Yeni Jurnalist

Biznes jurnalistikası: mövzunu necə seçməli?

Rövşən Əliyev

Media eksperti Rövşən Əliyev redaktor sirləri ilə bölüşür.

Azərbaycan jurnalistikasının bir problemi də onun iqtisadi qolunun olmamasıdır. Doğrudur, iqtisadi prosesləri işıqlandıran sanballı jurnalistərimiz var, biznes yönlü xəbər saytları var, ancaq bu, ayrı-ayrı təşəbbüslər səviyyəsindədir, mediada institutlaşma səviyyəsində deyil.

Peşəkar yanaşmanın olmamasının çox əlamətləri görünür. Məsəl üçün, xəbərlərin xarici və daxili deyə iki yerə bölünməsi.

Azərbaycanda bəzi biznes yönlü xəbər saytlarının bölmələrinə nümunələr

İqtisadi jurnalistikada bu özünü heç doğrultmur. Niyəsini aktual örnəklərlə izah eləməyə çalışacam.

Lokal iqtisadiyyatı işıqlandıran jurnalistlər üçün niyə qlobal iqtisadiyyat işin ayrılmaz hissəsidir?

İqtisadiyyat ayrıca götürülmüş bir ölkə ilə sərhədlənə bilməz. Milli valyutaların məzənnəsi əsasən idxal və ixracın həcmindəki fərqdən (ticarət balansından) asılıdır. Kəndlinin, fermerin güzəranı dünya bazarındakı qiymətlərdən asılıdır. Konkret Azərbaycanın ayaqda qalması neft və neft məhsullarından asılıdır. Neft məhsullarının qiyməti dünya bazarlarından asılıdır.  Bu da dünyaya hərtərəfli bağlılıq deməkdir. Dünyada iqtisadi yüksəliş gözənəndə enerji daşıyıcılarına tələbat artır, neftin qiyməti  də qalxır. Nefin qiyməti siyasi səbəblərdən də qalxa bilər, konfliktlərə və qəzalara görə də. Qiymətdə hasilatın həcminin də rolu olur, ancaq neftdə bu amil aparıcı deyil, çünki OPEC bir kartel olaraq həcmi tənzimləyə bilir. 

Son illər isə iki amilin rolu getdikcə artır. Şimali Amerikada şist nefti texnologiyasının gəlişməsi  və nəqliyyatda, istehsalatda karbohidratlardan imtinaya yol verən yeni texnologiyalar. Məsələn, Tesla ilə başlayan elektromobil bumu. Deməli, Azərbaycanda gələcək iqtisadiyyat, biznes, qiymətlər, infrastruktur həm də dünyadakı yeni texnologiyalardan asılı olacaq.

Texnologiyanın inkişafının Azərbaycan mediasında işıqlandırılmasına nə səviyyədə rast gəlirik? Yeni smartfonların göstəriciləri haqda xəbərlər, adda-budda rus, türk mətbuatndan maraqlı tərcümələr səviyyəsində.

Sistemli iş başqadır. Media orqanının konkret hədəf auditoriyası və ya seqmenti olur. Onunla iş iş üçün təhlilçilərdən, biznes jurnalistlərindən, xəbər redaktorundan ibarət komanda olur. Belə komandaları yetişdirən təhsil sistemi olur. Ona uyğun əmək bazarı olur.

Bir örnək. Tutalım, bizim auditoriya sərmayəçilərdir. Onlara sabahı  görmək üçün məlumatlar, təhlillər, qrafiklər, hesabatlar lazımdır. Onlar bilmək istəyirlər ki, kapitalı hara yatırsınlar, hansı aksiyanı alsınlar, ehtiyatlarını hansı diversifikasiga fonduna etibar eləsinlər (hələ bizdə belə bir fond yoxdur).

Qərarçıxarma üçün ən vacib element datalar və xəbərlərdir.  Bunu da əsasən xəbər mediası təmin eləyir. Data və məlumatlardan müstəqil nəticə çıxara blməyənlər üçün isə media təhlilçi xidməti təklif eləyir.

Gələk örnəyə.

Enerji sektoru hədəf auditoriyası üçün maraqlıdır. Konkret bu gün ona hansı xəbəri verə bilərik? Bu sahəyə aid hansı məsələni geniş işıqlandırmağa ehtiyac var?

İşin məğzini anlamasaq, məlumat bolluğu da, Google da köməyimizə gəlməyəcək. Enerji sektorunda çox proses gedə bilər. Çox tədbirlər ola bilər. Bu proseslərin hamısını müxbir göndərib izlətməyə, hamısı haqda məlumatları toplamağa və ya tərcümə eləməyə işçi qüvvəmiz çatmır. Və bu heç lazım da deyil. Bizə bu sektorun gələcəyinə təsir eləyən posesləri ayırd eləmək lazımdır. Bu sektorun gələcəyinə alternativ enerji mənbələri təsir eləyir. Demək seçim daralır. Ancaq peyindən tutmuş günəş batareyalarına qədər nə qədər alternativ enerji mənbələri var, onlar haqda dünyadan minlərlə xəbər alırıq. Günəş panellərini Qobustandan o yana düzüblər, toz basıb. O panellərin yanında keşik çəkib gündə xəbər yazmaq nəyi aydnlaşdıracaq?  Demək seçimi bir az da daraltmalıyıq. Alternativ mənbələrdən, texnoloji yeniliklərdən hansı biri oyun qaydalarını dəyişə bilər? Belə bir yeni texnologiya varmı? Artıq biz düz yola çıxmışıq. Nə axtardığımızı bilirik.

