Yeni Jurnalist

Dalma jurnalistikası yeni güclə qayıdır?

Rövşən Əliyev

Virtual reallıq yaradan texnologiyanın inkişafı jurnalistikanın keçmiş metodlarından birini — dalma jurnalistikasını yeni trendə çevirir, onu daha zəngin şəkildə meydana çıxarır.

Bir tərəfdən, dünyanın aparıcı xəbər mediası əhvalatdanışmanın bu növü üçün xüsusi platformalar hazırlayır. O biri tərəfdən, novatorlar həmin bahalı texnologiyanı əlçatan eləmək üçün startap yaradırlar.  Universitetlərin jurnalistika fakültələrində bu metodun tədrisinə başlanır, treninqlər təşkil olunur.  

Dalma jurnalistikası nədir?

Jurnalistin məqsədi xəbəri vermək, əhvalatı oxucuya, tamaşaçıya çatdırmaqdır. O, əhvalatı obyektiv çatdırmalı və mesajı təsirli verməlidir. Təsiri artırmağın bir metodu da dalma jurnalistikasıdır.

Qərbdə əsasən “immersive journalism”, bəzən “stunt journalism” adıyla tanınan bu xəbərçatdırma, əhvalatdanışma metodu adamların baş verənləri öz üzərində hiss eləməsini hədəfləyir.

Subyektiv jurnalistikaya aid edilən dalma jurnalistikası ənənəvi xəbərvermədən xeyli fərqlənir. Jurnalist hadisənin içinə girir, iştirakçıya çevrilir və hisslərini çatdırır. Hadisəni hiss elətdirir. Subyektiv jurnalistikanın başqa bir məşhur növündən – Qonzo jurnalistikasından fərqi odur ki, reportyor əsas rolda olmur. Mərkəzdə öz başına gələnlər deyil, özgəsinin əvəzinə öz hiss elədikləridir. Bir sözlə, dalma jurnalistikasında reportyor işıqlandırdığı həyatın turisti olur. 

Dalma jurnalistikası xəbər istehsalının, nəqletmənin elə bir formasıdır ki, burda adamlar hadisə və ya şəraiti birinci şəxsin başına gələndən öyrənirlər, özlərini onun yerinə qoyurlar, xəyalən hadisənin içinə girirlər. Hadisənin, şəraitin bu cür çatdırılma üsulu insanlarda güclü empatiya yaratmağa hesablanır.

Məsəl üçün, əgər jurnalist əlilin həyatını dalma yolu ilə oxucuya çatdırmaq istəyirsə, o bir müddət əlil arabasında gəzib çətinlikləri, problemləri öz üzərində hiss eləməlidir.

Dalma jurnalistikası tarixdəki örnəklərindən nəylə fərqlənir?

Yeni texnika tətbiq edildikdə bu, sənədli verilişlərin tamamilə yeni bir növünə çevrilir.

Dalma jurnalistikasının tarixi belə başlayır. 1887-ci ildə New York World qəzetinin əməkdaşı Elizabet Ceyn Kokrin (Elizabeth Jane Cochrane) Bləkvells adasındakı ruhi xəstələr üçün sığınacaqda qadınların alçaldılıb təhqir olunmasını araşdırmaq fikrinə düşür. Ruhi xəstələr üçün sığınacaqlar indiki psixatrik hospitalların əcdadıdır. Kokrin ruhi xəstə cildinə girərək bu sığınacağa düşür.  “Dəlixanada 10 gün” adlı silsilədə başına gələnləri, hiss elədiklərini qələmə alır. Bu yazı böyük uğur qazansa da, jurnalistikada yeni bir janrın əsasını qoysa da, o vaxtdan bəri journalist obyektivliyi ilə, etik məsələlərlə, hüquqla bağlı həll olunmamış çoxlu suallar meydana çıxarıb. İkinci Dünya müharibəsində, futbol oyununda və başqa gərgin hadisələr zamanı bu janrdan faydalanan yazarlar olub.

Ötən əsrin 90-cı illərindən başlayaraq Birləşmiş Ştatların ictimai TV və radiolarında dalma jurnalistikası proyektləri gerçəkləşdirilib.

Bəs indi?

Hazırda dalma jurnalistikasında, əsasən iki növ texnikadan istifadə olunur. 360 dərəcə videoçəkilişdən və ya texnikanın köməyi ilə hadisələrin, məkanın seyrçi ətrafında canlandırılmasından. İkinci metod üçün daha çox vaxt tələb olunur: əldə olan video, foto və audio materialların və vizualizasiya texnikasının köməyi ilə işləmək lazımdır. Dalma jurnalistikasının bu mərhələsi daha bahalı, daha çox təşkilatçılıq tələb edən işdir.

İndiki anlamda dalma jurnalistikası müasirimiz Noni di la Pinyanın (Nonny de la Peña) adı ilə bağlıdır. Onun yaratdığı Emblematic Group adlı studiya   virtual reallıq və 3D texnologiyalarının köməkliyi ilə iştirakçıları hadisələrin içinə “aparır”.

