Yeni Jurnalist

İqlim dəyişikliyi xəbərlərində nələrə diqqət etməli?

Səyyarə Məmmədova

Bütün dünyada fərqli nəticələri ilə üzləşdiyimiz iqlim böhranı ilə bağlı jurnalistlərin cəmiyyəti məlumatlandırmadakı əhəmiyyətli rolu danılmazdır. İqlim dəyişikliyi birdən çox təsir sahəsi olan, kompleks və elmi bir mövzu olsa da onu daha başa düşülən bir dildə, fərqli hekayə izahı üsulları ilə oxuculara çatdırmaq mümkündür.

Getdikcə təsirlərini daha sıx gördüyümüz iqlim böhranı ilə mübarizə aparmaq və addımlar atmaq üçün çox yönlü bir yanaşma göstərilə bilər. Bu mövzuda tədbirlər görmək üçün qeyri-hökümət təşkilatlarının, ictimaiyyətin, şirkətlərin, hökümətlərin birlikdə çalışması əhəmiyyətli olduğu kimi, bu mövzu ilə bağlı cəmiyyəti doğru və səlis xəbərlər ilə məlumatlandırmaq da vacibdir. İqlim elmində istifadə edilən terminlər və qavramlar ya oxucu tərəfindən başadüşülən olmur, ya da yanlış şərh edilməsinə gətrib çıxarır. Bu yazıda iqlim dəyişikliyi haqqında xəbər hazırlayarkən nələrə diqqət etməli olduğumuza nəzər yetirəcəyik.

Özünüzü məlumatlandırın

İqlim dəyişikliyi haqqında xəbərlər hazırlamazdan əvvəl, işə ən təməl terminlər və qavramlar haqqında özünüzü məlumatlandırmaqdan başlaya bilərsiniz. İqlim böhranı ilə bağlı hansı alt başqlılar mövcuddur, iqlim dəyişikliyinin gələcəkdəki nəticələri nə ola bilər? Hazırda iqlim böhranının səbəb olduğu hadisələr nələrdir? Bunları araşdırın. Özünüzü inkişaf etdirmək üçün onlayn bələdçilərdən və bu barədə mütəmadi olaraq məlumat paylaşan qurumların hesabatlarından faydalana bilərsiniz.

Auditoriyanızı tanıyın

Xəbəri hazırlayıb təqdim edəcəyiniz auditoriyanı araşdırın. Auditoriyanızın iqlim dəyişikliyi haqqında sahib olduğu məlumatlar nələrdir? Onlara bu barədə xəbərlər təqdim edərkən hansı dildən istifadə etməlisiniz? Əgər oxucularınızın mövzu haqqında nə dərəcədə məlumat sahibi olmağından xəbərsinizsə, bütün hekayənizi sanki bu haqda heç bir məlumatı olmayan bir auditoriyaya çatdırırmış kimi hazırlayın.

Yeni hekayə izahı formatları kəşf edin

İqlim dəyişikliyi hər nə qədər birbaşa hamımızın həyatına təsir göstərsə də mövzunun bir çox termini ehtiva etməsi, elmi tərəflərinin olması onun anlaşılmasını daha da çətinləşdirir. Eləcə də, iqlim dəyişikliyi bir çox insan üçün çox uzaq bir zamanda və məkandaymış kimi başa düşülür. Bu səbəblə, iqlim böhranını xəbərləşdirərkən oxucuların gündəlik həyatlarından nümunələr verməyə, iqlim dəyişikliyinin nəticələrinin insanların birbaşa həyatındakı təsirlərdən bəhs etməyə çalışın. Əgər rəqəmsal mühit üçün xəbər hazırlayacaqsızsa, yeni hekayə izahı formatlarını kəşf edin. Oxucularınızın informasiyanı daha asan əldə etməsinə və iqlim dəyişikliyinin onların gündəlik həyatı ilə əlaqəsini daha açıq şəkildə ifadə etməyə çalışın.

Mütəxəssislərlə əməkdaşlıq edin

İqlim dəyişikliyini xəbərləşdirərkən bir çox halda iqtisadi, siyasi və ya elm kimi fərqli sahələrdən bəhs etməli olacaqsınız. Bir jurnalistin bütün bu sahələrdə mütəxəssis olması gözlənilən deyil. Bu səbəbdən də araşdırmanıza sizinlə birlikdə bu mövzu üzərinə işləmək istəyən, fərqli sahələrdə mütəxəssis olan şəxsləri daxil edə bilərsiniz. Fərqli sahələrdə təcrübəsi olan jurnalistlərin birlikdə iqlim üzərinə xəbər hazırlaması mövzunun fərqli tərəflərini də ətraflı əhatə etməyə imkan yaradır.

Fakt yoxlamanı hər addımda tətbiq edin

Jurnalistikanın ən təməl fəaliyyətlərindən biri olan fakt yoxlama prosesini hər addımda tətbiq edin. Xüsusilə başqa şəxslərdən sitat gətirərkən diqqətli olun. Xəbəriniz üçün istifadə etdiyiniz mənbələrin sizə dediklərini yoxlama aparmadan xəbərə daxil etməyin. Fakt yoxlama prosesi ilə bağlı rəqəmsal alətləri necə istifadə edə biləcəyiniz və necə yoxlama apara biləcəyiniz haqqında özünüzü inkişaf etdirin.

