Yeni Jurnalistlər üçün “stolüstü” təlim paketi
II təqdimat
Media mühiti dəyişib, amma insanlar hələ də sizdən hekayələr gözləyirlər. Sadəcə yeni istehlakçılar məzmunu yeni texnologiyalardan istifadə edərək oxuyur, izləyirlər. Bu da özlüyündə kontekstin dəyişməsinə gətirib çıxarıb.
Yeni istehlakçı…
- hədsiz yüklənir;
- eyni zamanda bir neçə işlə məşğul olur;
- bəzən ekranı ikiyə bölüb nəyəsə baxa-baxa sizin məzmuna göz gəzdirir;
- gündəlik məişət məsələləri ilə uğraşır;
- gələn bildirişə qeyri-ixtiyari olaraq anındaca toxunaraq oxuduğu, izlədiyi məzmunu yarımçıq qoyur;
- məzmun bolluğundan bezir
Yeni istehlakçı nə istəyir?
- təkcə məzmunla kifayətlənmək istəmir;
- video, şəkil, hiperlink kimi müxtəlif elementlərlə zənginləşdirilmiş məzmun oxumaq istəyir;
- özünü prosesin mərkəzində hiss etmək istəyir;
- gün ərzində ona təqdim olunan hər şeyi oxumaq əvəzinə filtr tətbiq etmək istəyir
Başqa şeylər də dəyişib
- məzmun günün istənilən vaxtı yayımlana bilir;
- oxunma vaxtı dəyişib;
- indi böyük əksəriyyət daha çox axşamlar, həftəsonları, bayram günləri oxuyur, izləyir
F-modeli
İndi insanlar skan edərək oxuyurlar. Gözləri məktəbdə öyrənilənin əksinə veb-saytınızın sözləri arasında inanılmaz sürətlə hərəkət edir.
Nelsen Norman Qrupun 232 istifadəçinin iştirakı ilə keçirdiyi tədqiqat əsasında hazırladığı istilik xəritələri istifadəçilərin üç fərqli veb-səhifəni necə oxuduğunu göstərir:
- korporativ veb-saytın “haqqımızda” bölməsindəki məqalədə oxucunun gözü uzaq solda;
- e-ticarət saytında mərkəzdə;
- axtarış motorunun səhifəsində isə ən sağda gəzirişir
Gözümüzü qıyıb bu şəkillərə baxdığımız zaman hər üç şəkildəki istilik xəritələri “F-modeli”ni göstərir.
Nə anladıq?
- oxucu mətninizi heç də nöqtə-vergülünə qədər oxumur, yuxarı-aşağı skrol edir;
- ən vacib məlumatlar ən öndə göstərilməlidir;
- altbaşlıqlar, paraqraflar xüsusi vurğulanmalıdır ki, aşağı-yuxarı skrol edərkən sol tərəfdə onlar görünsün;
- oxucuya istədiyini bir neçə saniyədə təqdim etmək lazımdır;
- əks təqdirdə səhifəni tərk edir
Oxucuya istədiyi informasiyanı vermək üçün çox az vaxtınız var
Ona görə də…
- mətni olduqca qısaltmalı;
- mürəkkəb statistikaları nömrələnmiş, yaxud işarələnmiş siyahılar şəklində təqdim etməli;
- obyektivliyə önəm verməliyik
Belədə oxucunu xilas edəcəksiniz
- uzun-uzadı mətn oxumaqdan;
- anlaşılmaz rəqəmlərdən
Cəlbolunma çətinləşib
- çox az məzmun sona qədər oxunur;
- sosial şəbəkələr o qədər çox informasiya dartıb gətirir ki, insanlar hansı məzmunu hansı mənbədə oxuduğunu xatırlamır;
- bu çoxluqda çox az oxucu hansısa mənbəyə sadiq qalır
Sadiq oxucu necə davranır?
