Robotlar insana daha çox bənzəməyə başlayır və insanlar maşınların sayəsində yeni imkanlar əldə edirlər. Sosial Texnologiyalar İstixanasının əməkdaşı Yuliya Kalenkova geridə qoyduğumuz 2019-cu ilin əsas trendlərinə nəzər salır və əmin olur ki, rəqəmli dünya gerçək dünya ilə qovuşmaqdadır.
Yeni Jurnalist həmin materialın tərcüməsini qısa ixtisarla sizə təqdim edir.
Süni zəka (AI) insan siması alır
Müasir generativ neyroşəbəkələr inandırıcı səs təqlidləri yaratmağa və kiçik fraqmentdən çıxış edərək bütün şəkli bərpa etməyə imkan verir. Çində sifət tanıma texnologiyasının köməyi ilə qatarlarda gediş haqqını ödəmək artıq mümkündür, ABŞ-da isə İlon Mask məlumatları beyindən kompyuterə sürətli ötürəcək yeni texnologiya üzərində işləyir.
Süni zəkanın həyatımızın bir parçasına çevrilməsi xəbəri artıq heç kəs üçün yenilik deyil. Bununla yanaşı, süni zəkanın özü ilə gətirdiyi bir sıra problemlər hələ də öz həllini gözləyir.
Botlar insanlarla söhbət eləməyi öyrənib, amma heç bir alqoritm insan empatiyasını təqlid etmək imkanına hələ sahib deyil. Süni zəka sahəsində ən ciddi oyunçular da sıfırdan insan modeli hazırlaya bilmirlər.
Süni zəka tədqiqatçısı Viktor Nozdraçyov qeyd edir ki, insan davranışını modelləşdirmək üçün üç tip informasiyaya zərurət yaranır:
- insan davranışını tənzimləyən ixtisaslaşmış beyin strukturlarına dair məlumatlar;
- bu strukturların emosional idarəetməsinə dair nəlumatlar;
- insanların davranışına təsir göstərən mədəni və tarixi faktorlara dair məlumatlar.
“Bu tipli məlumatların heç biri böyük informasiya şirkətlərinin süni intellekt hazırlamaq üçün istifadə etdiyi ən nəhəng məlumat bazalarında mövcud deyil və hətta mövcud ola bilməz.” – ekspert hesab edir, – “Müasir maşın öyrənmə üsulları yalnız “bütün insanlar eynidir” fərziyyəsinin doğru ola biləcəyi yerlərdə, məsələn, supermarketdə müştərilərin davranışı barəsində müəyyən dərəcə dəqiqlikdə yaxşı nəticələr verir.”
Süni zəkanın “sosiallaşmasının” digər problemləri də var. İndi süni zəkanın müəyyən kateqoriya insanlara qarşı qərəzli olması faktları ortaya çıxır. Məsələn, Microsoft, IBM və Face++ tərəfindən hazırlanan sifət tanıma alqoritmləri insanların cinsiyyətini təyin edərkən qərəzli davranır – onlar ağdərili kişilərin cinsiyyətini qaradərili kişilərin cinsindən daha dəqiq müəyyənləşdirə bilirlər.
Çoxmodallı qavrayış gerçəkliyi də dəyişdirir
Gartner şirkətinin təhlillərinə əsasən artıq 2028-ci il üçün istifadəçilər rəqəmsal dünyanı tamamilə fərqli şəkildə qavrayacaq və fərqli şəkildə qarşılıqlı əlaqə qurmağa başlayacaqlar. İnteraktiv platformalar, virtual, genişlənmiş və qarışıq reallıq insanların rəqəmsal dünyanı necə qavradığını artıq indidən dəyişdirməkdədir. Bu yeniliklər istifadəçilərin rəqəmsal dünya ilə qarşılıqlı təsirinin çoxsensorlu və çoxmodallı təcrübəsinin gələcəkdə necə olacağını təsəvvür etməyə imkan verir.
İnformasiya texnologiyaları bazarında fəaliyyət göstərən bu böyük tədqiqat və konsaltinq şirkəti çoxmodallı qavrayışı IT sahəsindəki əsas strateji istiqamətlər siyahısına daxil edib. Bu gün Virtual, Artırılmış və Qarışıq Reallıq (VR, AR və MR) arasında sərhədlər bulanır və Genişlənmiş Reallıq (XR) ortaya çıxır.
Hesablamalara görə 2019-cu ildə XR üçün sənaye sektorunun xərcləri fərdi istehlakçı xərclərini ötəcək, 2023-cü ildə isə üç dəfə artıq olacaq. Bu gün XR istifadə edən əsas oyunçular əyləncə, tibb, reklam, ticarət, təhsil və istehsal sektorlarındadır. Məsələn, bu gün çin dili öyrənən tələbələr Rensselaer Polytechnic universiteti və IBM-in birgə hazırladığı VR proqramı vasitəsilə bir an içərisində Pekinin insanlar qaynayan küçələrinə düşə bilərlər; Walmart öz supermarketlərində əməkdaşlarına təlim keçən zaman VR texnologiyalardan istifadə edir; NVIDIA 5G şəbəkəsi vasitəsilə və bulud texnologiyası əsasında AR və VR məzmunun striminqi üçün platforma yaradıb; Facebook və Amazon isə “çoxqatlı reallıq” və ya “ağıllı eynəklər” layihələrini ictimaiyyətə açıqlayıb.
