümkündür. Bu xidmətdən istifadə edə bilmək üçün ilk növbədə Hangouts əlavəsini endirmək lazımdır. Daha sonra Gmail və ya Google+ xidmətinə daxil olub danışmaq istədiyiniz şəxsin və ya şəxslərin kontakt(lar)ını seçmək və on(lar)a videozəng etmək lazımdır. Hangouts xidmətinin bir üstünlüyü də ondan ibarətdir ki, videokonfrans iştirakçıları öz Google Drive virtual disklərindən fayllar paylaşa, ortaq sənədlər üzərində birgə işləyə, Google təqvimində yeni görüşlərin vaxtını müəyyən edə bilərlər. Həmçinin müxtəlif qurğular arasında Google xidmətlərinin sinxronizasiyası olduğundan, videokonfransa kompüterdə başlayıb smartfonda davam etmək (və ya əksi) mümkündür. Skype-dan fərqli olaraq aşağı sürətli İnternet bağlantısı zamanı Hangouts daha yaxşı işləməyə davam edir. Videokonfranslarda Google hesabı olan 25 nəfərə qədər adam iştirak edə bilər, müddət məhdudiyyəti yoxdur. «Canlı yayımda Hangouts» funksiyasının köməyi ilə isə sözügedən videokonfransı ictimaiyyətə açıq formada həyata keçirmək və canlı «verilişə» çevirmək olar.