Yeni Jurnalist

Kriptovalyutalar haqda xəbər hazırlayarkən nələrə diqqət etməli

Səyyarə Məmmədova

Kripto valyutalar xüsusən də Covid-19 pandemiyasının ardından tez-tez mediada gündəmə gələn varlıqlardan biri oldu. Kripto varlıqların ənənəvi texnologiyalardan fərqli bir texnologiyaya, yəni blokzəncir (blockchain) texnologiyasına əsaslanması və rəqəmsal mühitdə var olması, yəni fiziki olaraq əldə tutula bilən bir vahid olmaması cəmiyyət üçün yeni bir qavramın ortaya çıxması deməkdir. Lakin bu mövzu sadəcə oxucular üçün deyil, jurnalistlər üçün də araşdırılmalı olan yeni bir sahədir. Bu yazıda kripto valyutalar ilə bağlı xəbər hazırlamazdan əvvəl diqqət etməniz tövsiyə olunan bəzi başlıqlara yer verilib.

Mövzu haqqında məlumatlı olmaq

Kripto valyutalara dair hazırlamalı olduğunuz xəbərin mövzusu fərqli sahələr ilə kəsişə bilər. Bu işlədiyiniz qurumun hansı kateqoriyalarda xəbər dərc etməsinə, sizin peşəkarlıq sahələrinizə və gündəmə görə dəyişkən ola bilər. Lakin ümumiləşdirsək qarşınıza çıxma ehtimalı olan xəbərlər arasında hansısa bir kripto valyutanın qiymətindəki ani yüksəliş, hansısa kripto valyutanın ənənəvi bir varlıq ilə (məsələn: qızıl) müqayisəsinin verilməsi, hansısa tanınmış şəxsin bir kripto valyuta haqqında iddiası və ya müştərilərinə vədlər verərək aldatmış bir şirkətin qurucusunun anidən şirkət səhifələrini bağlaması və yoxa çıxması və s. ola bilər.  Hər bir halda bu növ xəbərləri hazırlayarkən həm kripto valyutaların keçmişinə dair məlumatlı olmaq, həm də haqqında xəbər yazacağınız mövzunun digər bucaqlarının araşdırılması lazım olacaq. Əgər bu sahədə xəbər hazırlamaq istəyirsinizsə ilk addım olaraq kripto valyutalar və blokzəncir texnologiyasının necə ortaya çıxdığı, arxasında kimlərin və ya hansı texnologiyaların olduğu, necə işlədiyi kimi məlumatları oxuyub araşdıra bilərsiniz. Təbii ki, bu mərhələdə ingilis dili biliyinizin olması şərtdir, çünki bu mövzuda tapa biləcəyiniz bütün kitablar, məqalələr və ya videoların əksəriyyəti ingilis dilindədir.

Sitatları verərkən diqqətli olmaq

Məşhur şəxslərin, cəmiyyətdə etibarlılığı olan iş adamlarının və ya başqa tanınan şəxslərin kripto valyutalar, mərkəzsiz finans, blokzəncir texnologiyası haqqında fikirlərinin mediada tez-tez gündəmə gəldiyinə şahid oluruq. Bu cür xəbərləri hazırlayarkən diqqətli olmaq lazımdır. Xəbər tamamilə sitatdan ibarət olmamalıdır, bundan sonrakı başlıqda da bəhs edilən yoxlama prosesi çox əhəmiyyətlidir. Əgər bir texnologiya və ya kripto valyuta haqqında sitatı verirsinizsə əks arqumentlərə də yer verməlisiniz. Həmin sitatda deyilənlərin həqiqəti əks etdirib etdirmədiyini araşdırın. Məsələn, deyək ki sitatda “müəyyən bir kripto valyutanın ixrac olunması üçün həyata keçirilən mədənçilik prosesinin 90 faizinin yenilənə bilən enerji ilə aparıldığı“ qeyd olunub. Bu sitatı xəbərləşdirməzdən əvvəl iddianın doğru olub olmadığını araşdırın. Bu barədə aparılmış araşdırmalar, hesabatlar və rəsmi açıqlamalara nəzər yetirin. Xəbərdə bu faktları qeyd edərək oxucuya doğru xəbər çatdırmış olarsınız. Sitatlar hər nə qədər başqa şəxslər tərəfindən deyilmiş olsa da oxucuya doğru məlumat çatdırmaq jurnalistin vəzifəsidir. Xüsusilə kripto valyuta sahəsi kimi manipulyasiyaya açıq, fırıldaqçılıqlığa tez-tez rastlanan bir sahədə xəbər hazırlayarkən ilk başlıqda da vurğulandığı kimi mövzu haqqında araşdırma aparmaq vacibdir.

Yoxlama aparmaq

Xəbər hazırlayarkən faktların ən az iki mənbədən (bəzən onlarla mənbədən) yoxlanılması jurnalistikadakı ən təməl fəaliyyətlərindən biri olduğu kimi kripto valyuta xəbərlərində də vacib bir mərhələdir. Blokzəncir texnologiyası və kripto valyutalar haqqında əldə etdiyiniz bir məlumatı xəbərləşdirmədən əvvəl verilən faktları araşdırın. Məsələn, ən sadə bir nümunə götürək, deyək ki, xəbərdə Bitcoin qiymətinin son bir saat ərzində 50 faiz yüksəldiyi deyilir. Bunu yoxlamaq üçün baxa biləcəyiniz veb saytlar mövcuddur. Bu veb saytlardan hər hansı birində Bitcoin-in qiymətinə dair tarixi məlumatları görüntüləyə bilərsiniz.