Məsələn, proyektlərdən birində  seyrçi-iştirakçı Hələbəki raket atəşləri, bomba partlayışları altında qaçqın düşərgəsində baş verənləri “yaşamalı” olurlar. Studiyada virtual çevrə, əsasən 3D texnologiyası vı kompüter qrafikası ilə yaradılır. Ancaq hadisə yerində çəlkimiş fotolardan, videoların, audiolardan istifadə olunur. Yəni mühiti real hiss elətdirmək üçün  qurama yox, real səs effektlərindən istifadə olunur.

Dalma jurnalistikasında kompüter modelləşdirilməsi, virtual reallıq yaradılması başqa bir zərurətlə də bağlıdır. Bəzi yerlərdə çəkiliş mümkün deyil. Məsələn, Quantanamo həbsxanasında. Studiya həbsxana haqda mümkün olan məlumatlar, fotolar əsasında onun modelini düzəldir. Bu proyekt seyrçini həbsxanada məhbusların içinə “aparır”. Düzdür, seyrçilər kompüter oyunlarında olduğu kimi VR texnologiyasının köməyi ilə o mühitə girirlər. Ancaq oyunda seçim olur. Hadisəni dəyilşmək, ssenarini yazmaq imkanı olur. Bu virtual reallıqda isə seçim yoxdur. Həbsxanaya “düşənin” qarşısına suallar çıxır. 1. Valideynəmi zəng edərdin? 2. Vəkilmi çağırardın? 3. Niyə bura gəldiyinimi soruşardın?

Ancaq bu 3 variantın 3-ü də mümkünsüzdür. Çünki bu, oyun deyil.  

Dalma jurnalistikasının ənənəvi mediaya daha asan inteqrasiya olunan növü 360 dərəcə videoçəkilişləridir.

The New York Times qəzeti təhkiyənin bu növünü ”Didərginlər” adlı sənədli işlə sınaqdan çıxarıb. Müharibə zamanı qaçqın düşmüş üç uşağın indiki vəziyyəti 360˚  kamera ilə çəkilir.   Sonra The New York Times-ın abunəçilərinə 1,2 million Google Cardboards paylanır. Bu qadcet nisbətən ucuzdur. İki linza, karton və plastmasdan ibarətdir. İstifadəçilər qadceti smartfona birləşdirib videoya baxırlar və “Didərginlər”in mühitinə düşürlər.

Bunun ardınca Huffington Post RYOT adlı studiyanı alır.  Bu studiya virtual reallıq və 360˚ video üzrə ixtisaslaşmışdı.   The Guardian, Time da bənzər platforma əldə edir.

CNN əsasən 360˚ video çəkilişə əsaslanan CNNVR platforması ilə dalma jurnalistikasına yol açır.  Məsələn, İspaniyanın Pamplona şəhərində bu texnologiya ilə çəkiliş öküz döyüşlərini daha yaxşı hiss eləməyə imkan verir. (Bu link hər brauzerdə eyni effekti vermir.  Sənədli filmi 360 ˚ izləmək üçün uyğun brauzerdə (məsələn, Microsoft Edge) baxmaq lazımdır.

Belə sənədli jurnalistika məhsulu yaratmaq böyük təşkilatçılıq, xərc, uzun zaman tələb edir. Ona görə, yalnız iri media şirkətləri öz VR platformalarını yarada bilirlər. yaxud əməkdaşlarının bir mövzu üzərində günlərlə, aylarla çalışmasına imkan verirlər.

Kiçik media şirkətlərinin belə bir lüksü yoxdur. Ancaq texnologiya sürətlə irəliləyir, qarşıya çıxan problemin çarəsi tapılır.

Viar startapı kiçik media şirkətləri üçün belə bir platforma yaradıb. Yəni artıq cüzi xərclə dalma jurnalistikasına kiçik media şirkərləti də meydan verə biləcəklər. Viar texnologiyası jurnalistə imkan verir ki, 360˚ videonu sadə yolla virtual reallıq əhvalatına çevirsin.

Texnologiyanın inkişafı texniki vasitələrin əlçatan olması, ucuzlaşması ilə nəticələnir. Dalma jurnalistikasında mərkəzi yer tutan sferik kameralar cəmi bir neçə il qabaq əlçatmaz idi. İndi qiyməti 200-800 dollar intervalındadır. Bundan başqa bahalı montaj avadanlıqları da getdikcə əhəmiyyətini itirir. Avtomontaj funksiyası olan kameralar bazara çıxır. Post-prodakşn işi sadələşir.

Yarandığı tarixdə olduğu kimi, indi də dalma jurnalistikası ilə bağlı suallar qalır. Jurnalistikanın bu növü manipulyasiyaya açıqdır. Faktların və qurama-mizanın sərhəddi yayğındır. Ancaq ənənəvi jurnalistikadakı etik normaları gözləməklə, mənbələri dəqiq göstərməklə, bu sənədli əhvalatdanışma üsulundan faydalanmaq olar.

Rövşən Əliyev, Yeni Jurnalist saytı üçün

Paylaş