Yeni Jurnalist

COVID-19 pandemiyasından yazan jurnalistlərə tövsiyələr

Yeni növ koronavirus artıq dünyada ən böyük xəbərə çevrilib. Bu ümumdünya ictimai sağlamlıq çağırışı həm də eyni zamanda qlobal iqtisadiyyata milyardlarla dollar həcmində zərər vurmaqdadır.

Bütün rəqəmlərə və ehtimallara baxmayaraq yeni növ koronavirus infeksiyasının (COVID-19) haraya qədər yayılacağını və yekun nəticələrinin nə olacağını anlamaq xeyli çətindir. Bütün bu qeyri-müəyyənliklərlə yanaşı jurnalistlər də pandemiyanı işıqlandıran zaman bir sıra çətinliklərlə üzləşirlər. Onlar həm dezinformasiyaya qarşı mübarizə aparmalı, həm öz sağlamlıqlarını qorumalı, həm də insanlar arasında çaxnaşma və panika yaratmamalıdırlar.

Qlobal Araşdırma Jurnalistikası Şəbəkəsindən Miraj Chowdhury COVID-19 haqqında yazan jurnalistlərə dəstək məqsədilə müxtəlif jurnalist təşkilatlarının, təcrübəli jurnalistlərin və mütəxəssislərin rəylərini toplayıb. Yeni Jurnalist həmin tövsiyələrin tərcüməsini kiçik ixtisarla təqdim edir.

Məsuliyyətli xəbərçilik

Kardiff Universitetinin jurnalistika professoru Karin Wahl-Jorgensen son araşdırmasında dünyanın 100 ən yüksək tirajlı qəzetində COVID-19 haqda dərc edilən materiallarda qorxunun necə rol oynamağına nəzər salır. O aşkar edib ki, hər doqquz yazıdan birində “qorxu” sözü və ya onun sinonimləri işlənir.

“Bu yazılar qorxu dilindən geniş istifadə edir,” – Nieman Lab üçün yazdığı məqalədə Wahl-Jorgensen qeyd edir. – “Məsələn, əlli məqalədə “qatil virus” söz birləşməsi işlənir.”

Bəs panika və çaxnaşma yaratmadan biz əhatəli və balansı reportajları necə hazırlaya bilərik? Poynter institutundan Al Tompkins deyir ki, çıxış yolu məsuliyyətli xəbərçilikdir. Tompkins aşağıdakıları təklif edir:

  1. Reportajlarda subyektiv sayıla biləcək sifətlərin istifadəsindən çəkinmək, məs., “öldürücü” kimi sözləri işlətməmək;
  2. Şəkillərdən istfadə edərkən auditoriyaya yanlış ismarıc yollamamaq üçün diqqətli olmaq;
  3. Reportajı daha az qorxulu etmək üçün preventiv tədbirləri izah etmək;
  4. Eşitdiklərinizə istinad əvəzinə statistikaya müraciət etmək;
  5. Qışqıran başlıqlardan çəkinmək və yaradıcı yanaşma sərgiləmək.

Poynter üçün yazdığı məqaləsə Tom Jones vurğulayır ki, siyasətçilərin çıxışlarına üstünlük vermək əvəzinə faktlara müraciət etmək gərəklidir. “Bu hadisə siyasətdən daha çox elm ilə bağlı xəbərdir,” – Jones yazır. Əlbəttə, siyasət də vacib detaldır, amma qərəzli siyasi mənbələrin manipulyasiyalarına qarşı diqqətli olmaq və tibb mütəxəssislərinə etimar etmək lazımdır.

Düzgün adlandırma

Yoluxma halları başlayandan jurnalistlər bu virus üçün müxtəlif adlar işlədirlər: ən geniş yayılanlarına “koronavirus” və “yeni növ koronavirus” misal ola bilər. CJR üçün yazdığı məqalədə Merrill Perlman qeyd edir ki, bundan öncəki digər epidemiyalar və ya pandemiyalara səbəb olan viruslara nəzərən bu koronavirus yeni növ virusdur və onların hər biri öz zamanında yeni olub.

Bu baxımdan, virusların necə adlandırılması ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) izahlarına nəzər salmaq faydalı olardı.