“Ağıllı” şəhərlər öz sakinləri haqda məlumatlar toplayır
Ağıllı məkan dedikdə insanların və informasiya sistemlərinin qarşılıqlı münasibətlərdə olduğu fiziki və ya rəqəmsal mühit nəzərdə tutulur. Ağıllı məkanlar beş əsas istiqamət üzrə inkişaf edir: aşkarlıq, rabitəlilik, əlaqələndirmə, zəka və miqyas. Ağıllı məkanlara ən bariz nümunə ağıllı və ya smart şəhərlər ola bilər.
Rəqəmli texnologiyalardan istifadə edən ağıllı şəhərlər urbanistikanın gələcəyidir. McKinsey şirkətinin proqnozlarına görə ağıllı şəhərlər bazarı bütün dünyada 600 şəhər üzrə 400 milyard dollara qədər arta bilər. Tədqiqatçıların fikrincə, 2025-ci il üçün ağıllı şəhərlər dünya ÜDM-in 60%-ini yaradacaq. Bir sözlə, rəqəmli texnologiyalar gəlir əldə etməyin birbaşa yollarındandır.
Google şirkətlər qrupuna (Alphabet) daxil olan Sidewalk Labs firması hal-hazırda Torontoda ağıllı şəhər modeli yaradır. Bu şəhərdə 30 mərtəbəli modul tipli binalar və 5G İnternet şəbəkəsi olacaq, məişət tullantılarının 80%-i təkrar istehsal olunacaq (ya da tez çürüyüb təbiətə qayıdacaq), yükdaşıma isə robotlar vasitəsilə həyata keçiriləcək.
Ağıllı şəhər konsepsiyasında ən mübahisəli məqam – şəhərin fəaliyyətinin və sakinlərin davranışının bütün tərəflərini ölçmək üçün sensorların mövcudluğudur. Ağıllı şəhər indiyə qədər görülməmiş miqyasda məlumat toplanmasını nəzərdə tutur. Alphabet şirkəti ictimai yerlərdə toplanmış məlumatlara müstəqil ictimai qurumlar tərəfindən nəzarət olunmasını təklif edir, amma hansı tip məlumatların toplanması barədə açıqlama hələ ki yoxdur.
Hiperavtomatlaşdırma rəqəmsal əkizlər yaradır
Hiperavtomatlaşdırma dedikdə, maşın öyrənməsinin, hazır proqram təminatlarının və avtomatlaşdırma vasitələrinin kompleks tətbiqi nəzərdə tutulur. Hiperavtomatlaşdırma yalnız geniş çeşidli alətləri deyil, həm də avtomatlaşdırmanın bütün mərhələlərinin mürəkkəbləşməsini ehtiva edir.
Gartner şirkətinin təhlillərinə əsasən heç bir alət təkbaşına insanları əvəz edə bilmədiyi üçün bu gün hiperavtomatlaşdırma vasitəsilə müxtəlif texnologiyalar kombinə edilir. Buraya proseslərin avtomatlaşdırılması (RPA), biznesin ağıllı idarəetmə proqramı (iBPMS) və daha fəal qərar qəbul etmək üçün süni zəkanın tətbiqi daxildir.
Hiperavtomatlaşdırma özü-özlüyündə hədəf olmasa da, nəticədə təşkilatın rəqəmsal əkizinin yaranmasına gətirib çıxarır (Digital Twin of Organization, DTO). Rəqəmsal əkiz vasitəsilə proseslər və başlıca fəaliyyət göstəriciləri vizuallaşdırılır ki, bu da öz növbəsində analitik bulud xidmətlərinin və əşyaların internetinin daha səmərəli tətbiqinə imkan verir.
Bir sözlə, avtomatlaşdırıla bilinən hər şey avtomatlaşdırılacaq. Şirkətlərin əsas fəaliyyətlərindən biri də bunun üçün ən optimal proqram həlləri və texnologiyalarının tapılması olacaq.
Texnologiyalar sayəsində insanın təkmilləşməsi sürətlənir
2018-ci ilin trendləri arasında Gartner təhlilçiləri biohakinq fenomenini fərqləndirirdi. Bu il isə təhlillərin fokusunda transhumanizm anlayışı dayanır.
Əgər biohakinq dedikdə bioçiplər, biotexnologiyalar, neyro-kompyuter interfeysi, artırılmış reallıq və düşünən parça kimi insan bədəninə əlavələr nəzərdə tutulurdusa, transhumanizm insanın koqnitiv və fiziki xüsusiyyətlərinin təkmilləşdirilməsi üçün yeni texnologiyaların istifadə yollarını düşünür.
Fiziki təkmilləşmə – texnologiyanın implantasiyası və ya daşınan cihazların istifadəsi ilə, koqnitiv təkmilləşmə isə məlumat bazalarına və ağıllı məkanlarda çoxmodallı interfeyslərə daimi çıxış vasitəsilə baş verə bilər.
Qarşıdakı illərdə həyatı, biznesi və qlobal iqtisadiyyatını dəyişdirə biləcək texnologiyalar siyahısına McKinsey həmçinin qabaqcıl genomikanı daxil edir. Süni zəkaya sahib olan robot-alətlər əvvəllər avtomatlaşdırma üçün çox rentabelli hesab edilməyən işləri də yerinə yetirə biləcəklər. Məsələn, insan bədəninin itirilmiş funksiyalarını robot protezlər və “ekzoskeletlər” bərpa edəcəklər. Yeni nəsil genomika DNT vizualizasiyasını sürətli hesablama və analitik imkanlarla birləşdirəcək.