Yeni Jurnalist

ObscuraCam — fotolarda şəxsi məlumatları gizlədən proqram

ObscuraCam – fərdi məlumatlarının axtarış motorları və sosial şəbəkələr tərəfindən indekslənməsini istəməyən insanlara öz üzlərini gizlətmək imkanı verən smartfon applikasiyadır. YeniJurnalist.org saytı bu proqram barəsində Sosial Texnologiyalar İstixanasının təqdimat yazısını sizə təqdim edir.

Niyə bu vacibdir? Fotoqrafiya son zamanlar kütləvi hobbi halına gəlib, lakin heç də hər kəs öz üzünün şəkillərdə görünməsini və ya axtarış yolu ilə əldə olunmasını istəmir. Həmçinin, Avropa Birliyində 25 may 2018-ci il tarixində qüvvəyə minən və fərdi məlumatların qorunması üçün prinsip və tələbləri müəyyən edən qanun (General Data Protection Regulation) insanların foto şəkillərini çəkmək və İnternetdə yayımlamağa dair ciddi məhdudiyyətlər qoyur.

Gizlətmək üçün bir şeyiniz yoxdur? Bunu anlamaq vacibdir ki, sizin smartfon yalnız fotoşəkil çəkmir, həm də sizin görmədiyiniz, ancaq hər hansı digər bir istifadəçi üçün bir neçə siçan tıklamasıyla əldə edilə bilən məlumatları həmin şəkilə yerləşdirir. Məsələn, fotoşəklin harada və nə zaman çəkildiyini, kameranın növünü və hətta kameranızın sazlamalarını göstərən geoməlumatlar kimi. Bütün bu məlumatların geniş insan çevrəsi üçün əlçatan olmasını istəyirsinizmi?

Yazı şəkildən sonra davam edəcək.

Applikasiya necə işləyir? Proqramı smartfonunuza yükləyin – applikasiya hələ ki, yalnız Android əməliyyat sistemi olan qurğular üçün mövcuddur. Daha sonra birbaşa bu proqramı istifadə edərək fotoşəkil çəkin və ya artıq çəkilmiş şəkilləri bu proqrama yükləyin.

Applikasiya üzünü gizlətmək istədiyiniz adamları maskalayacaq: ya onları pikselləşdirəcək, ya da məzəli maskalar – eynək, bığ, yeni saç düzümü tətbiq edəcək. Proqram vasitəsilə həmçinin fotoşəklin fonunu da gizlətmək mümkündür. Beləliklə, heç kəs fotoşəkildə olan insanların adlarını və təfərrüatlarını sosial şəbəkələrdə işarələyə bilməyəcək.

Proqram həmçinin smartfon və GPS koordinatlar barədə məlumatlar da daxil olmaqla, fotoşəkillərdə saxlanılan bütün metaməlumatları siləcək. Bundan sonra siz fotoşəkilləri sosial şəbəkələrdə və ya saytda rahatlıqla dərc edə bilərsiniz.

Mütəxəssislər nə deyir? KİV-lərin Hüquqlarının Müdafiəsi Mərkəzindən Svetlana Kuzevanova deyir:

Avropa Birliyinin rezidentləri və vətəndaşlarının şəxsi məlumatlarını emal edən təşkilatlar və şəxslər öz fəaliyyətlərini GDPR-in tələblərinə uyğunlaşdırmalıdırlar. Bu isə o deməkdir ki, şəxsi məlumatların, o cümlədən insanın şəxsiyyətini müəyyən etməyə imkan verən hər hansı bir informasiyanın (şəkildən İP ünvana kimi)  işlənməsi metodları və vasitələri  məlumatların qorunması prinsiplərinə uyğun olmalıdır.  Bir sözlə, fərdi məlumatlar qanuni və şəffaf şəkildə, şirkətin yalnız onları emal etdiyi məqsədlər üçün, bu məqsədləri üçün kifayət edəcək həcmdə, eləcə də hər hansı  sızma və ya digər icazəsiz giriş imkanlarını istisna etmək şərtilə emal olunmalıdır.

GDPR insanların ictimai yerlərdə fotoşəkillərinin çəkilməsini məhdudlaşdırmır, lakin belə fotoşəkillərin yayılması müəyyən edilmiş ümumi qaydalara və prinsiplərə uyğun olmalı və həmin məlumatların subyektləri olan insanların hüquqlarını pozmamalıdır.

Nəticə. Bu proqram günün əsas qayğısı üçün təsirli bir həll vasitədir. Bu formatda fotoşəkillər ilk baxışdan qəribə görünsə də, fərdi və şəxsi məlumatların qorunması məsələsindən narahat olan şəxslərə kömək edəcək. Estetik çıxış yolu olmasa da, işləyən applikasiyadır.

Android sistemli qurğular üçün ObscuraCam applikasiyasını yükləyin.

Sərlövhədəki foto: Markus Spiske / Unsplash

Paylaş