Yeni Jurnalist

Məqalənin planlaşdırılması: fokus nədir və onu necə tapmaq olar?

Dmitri Surnin (Facebook)

Nəyə görə? Mətnin nə haqda olacağını düşünməyin, onun nəyə görə yazılacağını düşünün. Daha doğrusu, auditoriya onu nəyə görə oxumalıdır? “Nəyə görə” – materialın fokusudur. “Qarın təmizlənməsi problemi haqda keçirilən mətbuat konfransından yazacam” və ya “qarın təmizlənməsi problemlərindən yazacam” – bunlar planlaşdırmaya başlamaq üçün tamam yararsız səbəblərdir. “Şəhərdə ancaq bircə dənə işlək qartəmizləyən maşın qalıb, ona görə də bu həftə yalnız mərkəzi prospekti təmizləyəcəklər” – bu isə işə yarayır. Hətta belə desək, lap yaxşı səslənər: “Əgər qar yağarsa, maşınlar yalnız mərkəzi prospektdə hərəkət edə biləcək”.

“Bilirsən…” Materialın fokusunu asanlıqla müəyyən etmək olar. Tutalım, dost və ya qohumla söhbət edirsiz və “bilirsən…” ifadəsi ilə başlayaraq ona yeni əhvalat danışırsız. “Bilirsən…” sözündən sonra nə deyəcəksizsə, materialın fokusu da o olacaq. “Bilirsən, mətbuat konfransı keçirilib” və ya “Bilirsən, qarın təmizlənməsində problemlər var” – bu ifadələr işləmir. Lakin “Bilirsən, sabah qar yağsa, bizim küçəni heç kim təmizləməyəcək” desəz, işləyəcək.

“Lid” və ilk abzaslar. Materialın fokusu ilk abzaslardan oxucuya aydın olmalıdır. Çünki ilk abzasları oxuyandan sonra insan qərar verir – mətni oxumağa davam etsin, ya yox. Nəyə görə oxumalı olduğunu bilsə, davam edəcək. Hətta mətni oxumağı yarımçıq qoysa da, onun məğzini öyrənmiş olacaq.

Hərfi yazmaqdan çəkinin. Fokus ilk abzaslardan aydın olmalıdır, ancaq fokus və lid eyni şeylər deyil. Fokus – “liddən” anlaşılan fikirdir. Məsələn, yeniyetmə öz valideynlərindən soruşanda ki – “bazar günü bağdan dəqiq gec qayıdırsız? Axşam 10-dan sonra?” – əslində o, valideynlərinin saat neçədə qayıdacağını yox, evin hansı müddətə onun ixtiyarında olacağını düşünür. Fokus da belə bir şeydir.

“Şəhərdə işlək vəziyyətdə yalnız bir ədəd qartəmizləyən maşın qalıb, icra hakimiyyətindən mediaya bildiriblər. Əgər qar yağarsa, ancaq mərkəzi prospekti təmizləmək mümkün olacaq. Qalan ərazilər sakinlərin ümidinə buraxılıb. Sinoptiklər isə gələn həftə şiddətli çovğun olacağını deyir.”

Bu abzas – liddir. Lidin içinə tikilmiş fokus isə aşağıdakı kimi ola bilər:

“Şəhərdə qartəmizləyən texnika tamam sıradan çıxıb, əgər sinoptiklər deyən kimi gələn həftə çovğun olsa, yalnız mərkəzi prospektdə hərəkət etmək mümkün olacaq.”

Fokus və struktur. Aydın şəkildə müəyyən edilmiş fokus bizə imkan verir ki, mətni düzgün tərtib edək və əlavə zəhmət çəkməyək. Məsələn, nümunə verdiyimiz fokus aşağıdakı məlumatları toplamalı olduğunuzu nəzərdə tutur:

  1. Texnika. Söhbət hansı texnikadan gedir? Onların neçəsi sıradan çıxıb? Niyə? Bu nasazlıq nə qədər ciddidir? Qarı süpürgəçilər təmizləyə bilməzmi? Texnikanı sazlayıb çatdırmaq olarmı? Əgər olarsa, nə zamana?
  2. Çovğun. Nə vaxt başlayacaq? “Çovğun” nədir? Bu, nə qədər ciddi problemdir? Çovğun olacağı nə qədər dəqiqdir? Bu məlumatı kim verib? Onlara inanmaq olarmı? Niyə?
  3. Nəqliyyat problemləri. “Yalnız mərkəzi prospektdə” nə deməkdir? “Hərəkət etmək” nə deməkdir? Dəqiq haranı təmizləyəcəklər? Niyə həmin yeri? Ən yüklənmiş yollar hansılardır? Ən böyük problemlər harada yarana bilər? Maşınla evdən çıxmağa dəyərmi? Saat neçədə? İctimai nəqliyyat işləyəcəkmi? Necə?

Konkret bu xəbər ilə bağlı sizə daha başqa məlumatlar lazım deyil. Müsahibələrin yalnız o hissəsini seçin ki, orada sizə lazım olan faktlar və fikirlər var; yazdığınız mətnə aidiyyatı olan sitatları istifadə edin. Yerdə qalan məlumatlar ya ümumiyyətlə lazım deyil, ya da başqa mətnlər üçün lazım olacaq.

Bir mətn – bir fokus. Bəli, məhz belə. Lakin eyni mövzuda fərqli məqalələr də yazmaq olar. İngilis dilində buna “coverage” deyirlər, bir növ “məsələnin ardıcıl olaraq işıqlandırılması”. Coverage zamanı ilk materialı yuxarıda bəhs etdiyimiz fokusla verə bilərik. Növbəti günün materialı üçün başqa bir fokus seçmək olar: “şəhəri tıxaclar bürüyəcək, çünki texnikanın təmiri üçün ayrılan pulları yeni il yarmarkasının təşkilinə xərcləyiblər”. Əgər mövzu hələ də müzakirə olunursa, üçüncü gün üçüncü fokusla davam etmək olar.

Fokus yoxdursa – əhvalat da yoxdur. Əgər fokusu bir cümlə ilə ifadə edə bilmirsizsə, onda siz mətni yazmağa hazır deyilsiz. Hətta giqabaytlarla ölçülən audi-video materialınız, yüzlərlə səhifə sənədiniz olsa da, hazır deyilsiz! Siz sadəcə olaraq nə yazacağınızı bilmirsiz. Bunu etiraf etmək çətindir, çünki həqiqətən çox zəhmət çəkmisiz. Nəticədə isə zəhmətiniz hədər gedib. Ona görə də saysız-hesabsız materialları toplamazdan öncə özünüzə sual verin: nəyə görə?

Fokus dəyişir. İnformasiyanın əsas hissəsini toplamazdan öncə özünüz üçün müəyyən etdiyiniz fokus daha çox fərziyyədir. Belə fərziyyələrdən bir neçəsi ola bilər. İş prosesində onlar ya təsdiqlənəcək, ya da təsdiqlənməyəcək. Fərziyyə dəqiqləşə də bilər. Birdən aydın olar ki, ən vacib məsələ tamam başqa imiş. Bütün bunlar normaldır. Lakin yekunda sizin fərziyyəniz təsdiqlənməlidir. Siz onu şahid ifadələri, müşahidələr, faktlar və təsvirlərlə sübut edə bilməlisiz. Sizin oxucuya danışacağınız əhvalat da məhz bu sübutlardır.

Sərlövhədəki foto: Fredrik Walløe /Flickr

Paylaş