- linki açır;
- sizin məzmunu oxuyur;
- bəyənir;
- paylaşır;
- fikir bildirir;
- səsvermələrdə, sorğularda aktiv iştirak edir;
- yaratdığınız növbəti məzmunu oxumaq üçün geri qayıdır;
- ən əsası, sizə gəlir gətirir
Rəqəmsal mətnlə ənənəvi mətnin fərqi
- qabaq qəzetlər yazır, oxucular sadəcə oxumaq və məktubla şərh bildirməklə kifayətlənirdi;
- indi oxucular özləri də məzmun yaradır, yeri gələndə redaksiyaları belə qabaqlayırlar;
- qəzetlərdə yazılan əlahəzrət həqiqət kimi qəbul olunurdu;
- indi internetdə kifayət qədər dəqiq olmayan informasiya var;
- qabaq mətn bir neçə sütunda yuxarıdan aşağı yazılırdı;
- indi həddən ziyadə qarışıq ola bilir;
- hazırda mətni sadəcə görməklə kifayətlənirik;
- toxuna bilmirik;
- qabaq yazılar qəzetlərin səhifə sayına görə kəsilib doğranırdı;
- indi internet səhifələri sonsuzdur…
Rəqəmsal mətn iki komponentdən əmələ gəlir
- mətn-məzmun
- suallara cavab verir;
- müxtəlif butonları, naviqasiyaları, axtarış motorlarını izah edir;
- ümumi məzmuna daxil olan video, şəkil kimi bir çox element haqqında məlumat verir
- mətn-interfeys
- naviqasiya kimi oxucuya “bölmə”, “altbölmə” vasitəsilə harada olduğunu göstərir;
- hiperlink kimi xarici veb-saytlara, yaxud eyni mənbədən olan müxtəlif mətnlərə keçid təmin edir
Necə oxunur?
Diqqət…
- dırnaqlı şriftlər oxumanı çətinləşdirir;
- yarı böyük, yarı kiçik şriftlərlə yazılmış başlıq oxumanı çətinləşdirir;
- kölgəli şriftlər oxumanı çətinləşdirir;
- mətn və fon arasında kontrast olmayanda göz yorulur;
- qara şriftləri ağ fon üzərində oxumaq daha yaxşıdır, nəinki əksinə
Xülasə… internet mətni
- sadə dildə, hər abzası xüsusi düşünülmüş və yazılmış söz və söz birləşmələri ilə başlayır;
- hər abzasda ancaq bir fikir olur;
- oxucunun rahatlığı üçün sistemləşdirilir;
- ilk baxışdan diqqət çəkən “bölmələr”, “alt bölmələr” ilə önə çıxır;
- yığcam olur
Diqqət cəlb etmək üçün
- dərhal mətləbə keçin;
- təsvir edin;
- bəzəməyin;
- izah etməyin;
- şərh verməyin
Sizcə bunlardan hansı daha diqqətçəkəndir?!
Qazax rayonunun Daş Salahlı kəndində insanın içini sızladan müdhiş hadisə baş verib. Yəni yanvarın 31-də baş verən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb.
…yoxsa
Yanvarın 31-i axşam saatlarında Qazax rayonunun Daş Salahlı kəndində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Konkretlik
Bir jurnalist kimi vəzifəniz insanların öz kəndində, ölkəsində və dünyada baş verənləri anlamasına kömək etməkdir. Oxucuların dil bilikləri sizinki qədər olmaya bilər. Siz ən mürəkkəb məsələləri və hadisələri araşdırmalı, sonra onları auditoriyanızın başa düşəcəyi dilə uyğunlaşdırmalısınız.
Qısa, aydın və kəskin cümlələr…
— çaşqınlıq yaratmaq riski olan söz və cümlələri aradan qaldırın;
— söz və cümlələri qısaldın və sadələşdirin;
— mətnə xidmət etmirsə, uzun cümlədən qaçın;
— bir sözlə, başa düşməyə mane olursa, atın
Uzun cümlə
— cümlə uzun, yaxud qısa olmalıdır deyə qayda yoxdur;
— sadəcə cümlədə 20-dən artıq söz olanda qavrama çətinləşir
Bunu anlamaq üçün eyni hekayənin aşağıdakı iki nümunəsinə diqqət edin. Diqqət edin: «A» əlində olan bütün informasiyanı bir cümlədə topmağa çalışır, «B» ayrı-ayrı cümləyə bölür.