Kripto valyutalar ilə bağlı xəbər hazırlayarkən hansı faktları hansı yollarla yoxlamalı olduğunuzu bilmək, başqa bir sözlə, hansı məlumatın şübhəli olduğunu anlamaq üçün o sahədə təməl məlumatlara sahib olmaq lazımdır. Əgər kripto varlıqların necə işlədiyi haqqında bir az məlumat sahibisinizsə o zaman bu varlıqlar haqqında xəbər hazırlayarkən onların hansı növlərə ayrıldığını, bir birindən nə ilə fərqləndiyini biləcəksiniz. Məsələn, bu barədə məlumatlısınızsa Bitcoin kimi kripto valyutaların qiymətinin çox dəyişgən və riskli olduğundan xəbərdar olacaqsınız. Bu halda oxuculara da xəbər təqdim edərkən bu risklərdən bəhs edəcəksiniz. Başqa bir nümunədə, əgər blokzəncir texnologiyasının necə işlədiyindən xəbərdar olsanız bir çox kripto əməliyyatlarının, yəni iki nəfər arasında həyata keçirilən alış-satışın blokzəncir üzərində şəffaf formada izlənə bildiyindən xəbərdar olacaqsınız.

Digər yandan yeni bir layihə ilə bağlı xəbər hazırlayarkən də diqqətli olmalısınız. Heç bir jurnalist fırıldaqçı bir layihənin yazdığı xəbər vasitəsilə daha geniş auditoriyaya yayılmasını istəməz. Əgər kripto valyutadan istifadə edən bir layihə haqqında xəbər hazırlayırsınızsa, həmin layihənin etibarlılığını yoxlayın və vədlər yerinə faktlar haqqında oxucuları məlumatlandırın. Bir çox layihə yol xəritəsini, missiyasını, həll etməyə çalışdığı problemi və həll yolunu öz veb saytında paylaşır, komandada kimlərin olduğunu ictimai olaraq elan edir. Bu sahədə məlumatlı olmaq yoxlama prosesində hansı veb saytlardan necə istifadə edəcəyinizə dair fikir sahibi olmağınıza gətirib çıxaracaq. Bəzən yoxlama prosesi ilk nümunədəki kimi çox sadə, bəzən isə çox mürəkkəb ola bilər. Bu üzərində işlədiyiniz xəbərə görə dəyişə bilər.

Bu sahədəki əksikləri araşdırmaq

Kripto valyutalar və blokzəncir texnologiyası hər nə qədər yeni bir texnologiya olsa da hər texnologiya kimi mənfi və müsbət tərəfləri mövcuddur. Bu barədə xəbər hazırlayarkən mənfi tərəflər haqqında da oxucuları maarifləndirmək lazımdır. Bir çox insan kripto valyutaları investisiya vasitəsi kimi görə bilər, lakin siz oxucuları risklər haqqında məlumatlandırmalısınız. Texnologiyanın yeni və qeyri-ənənəvi olması və bu sahədə savadlılığın az olması həmin varlıqların fırıldaqçılığa qarşı həssas olmasına da gətirib çıxarır. Bu zəiflikdən xəbərdar olan və sui-istifadə etməyə çalışan fırıldaqçılar yanlış məlumatlarla insanları manipulyasiya edə bilər. Xəbərdə sadəcə müsbət şeylərə fokuslanmaq və bu risklərdən bəhs etməmək oxucuların bu barədə məlumatsız qalmasına və fırıldaqçılar üçün asan hədəfə çevrilməsinə yol açır. Digər yandan mədənçilik əsaslı kripto valyutaların ixrac edilməsi üçün sərf olunan enerji bir çox ölkənin istifadə etdiyi enerjidən yüksəkdir. Bu varlıqların ətraf mühitə və iqlimə olan zərərlərini də göz ardı etməyin. Nəticə etibarilə, əgər bu sahədə yazılar hazırlayırsınızsa oxucularınızı sadəcə “müsbət” yox, təhdid olaraq hesab olunan mənfi tərəflərdən də xəbərdar edə bilərsiniz.

Bütün bu tövsiyələr əsasında, kripto valyutalar haqqında xəbər hazırlayarkən aşağıdakı sualları özünüzdən soruşa bilərsiniz.

  • Xəbərin mövzusu haqqında kifayət qədər məlumata sahibəm?
  • Xəbərdə verilən faktlar yoxlanıla bilir?
  • Əgər sitatdırsa əks arqumentlər araşdırılıb?
  • Ən azı iki etibarlı mənbə vasitəsilə faktlar yoxlanılıb?
  • Xəbərin mövzusuna dair risklərdən bəhs edilib?

Bu sual siyahısı xəbərin mövzusuna görə uzadıla və ya daha spesifikləşdirilə bilər. Lakin buradakı təməl şey yazdığımız şey haqqında kifayət qədər məlumata sahib olmaq, həqiqəti əks etdirib etmədiyindən əmin olmaq üçün fakt yoxlama prosesini həyata keçirmək, xəbərin reklama çevrilməsinə imkan verməmək, oxucuları əks arqumentlər və risklər haqqında məlumatlandırmaqdı.

Mənbələr

Paylaş