Yeni Jurnalist

Araşdırma aparan jurnalistlərə tövsiyyə olunan təhlükəsizlik tədbirləri

Səyyarə Məmmədova

Jurnalist olaraq daima hansısa mövzunun dərininə enirik və ya şübhəli görünən izlərin arxasınca gedib araşdırmanın başında təxmin etmədiyimiz bir yöndə ilərləyirik. Rəqəmsal mühitdə arxasınca getdiyimiz bu izlər kimi biz də bu araşdırmaları apararkən geridə izlərimizi buraxırıq. Bu izlər şəxsi məlumatlarımızı, mənbələrimizi və ya datalarımızı təhlükəyə atmaq potensialı daşıyır. Araşdırma zamanı mənbələri və məlumatları təhlükəyə atmamaq üçün tətbiq edə biləcəyimiz bəzi təhlükəsizlik tədbirləri var.

Mənbələrlə etibarlı kommunikasiya qurun

Bir jurnalistin araşdırmasında ən vacib rol oynanan onun mənbələridir. Bəzən bu mənbələr internetdə hamıya açıq olan saytlar olduğu kimi bəzən də insanlar və ya qurumlar ola bilir. Mənbələr ilə fiziki olaraq ünsiyyət yaratmaq həmişə mümkün olmur. Bu səbəbdən də jurnalistlər sosial şəbəkələr və ya mesajlaşma tətbiqləri üzərindən mənbələri ilə əlaqə saxlayır. Sosial media şirkətlərinin bir çoxunda data ilə bağlı pozuntulara yol verilir, hücuma məruz qala bilir və ya məlumatları üçüncü tərəflər ilə paylaşır. Buna görə də hər hansı bir mesajlaşma tətbiqi  və yaxud sosial şəbəkə vasitəsi ilə mənbələrinizlə əlaqəyə keçmədən əvvəl həmin tətbiqlərin nə qədər etibarlı olduğunu araşdırmaq vacibdir. Mənbələrlə kommunikasiya yaratmaq üçün platform seçərkən baxa biləcəyimiz bir neçə meyar var:

  • Mesajlar harada saxlanılır?
  • Əgər serverdə saxlanılırsa bu server hansı ölkədədir?
  • Mesajlar ucdan uca şifrələnir mi?
  • Platform istifaçədilərə aid hansı dataları görə bilir?
  • Platform daha əvvəl dataları sızdırıb?

Bu sualların siyahısı uzadıla bilər və ya detallandırıla da bilər. Lakin buradakı əsas məsələ odur ki, istifadə etdiyiniz platform sizin hansı datalarınızı görə bilər. Əgər platform ucdan uca şifrələmə texnikasından istifadə etmirsə bu sizin mənbəniz ilə olan bütün mesajlarınızın üçüncü tərəflərə görünə biləcəyi mənasına gəlir. Çünki əgər mesajlarınız şifrələnirsə yolladığınız mətnlər və ya fayllar üçüncü tərəflərin başa düşə bilməyəcəyi bir formada olur. Bu texnikanın tətbiq olunmadığı platformalarda (məsələn Telegram) sadəcə özünüzü yox, mənbənizi də təhlükəyə atmış olursunuz. Təhlükəsizliyinə diqqət edən biri daha əvvəl mənbəsini təhlükəyə atmış bir jurnalist ilə əməkdaşlıq etmək istəməz. Bu səbəbdən istifadə edəcəyiniz tətbiqi yaxşı araşdırmaq lazımdır. Ucdan uca şifrələmə tək başına bir meyar deyil. Təhlükəsiz mesajlaşma tətbiqləri olaraq tövsiyyə olunan bəzi platformlar aşağıdakılardır

Signal bu siyahıdakı platformlar arasında tövsiyyə edilən ən populyar platformdur. 2021-ci ilin aprel ayında məhkəmə qərarı ilə Signal platformundan istifadəçilərin dataları tələb edildi. Signal istifadəçilərə dair hansı dataları görə bildiyini hamıya açıq şəkildə paylaşdı. Bu datalar istifadəçilərin şəxsi məlumatlarını yox, sadəcə sistemə giriş və çıxış saatları kimi göstərirdi.

