Bakı dünyanın 42 böyük şəhəri arasında birinci yerdədir
Həftəsonu küçəyə çıxmaq qadağası nə dərəcə effektivdir? Bu suala cavab axtarmaq lazımdır. Elə bu gün, elə indi. Səbəb sadədir, iyun ayının 15-i və 26-sı iş günü olmadığına görə böyük ehtimalla gələn həftələr də ölkənin 5 şəhəri – Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Xırdalanı və Abşeron rayonunu bu dəfə 3 günlük bağlayacaqlar. Yəni təxminən 2 gün yarım deyil, bu dəfə 3 gün yarım evdə qalmalı olacaq əhali. Başqa sözlə, iyun ayının qalan hissəsi həftənin 50%-ni yalnız evdə keçirməli olacağıq.
Data jurnalistikası burda köməyimizə gəlir. Gəlin hesablayıb baxaq, görək bu, həyatımıza necə təsir edir, biz nə dərəcədə “qanunsevərik”?
Gələn həftə də evdə qalacaq sakinlərin sayı rəsmi statistikaya görə bu qədərdir:
- Bakı – 2 milyon 293 min nəfər
- Abşeron rayonu (Xırdalan şəhəri daxil) – 213 min nəfər
- Gəncə şəhəri – 334 min nəfər
- Sumqayıt şəhəri – 343,1 min nəfər
- Lənkəran – 229 min nəfər
- Cəmi: 3 milyon 412 nəfər.
Bu şəhərlərlərdə və Abşeronda qeydiyyatda olmayan, ancaq işləyən və yaşayanların sayının təxminən 500-600 min olduğunu nəzərə alsaq, deməli, 4 milyon insan və ya ölkənin 40%-i həftənin yarısını işləməyəcək, evdən çıxmayacaq, alqı-satqı etməyəcək və s.
Bu vəziyyətin iqtisadi nəticələri mütləq olacaq. Bu ayrı… Əhalinin evdə oturmasının başqa nəticələri də var. Azərbaycanlılar evdə qalmaq qaydasına nə dərəcədə riayət edib? Əlbəttə ki, bunu ölçmək lazımdır və mümkündür.
“Apple” şirkətinin açıq məlumatlarını, avtomobil data statistikaları ilə işləyən “Otonomo” şirkətinin, “Google Qlobal” mobillik hesabatını və “Yandex” xidmətlərinin datalarını birləşdirldikdə dünya ölkələri üzrə və Azərbaycan üzrə bəzi məlumatları əldə etmək mümkündür.
Belə ki, 5 iyunla müqayisədə evdən çıxma qadağası tətbiq olunan 6 iyunda Bakıda hərəkətlilik 65% azalıb, hərəkətlilik 0%-ə yaxın olub! Bu dünya rekordudur. İyunun 6-sı dünyanın iri 42 şəhəri içində ən az hərəkət olan Azərbaycanın paytaxtı olub! Bakıdan sonra növbəti şəhərlər Mexiko (24%), Mumbay və Buenos-Ayresdir (25%) . Ən çox aktivlik isə Qazaxıstanın (71%) və Qırğızıstanın (70%) paytaxtlarında olub.
Ümumiyyətlə, dünyada həm əhalinin, həm də avtomobillərin hərəkəti əvvəlkinə nisbətən xeyli azalıb. Yəni əvvəlki hərəkətliliyi 100%-lə götürsək ən hərəkətli şəhərlərdə belə əhali yerini daha az -30% dəyişir.
İyunun 6-da rekord vuran Bakının ən aktiv olduğu sonuncu gün 18 fevral olub. Onu baza kimi götürürük – 100%. Martın 16-dan 80% hərəkətliliklə başlayan paytaxtda hərəkət hər gün azalıb və aprelin 5-də 0%-ə çatıb. Sonrakı günlər hərəkətlilik aşağı səviyyələrdə qalıb, ancaq 1 iyundan —qadağalar götürüləndən Bakı birdən birə canlanıb və 85%-ə çatıb.
Hər bir halda Bakı və Azərbaycanın qadağa qoyulan digər şəhərlərində fevralın əvvəlindən hərəkətliliyin azalması müşahidə olunur. Yəni bütün qadağalar götürüləndə belə Bakı artıq həmin Bakı deyildi.
Hərəkətin artması virusun yayılmasının yeganə səbəbidirmi? Bu suala cavabı Tiflislə müqayisədə axtarmaq olar. Bakı və Tiflisdə demək olar ki, eyni tempdə hərəkətlilik müşahidə olunur. Amma Gürcüstan ötən günlər cəmi 1 yoluxma haqda məlumat verirsə, Azərbaycanda bu rəqəm yüzlərlədir. Deməli, başqa amillər də diqqətlə öyrənilməli və tətbiq olunmalıdır.
Başqa bir məsələ, əgər həftəsonu və bayramlardakı küçəyə çıxma qadağası uzun müddət davam etdirilərsə, həftəiçi də hərəkətlilik 100%-ə qayıda bilmir və maksimum 40-60% ətrafında qalır. Bunu İstanbulun təcrübəsində görmək olar. Buna yalnız tibbi deyil, sosioloji, psixoloji və iqtisadi cəhətdən də hazır olmaq, analiz aparmaq mütəxəssislərin işidir.
Foto: ATV.az