Sözlər və söz seçimi əhəmiyyətlidir. AP Üslub kitabçasına əsasən epidemiya – xəstəliyin müəyyən bir əhali arasında və ya bölgədə sürətlə yayılmasıdır, pandemiya isə bütün dünyada sürətlə yayılan epidemiyadır. AP tövsiyə edir ki, söz seçimində ictimai səhiyyə orqanları təmsilçilərinin bəyanatlarına nəzər salmaq lazımdır.

Öz sağlamlığınızı qorumaq

Pandemiya haqqında reportajları jurnalistlər karantində və ya özünü təcrid etməklə yaza bilməzlər. Jurnalistlər sahəyə getməlidir və burada yoluxma riski hər zaman var. Jurnalistləri Müdafiə Komitəsi COVID-19 haqqında reportaj hazırlayan jurnalistlər üçün ətraflı tövsiyələr dərc edib. Burada reportaj yerinə getmədən öncə görüləcək hazırlıqlar, yoluxmanın qarşısını almaq üçün tədbirlər, səyahət planlaması və reportaj sonrası görülməli olan tədbirlər göstərilir. Sahə reportajları zamanı əməl edilməli tövsiyələr bunlardır:

  • Tibbi müalicə müəssisələri və digər yoluxma məkanlarında işləyərkən və ya ziyarət edərkən qoruyucu əlcəklərdən istifadə edin. Bəzən digər qoruyucu vasitələr geyinmək də (tibbi maskalar və qoruyucu geyinlər) zəruri ola bilər;
  • Yoluxma ərazilərində vəhşi heyvan məhsulları satılan bazarlara və ya yetişdirilən fermalara getməyin. Diri və ya ölü heyvanlara toxunmayın, onların yaşadığı (öldüyü) məkana getməyin, səthinə toxunmayın;
  • Tibbi müəssisədə, bazarda və ya fermada olan zaman öz avadanlığınızı və şəxsi əşyalarınızı yerə qoymayın. Avadanlığınızı və şəxsi əşyalarınızı antibakterial vasitələrlə yerindəcə dezinfeksiya edin, sonradan daha dərindən dezinfeksiya edin;
  • Heyvanlara toxunan zaman, ya da vəhşi heyvan məhsulları satılan bazarlarda və ya yetişdirilən fermalarda olan zaman heç nə yeməyin və içməyin;
  • Yoluxma ərazisinə daxil olmazdan əvvəl, ərazidə və ərazini tərk etdikdən sonra əllərinizi isti su və sabunla yaxşıca yuyun.

Mütəxəssislər

Hər zaman məlumatlı qalmaq üçün ÜST-ün, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC)İngiltərə İctimai Səhiyyəsinin (PHE) saytlarına tez-tez nəzər salın. Con Hopkins Universitetinin resurslarını (COVID-19 xəritəsi, resurs mərkəzi, xəbər bülletenləri və s.) izləmək də tövsiyə olunur. Xəstəliyin sizin ölkənizdə gedişatı barəsində ictimaiyyəti məlumatlandıran dövlət orqanlarının İnternet saytlarını mütəmadi izləyin.

Azərbaycanda koronavirus haqqında operativ məlumatları və xəbərləri Koronavirus.info portalından öyrənmək olar.

Peşəkar Jurnalistlər Cəmiyyəti bir sıra resurs və mənbələrin siyahısını hazırlayıb. Onlarla tanış olun. Vaşinqton şəhərində yerləşən Milli Mətbuat Klubunun vebinarını və ya Annenberqdə Cənubi Kaliforniya Universitetinin Tibbi Jurnalistika Mərkəzinin vebinarını izləmək də tövsiyə olunur.

