Yeni Jurnalist

Bildirişlər xəbər toplanması üsullarını necə dəyişir?

Orxan Cəfərli

Canlı şahidlərin dilindən xəbərlər verən real zamanlı sosial media jurnalistlərin xəbər toplama üsullarının bir çox aspektlərində dramatik şəkildə dəyişikliklər edir.

Böyük məlumat mənbələrinə çata bilmək həmişə ən yaxşı jurnalistlərlə digərlərini bir-birindən ayırıb. Yaxın keçmişdə bu əsasən məqsədinizlə əlaqədar açar şəxslərin müəyyən edilməsi, onlarla əlaqələrin qurulması, ilk və qaynar xəbərləri əldə edə bilmək üçün onların ilk olaraq sizinlə əlaqə yaratmalarını təmin etməkdən ibarət olub.

Bu gün də eyni yanaşma hökm sürür, amma sosial medianın inkişafı jurnalistlərin mənbə şəbəkəsini potensial olaraq milyonlara çatdırıb. Amma yayılan səs-küyün arasından həqiqətə dayanan məlumatı — meşə yanğınının ilk qığılcımından tutmuş silahdan açılan atəşə qədər şahidlərin verdikləri məlumatları ələyib çıxarmaq olduqca vacibdir.

Həyat sürətində xəbərlər

Sosial mediada yenilikləri dərc etmək və yeni hadisələr haqda məlumatlar vermək artıq sadəcə jurnalistlərin işi deyil. Şəkil və videolar çəkmək, canlı məlumatlar vermək indi artıq müntəzəm Twitter istifadəçilərinin böyük bir qisminin ikinci həyat məşğuliyyətinə çevrilib.

Fransada Orli hava limanında təhlükəsizlik qüvvələrinin silahlı bir şəxsi güllə ilə vurub öldürməsi səhnəsi canlı şahidlər tərəfindən hadisə baş verən anda Twitter-də foto və videolarla paylaşılmışdı. United Airlines hava yolları şirkətinin sərnişinlərdən birini təyyarədən zorla çıxardıqları səhnə də sərnişinlər tərəfindən real zamanda qeydə alınmış və paylaşılmışdı.

Real zaman düzgün texnologiya ilə birgə

Yüksək rəqabətli xəbər mühitində canlı şahidlər tərəfindən verilən real zamanlı sosial media xəbərləri jurnalistlərin xəbərləri toplama üsullarının bir çox aspektlərində dramatik dəyişikliklərə səbəb olur. Etibarlı mənbə ilə yanaşı artıq bir Twitter istifadəçisi də tutarlı məlumatlar verə bilər.

Son dəqiqə mətbuat məlumatlarının dövrü artıq bitib. 2018-ci ildə Muck Rack araşdırmalarının nəticələrinə görə jurnalistlərin cəmi 3%-i hansısa xəbər lentindən gələn məlumatlara etibar edir. Bütün sosial media şəbəkələrini də içinə alan potensial mənbələrin sayının artması ilə belə bir sual yaranır: düzgün xəbəri tapmaq indi samanlıqda iynə axtarmaq kimi deyilmi?

Hər gün Twitter-də 500 milyon tvit atılır. Sosial medianı aktiv xəbər mənbəyinə çevirmək üçün burada paylaşılab yüzlərlə kəskin fikirlərin, sarkastik qeydlərin ələnərək seçilməsi olduqca kritik rol oynayır.

Real zamanlı məlumatların əldə edilməsi üçün istifadə olunan proqram kimi Dataminr burada çox mühüm rol oynayır.

Fransanın Orli hava limanındakı silahlı hadisə zamanı bəzi canlı şahidlər Twitter-də şəkillər paylaşırdılar. Dataminr-da süni zəka alqoritmi dəqiqələr içində bunun potensial olaraq kritik hadisə olduğunu müəyyənləşdirdi və bu xəbəri abunəçisi olan jurnalistlərə göndərdi.

Daha sürətli məlumatlar və daha ağıllı cavablar

Ən çox real zamanlı məlumatları əldə edən xəbər agentlikləri üçün üstünlük hadisə barəsində ilk məlumatlı olmaqdan daha artığına dayanır. Məsələn, CNN-nin London bürosunda xəbərlər üzrə baş redaktor olan Riçard Qrin məlumat verir ki, Dataminr kimi texnologiya səciyyəvi olaraq hadisə bölgəsində daha çox işçi heyəti və resursları olan lokal xəbər agentlikləri ilə daha yaxşı rəqabət üçün müxbirlərinə kömək edir. Real zamanlı məlumatlarla Qrinin komandası hansısa vasitəçilərin xəbərləri ötürməsini gözləməli olmur və onun yerinə hadisə baş verən kimi xəbərləri yayımlamağa başlaya bilirlər.

Foto: Filip Mishevski / Unsplash

Paylaş