Mənbə: Signal.org

Məlumatların mühafizəsi

Bir araşdırmanın ən vacib hissəsi jurnalistin əldə etdiyi məlumatlardır. Bu məlumatları mühafizə etmək ən azı onu aşkara çıxarmaq qədər çətindir. Dataları çap edərək saxlamaq əlverişli görünsə də etibarlı bir yol deyil. Bu dataların tək mərkəzdə toplanmasından meydana gələn riskləri doğurur. Bu səbəbdən də dataları çap etmək və ya komputerin sərt diskində saxlamaq sadəcə arxivləmək funksiyasını yerinə yetirir. Lakin rəqəmsal mühitdə əldə etdikərinizi elə rəqəmsalda saxlamaq məsləhətlidir. Məlumatları online serverlərdə tutmaq onları internetiniz olduğu təqdirdə hər yerdən əldə etmə şansı yaradır. Eləcə də serverinizdəki bu məlumatları digər əməkdaşlarınızla da paylaşa bilərsiniz. Məlumatların məzmunu onu harda saxlamaq qərarınızı da müəyyənləşdirir. Əgər çox həssas məlumatlarınız varsa və üçüncü tərəf server xidmətlərinə etibar etmirsinizsə yenə sizin üçün öz komputeriniz seçəcəyiniz ən etibarlı yerdir. Lakin çox həssas olmadığını düşündüyünüz məlumatlarınız varsa üçüncü tərəf serverlərdə bunu saxlaya bilərsiniz.

  • Platformun sahibi haradadır və serverlər hansı ölkədə yerləşdirilib?
  • Həmin ölkədəki dataların qorunması qanunu necədir?
  • Xidmət qarşılığında server sizdən nə tələb edir ?
  • Məlumatların məxfiliyi siyasəti necədir?
  • Layihə açıq mənbədir?
  • Ekspertlər platform haqqında hansı rəyi verir?

Bu sualların siyahısı uzadıla bilər. Bir platforma etibar etməzdən əvvəl onu tanımağa çalışmaq və yetərincə araşdırmaq, hər sosial şəbəkəni öz məqsədinə uyğun formada istifadə etmək mümkündür.

İnternetdə təhlükəsiz araşdırma etmək

İnternetdə araşdırma edərkən arxada qoyduğunuz rəqəmsal ayaq izləriniz bəzən şəxsi məlumatlarınızın üçüncü şəxslər tərəfindən görünməsinə bəzən də reklam məqsədli satılmasına yol aça bilir. Sadəcə jurnalistlər yox, digər internet istifadəçilərinin də şəxsi məlumatlarının təhlükəsizliyi üçün görə biləcəyi təbdirlər mövcuddur.

  • VPN istifadə etmək
  • Brauzerlərdəki məxfilik ayarlarına nəzər yetirmək
  • Axtarış motorlarındakı məxfilik ayarlarına nəzər yetirmək
  • Reklam bloklayıcılardan istifadə etmək
  • Saytlara Do Not Track tələbi yollamaq
  • “HTTPS everywhere”, “Privacy Badger” kimi brauzer əlavələrindən istifadə etmək
  • Etibarlı mail provayderlərindən istifadə etmək
  • Hər hesab/hər araşdırma üçün ayrı mail & ayrı şifrələr istifadə etmək
  • Şifrələri etibarlı bir yerdə saxlamaq

Bu siyahıdakılardan əlavə tez-tez brauzerinizin nə qədər güvənli olduğunu, arxada nə qədər iz buraxdığınızı test edə biləcəyiniz veb saytlar da mövcuddur.

Məsələn,  What is My IP Address  girdiyiniz saytların sizin IP adresinizi və digər detalları necə gördüyünü göstərir. Cover Your Track, sizin brauzerinizin nə qədər izlənə biləcəyini göstərir. Buradakı nəticələrə görə daha yaxşı təhlükəsizlik tədbirləri görə bilərsiniz. Digər yandan istifadə etdiyiniz mail provayderinin və ya email adresinizin sızdırılıb sızdırılmadığını yoxlamağa imkan verən Have I Been Pwned  adlı  veb sayt da mövcuddur.  İnternetdəki ayaq izlərini azaltmaq haqqında daha çox məlumat əldə etmək üçün əvvəl  hazırladığımız videoya keçid edə bilərsiniz.

Son olaraq, araşdırma edərkən yaşadığınız ölkə, üzərində işləyiniz mövzu, əlinizdəki məlumatların həssaslığı və mənbələriniz sizin araşdırmanızda alacağınız təbdirləri də müəyyən edir. Rəqəmsal təhlükəsizlik haqqında daha çox məlumat əldə etmək üçün jurnalistlər üçün materiallar hazırlayan və bu vasitələr haqqında məlumatlar yayınlayan saytlara nəzər yetirə bilərsiniz.

Mənbələr

Sərlövhə fotosu: Markus Winkler / Unsplash

Paylaş