Koronavirus infeksiyasına dair mütəxəssis tapmaq o qədər də asan deyil. Yeni növ koronavirus və onun törətdiyi COVID-19 xəstəliyi üzrə ixtisaslaşmış tədqiqatçılar və həkimlər yox dərəcəsindədir. Mütəxəssis və ekspert axtaran zaman Harvard Universitetinin T. H. Chan adına İctimai Səhiyyə Məktəbinin dosenti William Hanage-in beş tövsiyəsinə nəzər yetirin:

  1. Ekspertləri seçərkən diqqətli olun. Bir şəxsin Nobel mükafatı alması da onun bütün elm sahələri üzrə mütəxəssis olmasından xəbər vermir. Doktorluq dərəcəsi və ya prestijli universitetdə dərs demək də göstərici deyil.
  2. Doğru olması dəqiq bilinən şeylərlə doğru olması ehtimal edilən şeylər arasında fərqi diqqətdə saxlayın – faktları fərziyələrdən seçə bilin.
  3. Hələ dərc olunmamış və yoxlama prosesindən keçməmiş elmi məqalələrə istinad edərkən diqqətli olun.
  4. Yeni fərziyyə və iddiaların xəbər dəyərini müəyyən etmək üçün elm adamları ilə məsləhətləşin. Yanlış məlumatların yayılmasının önləmək üçün köşə yazılarının da yoxlamadan keçməsi yaxşı olardı.
  5. Elm mövzusunda yazan peşəkar jurnalistlərin yazılarını mütəmadi izləyin.

Jurnalist həmkarların tövsiyələri

Səhiyyə sahəsində veteran jurnalist, yoluxucu xəstəliklər və qlobal səhiyyə təhlükəsizliyi üzrə mütəxəssis, SARS və poliomielit haqqında iki kitabın müəllifi Thomas Abraham ilə müsahibəni oxuyun. Orada bir sıra faydalı tövsiyələr var.

ProPublica-nın səhiyyə sahəsində jurnalisti, özü 13 yaşında olarkən SARS-a yoluxmuş və sağ qalmış Caroline Chen-nin yazılarını izləyin. Uzun illər SARS və ebola haqqında reportajlar hazırlayan Chen koronavirus infeksiyasından yazan həmkarlarına bəzi tövsiyələr verir: hansı sualları soruşmaq lazımdır; ehtimallar və dəyişkən informasiyalarla işləyərkən həqiqətə necə mümkün qədər sadiq qalmaq olar və s.    

Səhiyyə sahəsində iyirmi illik təcrübəsi olan reportyor John Pope donuz qripindən reportaj yazanlar üçün 11 tövsiyə hazırlamışdı. Bu tövsiyələr bu gün COVID-19 üçün də keçərlidir. Bu tövsiyələrin arasında təməl faktları əsas götürmək, yoluxmanın xəritəsini hazırlamaq, sadə və yığcam yazmaq, preventiv tədbirləri vurğulamaq və həssas ifadələr işlətmək var.

Beynəlxalq Jurnalistlər Şəbəkəsi COVID-19 haqda yazan jurnalistlərə 10 məsləhət hazırlayıb. Bu məsləhətlər aşağıdakılardır.

  1. Yerlərdəki əhval-ruhiyyəni duymağa və öz materialınıza ötürməyə çalışın
  2. Təhlilə yox, xəbər yazmağa fokuslanın,
  3. Başlıqlara diqqət yetirin
  4. Unutmayın: heç də bütün rəqəmlər dəqiq deyil
  5. Mümkün qədər çox fərqli insanla söhbətləşin
  6. İrqçi ifadələrdən çəkinin
  7. Ekspertlərlə müsahibə tərzinizə diqqət yetirin
  8. Maraqlı olmayan hadisələrə laqeyd qalmayın
  9. Məhdudiyyətlərinizi anlayın
  10. Hadisə səngisə də siz onu izləməyə davam edin

Bunu da oxu: Beynəlxalq Jurnalistlər Şəbəkəsinin COVID-19 haqqında yazan jurnalistlərə 10 məsləhəti

COVID-19 haqqında faktları yoxlamaq

“Biz sadəcə epidemiya ilə mübarizə aparmırıq, həm də infodemiya ilə mübarizə aparırıq,” – ÜST-ün Baş Katibi Tedros Adhanom Ghebreyesus fevralın 15-də Münxen Təhlükəsizlik Konfransında deyib.

