Yeni Jurnalist

Jurnalistlər üçün yeni resurs — Bakı Araşdırmalar İnstitutu

Jurnalistlər material hazırlayan zaman mötəbər mənbələrin məlumatlarına ehtiyac duyurlar. Bir çox hallarda yaxşı jurnalist materialı üçün müəllifin statistika, elmi təhlil və faktların ağlabatan izahına bələd olması vacibdir.

Bunun üçün jurnalistlər tədqiqat mərkəzlərinin (think thank) məlumatlarına getdikcə daha çox tuturlar.

Belə tədqiqat mərkəzlərindən biri – Bakı Araşdırmalar İnstitutu (BAİ və ya BRI) bir qrup müstəqil ekspert tərəfindən yaradılmış akademik informasiya platformasıdır və Azərbaycan ilə bağlı mövzularda tədqiqatlar aparır. Burada tədqiqatların seçimi əsasən sosial elmlərə yönəlmişdir. Hazırda mərkəz bir qayda olaraq iqtisadiyyat, sosiologiya, siyasi elmlər, tarix, fəlsəfə və dilçilik sahələrində araşdırmalar aparır. Bu araşdırmalar xarakterinə görə həm də mövqe yazıları, statistik məlumatlar və tərcümələri əhatə edir.

İnstitutun fəaliyyəti əsasən Azərbaycan dilində və Azərbaycan ilə əlaqəli alternativ informasiya təqdim etməkdir. Təqdim edilən yazılar dünyada ən yaxşı beynəlxalq araşdırma praktikası və metodologiyası əsasında olan işlərdir. Digər tərəfdən bu resurs son illər ərzində azərbaycandilli mediada aparıcı rol alan “köşə yazıları” təcrübəsinə alternativ olaraq eyni mövzuları sahə ekspertlərinin perspektivindən göstərməyə çalışır. Mərkəzin saytında məqalələr Azərbaycan və ingilis dillərində təqdim olunur.

BAİ-nin başlıca məqsədlərindən biri də ölkədə akademik fikir mübadiləsi, arqumentativ ünsiyyət ənənəsinin saxlanmasına töhvə verməkdir. Buna görə də institutun onlayn resursu ideoloji və epistemoloji mövqeyindən asılı olmayaraq bütün müəlliflərin yazılarını akademik standartlar çərçivəsində olmaq şərti ilə dərc edir.

Paylaş