Yeni Jurnalist

Açıq mənbə nədir?

İnformasiya texnologiyaları sahəsində “açıq mənbə” (ingiliscə open source) dedikdə mərkəzsizləşdirilmiş proqram inkişafı prosesi nəzərdə tutulur.

Bu proqram inkişafı prosesi çoxsaylı müstəqil və könüllü iştirakçıların töhfələrinə açıq olan əməkdaşlıq çərçivəsində aparılır. Belə açıq əməkdaşlıq nəticəsində yaranan son məhsul, eləcə də onun mənbə kodu, texniki spesifikasiyası və sənədləşməsi hər kəsə (həm iştirakçılara, həm də kənar şəxslərə) ödənişsiz və açıq olur.

Həm məhsulun inkişafı prosesi, həm də son məhsul hər kəsə açıq olduğu üçün, bu fenomen açıq mənbə modeli adlandırılır. Açıq mənbə modelinə uyğun yaradılan hər bir proqram açıq mənbəli proqram adlanır və açıq lisenziya ilə ödənişsiz paylaşılır. Açıq lizensiya ilə paylaşılan məhsulları sərbəst şəkildə istifadə etmək və ya yeni məhsulun yaradılması üçün təkrar emal etmək mümkündür.

Açıq mənbə modeli əsasında proqramların hazırlanmasını dəstəkləyən və bu sahədə fəaliyyət göstərənlərə ümumi şəkildə açıq mənbə proqramçıları hərəkatı deyilir. Hərəkatın məqsədi həyatın bütün sahələrində tələb olunan proqramların açıq mənbəli alternativlərini təklif etmək, onlardan fəal istifadə etməkdir.

Açıq mənbəli proqramlarla ödənişsiz proqramlar eyni şeydirmi?

Bu sualın cavabı kontekstdən asılıdır. Bəzən kommersiya şirkətləri də öz məhsullarının bir qismini ödənişsiz təklif edə bilərlər. Kommersiya şirkətlərinin ödənişsiz proqramları adətən təməl funksiyaları əhatə edir və daha təkmil funksiyalardan istifadə etmək üçün əlavə ödəniş etmək lazım gəlir. Bəzi antivirus proqramlarının ödənişli və ödənişsiz versiyaları buna misal ola bilər. Yaxud da ödənişsiz Adobe Reader və ödənişli Adobe Acrobat proqramlarını nümunə göstərə bilərik.

Bəzən isə kommersiya şirkətləri öz məhsullarını sizə ödənişsiz təklif edirlər, əvəzində isə sizin şəxsi məlumatlarınızı təhlil edib sizə kontekst reklamları göstərirlər. Müasir sosial media və sosial şəbəkələr bu biznes modeli əsasında fəaliyyət göstərir. Yəni sizin istifadə etdiyiniz məhsul ilk baxışdan ödənişsizdir, əslində isə siz bu məhsullardan istifadə üçün daha bahalı ödənişlər edirsiz.

Açıq mənbəli məhsullardan istifadə edən istifadəçilər isə əmin ola bilərlər ki, onlar tamamilə ödənişsiz proqramlardan istifadə edirlər. Bu zaman heç kəs sizin şəxsi məlumatlarınızı emal etmir, öz məlumatlar bazasında saxlamır, üçüncü tərəflərə satmır, həmçinin sizdən nə indi, nə də gələcəkdə heç bir ödəniş istəməyəcək.

Açıq mənbəli proqramlara nəyi nümunə göstərmək olar?

Bir çoxunuz Linux əməliyyat sisteminin adını eşitmisiz. Əslində Linux bir yox, bir neçə əməliyyat sistemindən ibarət böyük bir ailədir. Linux ailəsindən Ubuntu, Fedora və Debian əməliyyat sistemlərini misal göstərmək olar. Bu əməliyyat sistemləri Windows və macOS sistemlərinə alternativ olmaqla yanaşı, həm də tamamilə ödənişsizdir.

Ofis proqramları sahəsində ödənişsiz açıq mənbəli proqram təminatına LibreOffice proqram paketini, Adobe Photoshop proqramına alternativ kimi isə GIMP proqramını misal göstərmək olar.

Açıq mənbəli proqramlar çoxdan mövcuddur?

Açıq mənbə ifadəsi nisbətən yeni olsa da, açıq mənbə modelinin tarixi İnternetin özü qədər qədimdir. Hələ 1950-1960-cı illərdə kompyuter proqramları bir qayda olaraq universitetlərdə hazırlanırdı və ictimai mülkiyyət kimi ödənişsiz paylaşılırdı. 1970-1980-ci illərdə kommersiya təşkilatlarının informasiya texnologiyaları sahəsində artan fəal rolu nəticəsində kompyuterlərin proqram təminatları əmtəə şəklini aldı. Gəlirlərini artırmaq üçün kommersiya təşkilatları proqramların mənbə kodunu gizli saxlamağa başladı.

Yeni təmayüllərə etiraz olaraq Richard Stallman 1983-cü ildə GNU layihəsini yaradaraq açıq mənbəli proqram təminatlarının paylaşılması məqsədini hədəflədi. 1991-ci ildə finlandiyalı proqramçı Linus Torvalds isə Linux sisteminin mənbə kodunu dərc etdi.

Nəhayət, 1998-ci ildə Bruce Perens və  Eric S. Raymond başda olmaqla bir qrup proqramçı Açıq Mənbə Təşəbbüsünü yaratdılar. Açıq mənbə ifadəsi də bugünkü mənasında məhz həmin görüşdə formulə edilib və dövriyyəyə buraxılıb. Bu gün dünyada milyonlarla insan açıq mənbəli proqram təminatından istifadə edir, bununla yanaşı yüz minlərlə insan həm də müxtəlif açıq mənbəli proqramların inkişafı üçün açıq əməkdaşlıq edir.

Foto: Pexels.com

Paylaş