Dezinformasiyanın və qəsd nəzəriyyələrinin geniş yayıldığı bir zamanda jurnalistlər həm də həmin yanlış və yanıldıcı informasiyaları ifaş etməli olurlar. “Çində istehsal olunmuş mallar koronavirus yayır”, “koronavirusu laboratoriyada alimlər düzəldib” kimi yalanlar bunlara nümunədir. Poynter İnstitutunun bir araşdırması göstərir ki, bu yalanlardan birini – guya Çin hökuməti koronavirusa yoluxmuş 20 min insanı öldürmək üçün Ali Məhkəməyə müraciət edib – ən azı beş ölkədə (ABŞ, Hindistan, İndoneziya, Qana və Keniya) insanlar oxuyub.

Faktları yoxlamaq və yalan məlumatları ifşa etmək üçün 39 ölkədən 90 faktyoxlayanı birləşdirən Beynəlxalq Fakt Yoxlama Şəbəkəsinin təşəbbüsünə müraciət edə bilərsiniz. #CoronaVirusFacts / #DatosCoronaVirus alyansı fevralın sonuna kimi 558 fakt yoxlama əməliyyatı aparıb. ÜST də koronavirus haqqında mifləri və şayiələri yalanlayan infoqrafikalar hazırlayır. AFP də koronavirus miflərini yalanlayan oxşar təşəbbüs irəli sürüb. First Draft tərəfindən hazırlanan material və resurslara da müraciət etmək yaxşı olardı.

Təəssüf ki, dünyada bir çox mətbuat orqanlarında fakt yoxlama komandası və ya bacarıqları yoxdur. Əgər siz yalan və ya şübhəli informasiya ilə qarşılaşsanız, dərhal öz yerli fakt yoxlama qruplarına kömək üçün müraciət edə bilərsiniz. Onlar adətən sosial mediada aktiv olur və izləyicilərdən xəbərlərə açıq olur.

Azərbaycanda etibarlı fakt yoxlama qrupu FaktYoxla (Facebook / Twitter)

Travma və qurbanlarla iş

Biz hər zaman reportajlarımız üçün qəhrəman axtarırıq, evləri və iş yerlərini ziyarət edirik, insanlara çətin suallar veririk. Ancaq bu pandemiya kimi hadisələr zamanı qurbanlar həm də ağır travma keçirirlər. Onlar gizli qalmaq istəyər, öz təcrübələrini bölüşmək istəməzlər. Koronavirusa yoluxan şəxsin bəzən sadəcə adını çəkmək onun icmasında çaxnaşma yarada bilər, ona və ailəsinə təhlükə törədə bilər.

Jurnalistika və Travma üzrə Dart Mərkəzi COVID-19 haqqında xəbər yazanlar üçün resurslar siyahısı hazırlayıb. Buraya bələdçilər, tövsiyələr, məsləhətlər, standartlar və ən yaxşı təcrübələr, peşəkar tövsiyələri daxildir. Qurbanlardan və sağ qalanlardan müsahibə alan zaman, travma keçirmiş insanlarla işləyən zaman onların tövsiyələrinə əməl etmək faydalı olardı. Tibbi Jurnalistika Mərkəzi də eyni mövzuda öz tövsiyələri dərc edib.

Travma keçirmiş insanlarla işləyən zaman jurnalistin gözləməli olduğu bəzi məqamlar bunlardır:

  • Qurbanlara ləyaqətlə yanaşın. Qoy onlar öz hekayələrini sizinlə bölüşsün.
  • İntervyunun zamanı və məkanını qurbanların seçməsinə imkan yaradın; peşəkar psixoloq yardımına yer ayırın.
  • Şəffaf davranın, qurbanların məlumatlı razılığını əldə edin.
  • İnsanlığı xəbərçilikdən üstün tutun. Qurbanın sağlamlığı reportajınızdan daha vacibdir.
  • Ağır suallarla başlamayın. Empatiya qurun, dinləməyi bacarın.
  • Unutmayın, travmalı insanlarla mütəmadi iş sizə də təsir edə bilər.

Nəhayət, hamımızın əməl etməli olduğu bir tövsiyə də var:

Öz sağlamlığınızın qayğısına qalın.

Mənbə: Qlobal Araşdırma Jurnalistikası Şəbəkəsi

Sərlövhədəki foto: Trnava University / Unsplash

Paylaş