Bundan sonra qarşımıza çıxan hər məlumatı, xəbəri yox, bizə lazım olanı ovlayırıq. Sanki ova çıxmışıq, hər quşa, dovşana atacaq gülləmiz yoxdur. Bircə gülləmiz var. Yeni alternativ enerji texnologiyaları haqda da xəbərlər çoxdur. Biz bu texnologiyaların gözlənilən təsir miqyasını gözdən keçiririk. Bir çoxu lokaldır, bir çoxu ideya və ya startap səviyyəsindədir. Burda seçim imkanını lap daratlmalıyıq. Testdən çıxan ideyaları, patentləri, IPO mərhələsinə çatan yeni texnologiya şirkətlərini aramağa başlayırıq.

Qarşımıza bir neçə yeni texnologiya çıxır. İspaniyada pərsiz külək generatoru (Vortex Bladeless Ltd.), kosmosa günəş panelləri düzüb mikrodalğalarla yerə ötürmək ideyası (Nortrop və AFRL) və günəş enerjisinini süni intellektin köməyi ilə güzgülərlə toplayıb sement, polad sənayesində istifadə eləməyən qurğu (Heliogen).

Dediyim kimi, ova çıxmışıq, atmağa bircə güləmiz var. Seçimləri daralda-daralda gəlib 3-nu üstündə dayanmışıq. İndi biz bu üç texnologiyadan hansını  nişan alaq?

İspaniyadakı pərsiz generator pərli generatorun işini görür. Küləyin enerjisini pər fırlatmaqla yox, rezonansla elektrikə çevirir. Burda formaca dəyişiklikdən söhbət gedir. İqtisadi baxımdan bəlkə səmərəli ola bilər, amma inqilabi yenilik deyil.

Kosmosda panellər düzmək fantastik və inqilabi ideyadır. Ancaq onun xərclərinin çox olduğunu, hər ölkə üçün əlçatan texnologiya olmadığını bilirik. Üstəlik sadəcə ideya səviyyəsindədir.

Üçüncü məlumata baxaq. Heliogen şirkəti artıq praktik testləri başa çatdırıb. IPO-ya (aksiyaların ilkin pablik təklifi) çıxmaq üzrədir.  Üstəlik enerji bazarına təsiri genişmiqyaslı və köklü ola bilər. Sement zavodları çoxlu yanacaq işlədir, bu, havanı korlayır, poladəritmə sənayesi 1500°C istilik almaq üçün çoxlu yanacaq tələb eləyir, havaya çoxlu karbon qazı buraxır. Ancaq Heliogen şirkəti həmin istiliyi almaq üçün adi güzgülərdən və onları düzgün fokuslayan cüzi elektrik tələb eləyən süni intellektlə təchiz olunmuş qurğudan istifadə eləyir.

Deməli axtardığımızı tapmışıq. Bu texnologiyada maye və bərk yanacağı sıxışdırmaq, ekoloji problemləri həll eləmək, biznesi, iqtisadi infrastrukturu dəyişmək  potensialı var. İndi qalır məlumatımızı zənginləşdirmək və bunun üzərində işləmək. Google bu yerdə köməy gəlir. Aydın olur ki, həmin texnologiya haqda GatesNotes də yazıb. Microsoft-un yaradıcısı milyarder Bill Qeyts vəd eləyib ki, texnologiya 1500 dərəcə istlik ala bilsə ona yarıdm edəcək. Los Angeles Times qəzetinin sahibi milyarder Suun-Şionq bu layihəni dəstəkləyənlərdəndir. Parsons Corp bu şirkətin strateji tərəfdaşıdır.

Artıq redaksiya dünyanı silkələyəcək texnologiyanı axtarıb tapıb. Mövzu haqda qərarı çıxardıq. İndi qalır bu biliklri auditoriyaya necə çatdırmaq, bu barədə diskussiyalara təkan vermək. Lazım gələrsə bu texnologiyanın başında duran, yaxud ona aid adamlardan müsahibə planlamaq, yəni əlçatan bir xəbərdən yola çıxıb unikal kontent hazırlamaq olar. Belə bir plan da qurmaq olar. Azərbaycanın alternativ enerji agentliyinin rəsmilərinin iştirakı ilə diskussiya təşkil eləmək.Yəni işçi qüvvəmizi ora yönəltmək.

Bircə gülləmiz var idi, deyəsən boşa çıxmadı.

unsplash-logoSərlövhədəki foto: Plush Design Studio

Paylaş