Siz öz onlayn təhlükəsizliyinizi qorumaq üçün qabaqlayıcı tədbirlər görürsünüzmü?
Dünyanın bir çox nöqtəsində araşdırmaçı jurnalist olmaq çətin, bir sıra hallarda isə təhlükəli ola bilər. Texnologiya jurnalistlərə yeni məlumatları daha rahat əldə etməyə kömək etsə də, digər tərəfdən təhlükəsizlik məsələsində olan boşluqlar onlar üçün əlavə, əvvəllər qarşılaşmadıqları problemlər yaradır. Buna görə də, müasir dövrümüzdə məlumatların təhlükəsizliyi, xaker hücümlarına məruz qalmaq, müxtəlif müdaxilələrdən qorunmaq araşdırmaçı jurnalistin həll etməli olduğu ən vacib məsələlərə çevrilib.
Business Day və Financial Mail-də jurnalist kimi fəaliyyət göstərən Stephan Hofstatter deyir ki, özü və digər peşəkar dostları müxtəlif araşdırmalar zaman dəfələrlə bu kimi təhlükəli hallarla qarşılaşıblar:
Bir dəfə hətta məni qorumaq üçün 24 saat qapımın önündə gözətçi saxlamaq məcburiyyətində qalmışdım.
Müstəqil jurnalist və “Qazanc üçün Qətl” kitabının müəllifi Julian Rademeyer də bu fikirlə razılaşır. O deyir ki, hədə-qorxu hiss etdiyin məqamda, əlavə təhlükəsizlik tədbirlərinə mütləq müraciət etmək lazımdır.
Lakin, onlayn hədə-qorxuların dəyərləndirilməsi daha çətin ola bilər. Bu bizim əvvəllər qarşılaşmadığımız bir təhlükə olduğu üçün, əhəmiyyət verməyə və ya səhv addımlar ataraq mənbələrimiz aşkara çıxara, məlumatlarımızı əldən verə bilərik. Bunlarla qarşılaşmamaq üçün bəzi qabaqlayıcı tədbirlər görmək, özünüz üçün daha təhlükəsiz mühit formalaşdırmaq vacibdir.
Texnologiya və risklər
Dizüstü kompüterlər və smartfonlar imkan yaradır ki, bizim harada olduğumuzu, danışıqlarımızı və elektron poçtumuzu izləmək, qeydiyyatını aparmaq asanlaşır. Belə olduğu halda, biz mənbələrimizi və məlumatları necə qorumalıyıq?
Rademeyer deyir ki, araşdırmaçı jurnalistlər smartfonun verdiyi üstünlüklərlə yaratdığı təhlükələri düzgün hesablayıb, balanslaşdırmağı bacarmalıdır. Çünki telefonunuz kiminsə əlinə keçdiyi halda, bütün məlumatlarınızın da onun əlində olduğunu demək olar.
Hofstatter isə təklif edir ki, telefonunuzdan çıxan siqnalların qarşısını almaq üçün xüsusi proqramlardan istifadə edək. Çünki telefonu söndürmək bu siqnalların qarşısını almaq üçün kifayət deyil. Bundan əlavə, telefonu söndürmək bizim işimiz üçün də praktik üsul deyil. O təklif edir ki, müxbirlər mümkün olduğu qədər üzbəüz danışıqlara müraciət etsinlər. Xüsusilə, həssas mövzular, qaynar məsələlər üçün bu üsul daha keçərlidir. Bunu etmək mümkün olmadığı halda, təhlükəsizliyinizi qorumaq üçün yaradılmış, xaker hücumlarına dayanıqlı olan müxtəlif proqramlardan istifadə edə biləcəyimizi deyir. Hoffstatter əlavə edir:
Mən tez-tez öz mənbələrimin ağıllı məsləhətlərinə etibar edirəm. Onlar təklif etdiyim üsulla razıdırlarsa, bu halda istifadə edirəm.
Məsələn, elektron poçtunuzu qorumaq və danışıqlarınızı daha təhlükəsiz etmək üçün bu vasitələrdən birindən yararlana bilərsiniz: PGP encrypted mail, Hushmail, Threema, Viber, ProtonMail
Rademeyer təhlükəsizliyiniz üçün digər həll yolları da təklif edir: digər ləqəblərlə açdığınız elektron poçtlarımızdan istifadə edin, mənbənizə süni adla yaratdığınız elektron poçtun ad və şifrəsini verin ki, orada qaralama (draft) olaraq məlumatları yerləşdirsin və heç bir yerə göndərməsin və sair. Sonra siz eyni ad və şifrə ilə daxil olub bu qaralamadakı məlumatdan istifadə edə bilərsiniz. Bu üsullar təhlükəsizliyiniz üçün çox faydalı və praktik ola bilər. Təkliflərdən bir digəri də internet kafelərdə oturaraq, oradan elektron poçtunuzdan istifadə etməməkdir. Çünki İP ünvanınızdan istifadə edərək sizi tapmaq xeyli asanlaşır.
Bütün bunları nəzərə alaraq, araşdırmaçı jurnalistlərin onlayn təhlükəsizliyini təmin edəcək vasitələri araşdırdıq. Aşağıdakı siyahıda həmin vasitələrlə tanış ola bilərsiniz:
- Elektron Sərhəd Fondu (The Electronic Frontier Foundation) tərəfindən hazırlanan rəqəmsal təhlükəsizlik bələdçisi və məşğələləri sizi təhlükənin növlərini müəyyənləşdirmək və müxtəlif təhlükəsizlik alətlərini yükləyib, quraşdırmaqla bağlı ətraflı məsləhətlərlə təmin edir.
- Jurnalistlərin Müdafiə Komitəsi (The Committee to Protect Journalists) jurnalistlərin təhlükəsizliyi ilə bağlı ümumi bələdçidə texnoloji məsələlərə də yer ayırıb.
- Araşdırmaçı Jurnalistika Mərkəzi (The Centre for Investigative Journalism) araşdırmaşı jurnalistlərin təhlükəsizliyi ilə bağlı olduqca detallı bələdçi təqdim edir ki, burada təkcə electron poçtunuzun deyil, əməliyyat sisteminizin təhlükəsizliyini təmin etməklə bağlı suallarınıza da cavab tapa bilərsiniz.
- Brauzer və internetinizi necə daha təhlükəsiz etmənizlə bağlı əsas addımların da daxil edildiyi, sizə bu addımların atılmasına kömək edəcək mövcud şəxsilik (gizlilik) vasitələrin tam siyahısı.
- Sərhəsiz Jurnalistlər (Reporters without Borders) Onlayn Təhlükəsizlik Bələdçisi həm qısa bə aydın olmaqla yanaşı, fransız, ərəb və sair dillərdə də təqdim edilir.
- Taktiki Texnologiya Kollektivi (Tactical Tech Collective) tərəfindən daha çox aktivistlərə xitabən hazırlanmış, lakin araşdırmaçı jurnalistlərin də yararlana biləcəyi vasitə və məsləhətlər.
- Sonda Edward Snowden-in, onlayn təhlükəsizliyin vacibliyinə sizə öz nümunəsi ilə inandıracaq bəzi məsləhətləri ilə tanış ola bilərsiniz.
Beləliklə, bu onlayn təhlükəsizlik və şəxsilik vasitələrindən istifadə edərək, araşdırmaçı jurnalistlər effektiv iş üçün daha təhlükəsiz mühit formalaşdıra, özlərinin və mənbələrinin qorunmasını təmin edə bilərlər.
Orxan Cəfərli
Foto: Scott Webb / Unsplash