Yeni Jurnalist

İnfoqrafika yaratmaq üçün 5 faydalı proqram

Bu günlərdə onlayn media getdikcə daha çox infoqrafikadan istifadə edir.

İnfoqrafika – məlumatların vizualizasiyasıdır. O, məlumatları oxucuya adi mətnlə yox, təsvirlə çatdırır. İnfoqrafika bir qayda olaraq izahedici mətnlərlə müşayiət olunan qrafiklərdən, diaqramlardan və digər təsvirlərdən ibarətdir.

Oxucuya xəbəri daha əyani formada çatdırmaq üçün statistik informasiyanı və rəqəmləri əsas mətndən kənara çıxarıb infoqrafika formasında vurğulamaqla xəbəri həm daha oxunaqlı, həm də daha cəlbedici etmək olur.

Sosial texnologiyalar istixanası infoqrafika yaratmaq üçün beş ödənişsiz və rahat xidmətin siyahısını hazırlayıb. Yeni Jurnalist saytı sizə həmin materialın tərcüməsini təqdim edir.

1) Canva

Canva proqramı sizə infroqrafika üçün çoxsaylı hazır şablonlar təklif edir. Burada qrafik elementlərin geniş inventarı da mövcuddur. Siz bu inventardan yararlanaraq hazır şablonlarda dəyişikliklər edə, öz kompüterinizdən fon üçün təsvirlər əlavə edə bilərsiniz. Proqram bir neçə səhifədən ibarət infroqrafikalar yaratmağa da imkan verir. Proqramın interfeysi intuitivdir. Siz hazır infoqrafikalarınızı PNG və ya PDF fayl formasında endirə bilərsiniz.

Canva onlayn xidməti eyni zamanda sizə Pinterest, Twitter, Facebook, Tumblr, Instagram kimi sosial şəbəkələr üçün fərqli posterlər hazırlamağa imkan yaradır. Burada məktublar, CV, təqdimatlar, sertifikatlar, afişalar, menyu və loqotiplər hazırlamaq üçün şablonlar var.

Digər tərəfdən, xidmətin təklif etdiyi bəzi şablonlar ödənişlidir. Əsas funksiyalar ödənişsiz olsa da proqramın biznes üçün nəzərdə tutulmuş daha təkmil versiyasına ayda 9,95 dollar ödəniş etmək lazımdır.

2) Venngage

Bu onlayn xidmət Canva proqramına bənzəyir. Onun vasitəsilə infoqrafika ilə yanaşı, posterlər, afişalar, hesabatlar da hazırlamaq olar. Burada xəritələr, diaqramlar və qrafiklər, cədvəllər üçün hazır şablonlar mövcuddur. Bəyəndiyiniz qrafik elementlərdən – şəkillərdən, ikonlardan və loqotiplərdən istifadə etməklə öz infoqrafikanızı da yarada bilərsiniz. Hazır infoqrafikaları PNG və ya PDF formatında endirmək mümkündür.

Bu proqramın da daha təkmil versiyası ödənişlidir. Premium versiyadan istifadə etmək üçün hər ay 15 dollar ödəmək lazımdır.

3) Visme

Bu onlayn xidmət beta versiyada olsa da, animasiyalar, maketlər, banner və infoqrafika hazırlamağa imkan yaradır. Burada infoqrafikalar üçün çoxlu ödənişsiz şablonlar mövcuddur. Proqramın ödənişsiz versiyasında əsas funksiyalardan istifadə etmək mümkün olsa da, premium hesab üçün hər ay 7 dollar ödəniş etmək lazımdır.

4) Cacoo

Təsvirlər çəkmək üçün çox sadə və rahat olan bu ödənişsiz onlayn xidmət həm də müxtəlif infoqrafikalar düzəltməyə imkan yaradır. Burada təqdimatlar, diaqramlar, sayt xəritələri, səhifələrin sxemlərini, şəbəkə qrafikləri hazırlamaq olar.

Bu xidmətin bir xüsusiyyəti də eyni zamanda bir neçə istifadəçinin eyni qrafik üzərində işləməsinə imkan verməsidir. Cacoo xidmətində hazırlanmış infoqrafikanı PNG formatında öz saytınızda yerləşdirə bilərsiniz. Əgər proqramda orijinal infoqrafikaya dəyişiklik etsəniz, saytınızda görünən versiya da müvafiq olaraq dəyişəcək.

5) Creatly

Mürəkkəb və təfsilatlı infoqrafikalar hazırlamaq istəyən istifadəçilər bu onlayn proqramda çoxsaylı bloklar, qrafik fraqmentlər və funksiyalar tapa bilərlər. Eyni zamanda öz kompüteriniz və ya saytınızdan təsvirlər əlavə edə, şrifti, obyektləri, onların ölçü və rənglərini dəyişə bilərsiniz. İnfoqrafika hazırlamaq üçün redaktor pəncərəsindən işləyəcəksiniz. İnfoqrafikaları PDF formatında kompüterə endirmək olur. Proqramın interfeysi yeddi dildə çalışır. Xidmət ödənişsiz olsa da, ayda 5 dollar qarşılığında ödənişli hesab açmaq mümkündür.

Paylaş