Hekayə A: Yanvarın 26-sı axşam saatlarında «X» rayon «Y» kəndinin Bələdiyyə sədri Filankəs Filankəsovun evində dəm qazının partlaması nəticəsində adıçəkilən şəxsin oğlu boğulma diaqnozu ilə «N» rayon Diaqnostika mərkəzinə, qayınanası Nərmənkəsova Nərmənkəs və onun həyat yoldaşı Nərmənkəsov Nərmən ağır yanıq xəsarətləri ilə»X» rayon Mərkəzi Xəstəsına yerləşdirilsə də, həkimlərin müdaxiləsinə baymayaraq ikincinin həyatını xilas etmək mümkün olmadığı üçün o, elə yerləşdirildiyi xəstəxanada dünyasını dəyişəndən sonra hadisə ilə bağlı rayon polis şöbəsində cinayət işi açılıb.
Hekayə B: Yanvarın 26-sı axşam saatlarında «X» rayon «Y» kəndinin Bələdiyyə sədri Filankəsov Filankəsin evində dəm qazının partlaması ölümlə nəticələnib.
Belə ki, ev sahibinin qayınatası Nərmənkəsov Nərmən və həyat yoldaşı Nərmənkəsova Nərmənkəs ağır yanıq xəsarətləri ilə “X” rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq N.Nərmənin həyatını xilas etmək mümkün olmayıb.
Ev sahibinin oğlu 19 yaşlı Bəhmənkəsov Bəhmənkəs isə dəm qazından boğulma diaqnozu ilə «N» rayon Diaqnostika mərkəzinə yerləşdirilib.
Hadisə ilə bağlı rayon polis şöbəsində cinayət açılıb.
Ola bilər, «B» «A»-ya nəzərən uzun görünsün, amma başa düşüləndir, tərkibində uzun-uzadı cümlə yoxdur.
Niyə?
Hekayə A ən azı 12 ayrı fikirdən ibarətdir:
evdəki insanlar;
bələdiyyə sədri;
qazın növü;
qəzanın səbəbi;
qəza yeri;
qəza vaxtı;
qoyulan diaqnoz;
xəstəxana adları;
qohumluq əlaqələri;
açılan cinayət işi;
kənd adı;
rayon adları
Hekayə B isə nisbətən daha yığcam görünür. Birinci cümlə 6 fikirdən ibarətdir.
1-ci cümlə:
hadisənin vaxtı;
baş verdiyi kənd;
baş verdiyi ev;
ev sahibinin adı;
səbəb;
nəticə
2-ci cümlə:
zərərkəçənlərin kimliyi;
qohumluq əlaqələri
aldıqları xəsarət;
yerləşdikləri xəstəxana;
nəticə
3-cü cümlə:
zərərçəkənin kimliyi;
yaşı;
qohumluq əlaqəsi;
aldığı xəsərət;
səbəb;
yerləşdiyi xəstəxana
4-cü cümlə:
kim,
harda,
nə iş görür
Başlığı necə yazırıq?
Başlığınızı oxuyarkən özünüzə sual verin:
- nədən danışılır?
- nə deyilir?
Bu suallardan hər hansı birini cavanlandıra bilirsinizsə, demək, başlığınız informativdir.
İnformativ başlıqlar
Adlıq cümlə halında olur, nədən danışıldığını bildirir:
Keçidli başlıqlar isə nə deyildiyini vurğulayır:
Yəni…
- söz oyunu;
- “bu ölkədə”, “bu ölkənin vətəndaşları” kimi qeyri-müəyyənlik bildirən ifadələrdən istifadə;
- “prezident istefa verdi” tərzində başlıqlar…
…informativliyə kölgə salır, çaşqınlıq yarada bilir.
Struktur
- başlıq yazarkən artıq informasiya verməyə başlayırıq;
- birinci abzasda əsas olan hər şeyi deyirik;
- bu növbəti abzasların ilk cümləsi üçün də xarakterikdir;
- oxucunu altbaşlıqlar vasitəsilə mövzuya yaxın mətnlərə yönəldirik;
- dizaynerimizlə danışaraq mətni “hmtl” kodları vasitəsilə səliqəli hala sala salmağını tələb edirik;
- qarışıq rəqəmləri, statistikaları sistemləşdirir, siyahılaşdırırıq;
- siyahıları – sırası önəmlidirsə, rəqəmlə;
- deyilsə, istiqamət bildirən işarələrlə göstəririk.