Yeni Jurnalist

SurfSafe — saxta fotoları aşkarlayan faydalı alət

SurfSafe – şəkilləri təhlil edən və bu şəkillərin real və ya saxta olduğunu müəyyən edən Chrome üçün brauzer əlavəsidir. YeniJurnalist.org saytı bu brauzer əlavəsi barəsində Sosial Texnologiyalar İstixanasının yazısını sizə ixtisarla təqdim edir.

Niyə vacibdir? Bu gün saxta xəbər fenomeni ciddi problemə çevrilir. İstifadəçi gördüyü xəbərlərdə və ya fotolarda yalanı müstəqil şəkildə tanımağa, bir sözlə həqiqəti yalandan ayırmağa çətinlik çəkir. SurfSafe əlavəsi bu problemlərdən birini həll edir. O, fotoşəkilləri təhlil edir və sizin bu fotoşəkillərə etibar edə biləcəyinizi və ya bilməyəcəyinizi söyləyir.

Həmçinin oxuyun: Fake news – “saxta xəbər” fenomeni nədir?

Özünüzü necə qoruya bilərsiniz? Getsurfsafe layihəsinin saytına daxil olun və brauzer əlavəsini quraşdırın. Quraşdırdıqdan sonra bir neçə konfiqurasiya addımından keçin. Konfiqurasiya zamanı sizə təqdim olunan siyahıdan etibar etdiyiniz xəbər resurslarını seçin. Bunlara CNN, BBC, Washington Post, The Economist və s. kimi 100 media daxildir.

Bu əlavəni necə işlədirəm? Kursoru İnternet səhifədə fotonun üzərinə gətirin. Bu zaman brauzer əlavəsi həmin fotonu “həqiqi”, “şübhəli” və “saxta” olaraq təsnif edir. SurfSafe bu fotonun daha əvvəl dərc olunmuş bütün resursları da sizə göstərəcək. Bir dəyişikliyin olub olmadığını görmək üçün fotonu ilkin orijinal nüsxə ilə müqayisə edə bilərsiniz.

Əlavə necə işləyir? SurfSafe etibarlı hesab etdiyi 100 xəbər saytının məlumat bazaları əsasında hər fotoşəkil üçün unikal rəqəmsal nişan (hash) saxlayır. İstifadəçi bir xəbər saytında foto izləyərkən SurfSafe fotonu skan edib öz verilənlər bazasında olan məlumatlarla müqayisə edir. SurfSafe düşünür ki, növbəti bir neçə il ərzində onun verilənlər bazasında 100 milyarda qədər rəqəmsal nişan yığılacaq.

Mütəxəssislər nə deyir? Dokdokdok Sənədli Fotoqrafiya Məktəbinin rəhbəri Mixail Domojilov:

Sənədli görünmək istəyən fotonu saxtalaşdırmaq üçün həmin fotodan hər hansı bir detalı çıxarmaq nisbətən asandır. Amma fotoya yeni bir şey əlavə etmək çətindir. Hər il bu sahədə səs-küylü hallar baş verir. Bəzən reportyor və ya jurnalist kimi çalışan fotoqrafların saxtakarlığı aşkarlanır – onlar daha çox arxa planda əhəmiyyəsiz detalları silirlər. Yəni saxta fotoşəkillərin müəyyənləşdirilməsi məsələsi hər zaman aktualdır.

Nəticə. SurfSafe əlavəsi sizi saxta xəbərlərdən yüz faizinə qorumayacaq, amma sizin saxta xəbərlərə qarşı qalxanınız və saxta mesajlarla mübarizədə bir vasitəniz olacaq. Onun köməyi ilə siz nəinki fotoxəbərin həqiqiliyini müəyyən edə bilərsiniz, həm də orijinallığından şübhə etsəniz, həmin fotonu yoxlanılması üçün verilənlər bazasına göndərə bilərsiniz.

SurfSafe brauzer əlavəsini yükləyin.

Sərlövhədəki foto: rawpixel / Unsplash

Paylaş