Sadəcə problemləri yox, həlləri də araşdırın

İqlim böhranı ilə bağlı atılan addımları və həll yollarını araşdırın. Həmin həllərin nə qədər effektiv olduğunu, uğurlu və ya uğursuz olduğunu, hansı məqamlarda uğurlu ola biləcəyini araşdırıb, əldə etdiyiniz sübut və dataları oxucularla paylaşa bilərsiniz. İqlim dəyişikliyi ilə bağlı hökümətlərin və şirkətlərin tətbiq etdiyi həll yolları, tədbirlər və siyasətləri izləyin.

Mövzuya jurnalistikanın digər perspektivlərini də qatın

İqlim dəyişikliyi ilə bağlı xəbər hazırlayarkən, xəbərinizə araşdırmaçı jurnalistika, həll yönümlü jurnalistika, data jurnalistikası kimi fərqli bucaqlar da qata bilərsiniz. İqlim dəyişikliyi ilə bağlı araşdırılmalı olan bir çox mövzu başlıqları mövcuddur. Məlumat bazalarından əldə edə biləcəyiniz ictimai datalar ilə data əsaslı xəbərlər hazırlaya bilərsiniz. Eləcə də iqlim böhranı ilə bağlı maraq toqquşmalarını, qurumların və şirkətlərin buna ayrılan vəsaitlərini necə xərclədiyini, böhranı dərinləşdirən faktorları və sair araşdıraraq iqlim haqqında xəbərə araşdırmaçı jurnalistika perspektivindən də yanaşmaq mümkündür.  Dünyanın fərqli yerlərində, iqlim böhranının öhdəsindən gəlmək üçün tətbiq olunan həll yollarını və tədbirləri də araşdıraraq, iqlim dəyişikliyinə həll yönümlü jurnalistika perspektivindən də yanaşa bilərsiniz.

Jarqonlardan istifadə edərkən diqqətli olun

Müsahibə apardığınız mütəxəssis və ya siz iqlim dəyişikliyi haqqında bir çox jarqondan xəbərdar ola bilərsiniz, lakin auditoriyanızın bu jarqonları başa düşə bilməyəcəyi ehtimalını hər zaman nəzərdə saxlayın. Müsahibə apardığınız şəxslər bu cür ifadələrdən istifadə edərkən, onlardan daha sadə formada açıqlamasını istəyin. İqlim dəyişikliyi ilə bağlı xəbərlərinizdə həmin araşdırmanıza və ya xəbərinizə xas bir lüğət tərtib edib, oxucuları girişdə məlumatlandırmaq da bir həll yolu ola bilər.

Rəqəmsal alətlərdən istifadə etməyi öyrənin

İqlim dəyişikliyi ilə bağlı xəbər hazırlayarkən bir çox rəqəmsal alət hekayənizi daha effektiv və təsirli təqdim etmənizə kömək edə bilər. Məsələn, NASA-nın onlayn resurslarından faydalanaraq xəbərinizi daha vizual hala gətirə bilərsiniz. Əldə etdiyiniz dataları fərqli data jurnalistika vasitələri ilə vizuallaşdırıb yeni formatlarda təqdim edə bilərsiniz. Peyklər vasitəsilə əldə olunan görüntüləri xəbərinizə daxil edə bilərsiniz. Onlayn şəkildə istifadə edib faydalana biləcəyiniz bir çox vasitə və veb sayt mövcuddur.

İzləmədə qalın

İqlim böhranı ilə bağlı aparılan elmi araşdırmaları, xəbərləri ve yenilikləri izləmədə qalın. Bunun üçün iqlim haqqında aktual məlumatlar paylaşan e-bülletenlərə abunə ola bilərsiniz, podkastlara qulaq asa bilərsiniz, iqlim dəyişikliyi haqqında akademik məqalələr dərc edən jurnalları izləyə bilərsiniz. Mövzu haqqında aktual xəbərləri izləmək öz araşdırmanız üçün yeni mövzular kəşf etməyinizə də kömək edə bilər.

Ekosistemdə olun

İqlim dəyişikliyi sadəcə sizin fokuslandığınız mövzu deyil. Dünyanın fərqli ölkələrində, fərqli jurnalistlər, media işçiləri, aktivistlər və tanımadığınız fərqli qruplar sizin kimi eyni mövzu üzərinə işləyir. Eyni mövzu ilə məşğul olan insanlarla ünsiyyətdə olmaq, məlumat mübadiləsi etmək və müzakirələr aparmaq araşdırmalarınız üçün faydalı ola bilər. Bunun üçün iqlim dəyişikliyi ilə bağlı təşkil edilən konferansları, atelyeləri və iclasları izləmədə qalın. Bu sahədə xəbər hazırlamaq istədiyinizi eyni ekosistemi paylaşdığınız insanlarla bölüşün. Bəzən keçmişdə qurduğumuz əlaqələr,  xəbərimiz üçün mənbə, data, ekspert rəyi və yaxud fərqli baxış bucağı axtardığımızda köməyimizə çatır.

Mənbələr

Paylaş