Yeni Jurnalist

Jurnalist sosial mediada nə axtarır? — VİDEO

Media eksperti, filologiya üzrə fəlsəfə doktoru Almaz Mahmudun “Media savadlılığı: jurnalistlər üçün” layihəsi çərçivəsində növbəti təqdimatı:

Sosial şəbəkələrdə olmaq media təmsilçiləri üçün nədir? İşdən sonra şəxsi həyatın bir hissəsi, beyin dincliyi, yoxsa xəbər axtarışı? Jurnalist mütləq sosial mediada olmalıdırmı? Buna məcburdurmu?

Aparıcı media qurumlarının sosial media ilə bağlı da təlimatları var. Bu təlimatlar ənənəvi mediada tələb olunan etika kodeksləri ilə demək olar ki, eynidir. Məsələn, “Vaşinqton Post” qəzetinin Rəqəmsal Nəşriyyat Təlimatları bu sözlərlə başlayır: “Facebook, Twitter, Linkedin və digər sosial şəbəkələrdən məlumat vermək məqsədilə, yaxud şəxsi həyatla bağlı istifadə edərkən peşəkar dürüstlüyümüzü qorumalı və xatırlamalıyıq: “Vaşinqton Post”un jurnalistləri həmişə “Vaşinqton Post”un jurnalistləridir”.

Beynəlxalq standartlara görə, jurnalistlər sosial şəbəkələr də daxil olmaqla harda çıxış etmələrindən asılı olmayaraq tərəfsiz görünməlidirlər. Reportyorların sosial şəbəkələrdə istənilən mövzu ilə bağlı fikir bildirmələri onların çalışdıqları xəbər mediasının tərəfsizliyini şübhə altına qoyur. Dünyanın “Assoşieyted Press”, “Röyters” kimi aparıcı informasiya agentlikləri artıq sosial şəbəkələrlə iş şöbələri yaradıb.

Media təmsilçisi sosial şəbəkədə olduğu zaman unutmamalıdır ki, o, burda heç də sərbəst deyil. Yəni çalışdığı media qurumunun maraqlarına, profilinə əks hər hansı bir məlumat yaya bilməz. Ənənəvi mediada olduğu kimi sosial media hesabında da jurnalist obyektiv, neytral, dəqiq olmalı, yoxlanmamış faktı yaymamalı, başqalarının fikirlərinə hörmətlə yanaşmalıdır. Jurnalist sosial mediadan istifadə edərkən efirdə, saytda və ya hər hansı rəqəmsal xəbər platformalarında olduğu kimi, ədalətlilik, dəqiqlik, doğruluq, şəffaflıq, müstəqillik kimi peşəkar, etik standartlara riayət etməlidir.

Paylaş