Yeni Jurnalist

Jurnalist və sosial media

Jurnalistlər üçün xüsusi sosial media qaydalarına ehtiyac varmı?

Bu günün jurnalistikası peşəkar jurnalistlərin sosial media mühitini Twitter istifadəçiləri, bloggerlər və digər aktiv sosial media istifadəçiləri ilə paylaşmaq imkanları üzərində qurulub. Bu isə, jurnalisti ona əvvəllər tanış olamayan bir təcrübədən keçməyə məcbur edir. İndi jurnalistlərin öz sosial media hesablarından  həm şəxsi, həm də peşəkar məsələlərlə bağlı nəyi deyib, nəyi deməməli olduqları əsas diskussiya obyektidir.

Bir çox xəbər təşkilatları və media şirkətləri jurnalistləri sosial media hesablarından aktiv və düzgün istifadə edərək, özlərini “markalaşdırmağı” təklif etdikləri halda, bəzi hallarda onların atdıqları tvitlər, paylaşdıqları fikirlər, onlayn şərhlər reputasiyalarına kölgə sala bilir.  Onlar diqqətsizlik və ya emosionallıq edərək, milliyətçi fikirlər, siyasi şərhlər edir, hər hansı bir namizədin tərəfini tutur, onun təbliğatı ilə açıq-aydın məşğul olur və ya şəxsiyyəti alçaldan şərhlər yaza bilirlər.

Bütün bunları nəzərə alaraq, hal-hazırda jurnalistlər üçün xüsusi hazırlanmış sosial media qaydaları toplusunun vacibliyi fikri müzakirə mövzusudur. Bu cür qaydalar jurnalistlərə yeni dünyada düzgün hərəkət etmək və reputasiyalarına xələl gətirmədən fəaliyyət göstərmək imkanı verə bilər.

Əsaslandırılmış sosial media qaydaları toplusu jurnalistlərə sosial mediada müstəqil səs imkanı verir, eyni zamanda da protokolu izləyərək, öz işlərində daha da təkmilləşdirmək fürsəti yaradır. Çünki, bu günün jurnalistikasında sosial medianın həlledici rolu var.

Sosial media məlumatların cəmiyyətə çatdırılması üçün jurnalistlər və ictimaiyyətlə əlaqələr departamentlərinin mütəxəssisləri üçün olduqca dəyərli bir vasitədir və onların bu vasitəyə hər zaman ehtiyacları var.

Bu yaxınlarda aparılmış bir araşdırma (Cision Global Social Journalism Study) jurnalistlərin sosial mediaya yanaşmasını daha aydın şəkildə nümayiş etdirir.  2012 və 2017-ci il araşdırmalarının nəticələri göstərir ki, sosial media platformalarında gündəlik məzmun paylaşan jurnalistlərin sayında 12 faizə qədər artım müşahidə olunub.

Jurnalistlər sosial media üçün nəzərdə tutulmuş məzmun yaratmağa davam etdikcə və bu artdıqca, sosial media qaydalarının tətbiqi daha da aktuallaşır. Bu təkcə jurnalistlər üçün deyil, həm də sosial mediada müəyyən təsir gücünə  malik olan şəxslər (influencers) və müxbirlərə də aid ola bilər.

Sosial media qaydalarını tətbiq edən təşkilatlar arasında Peşəkar Jurnalislər Cəmiyyəti (Society of Professional Journalists) də var. SPJ belə bir fikir irəli sürür:

Cəmiyyət öz liderlərini və üzvlərini gündəlik qaydada sosial mediadam istifadə edərək, kommunikasiya qurmağa təşviq edir və bu təkcə öz aralarında deyil, həm də geniş jurnalistika cəmiyyətinə açıq formada baş verir.

Bundan əlavə, bu qaydalar toplusu SPJ rəhbərləri və üzvlərinə “cəmiyyətin missiyasını həyata keçirmək  üçün ən yaxşı sosial media təcrübələri izləmək fürsəti də yaradır.” SPJ öz üzvlərindən keçmiş təcrübələrdən yararlanaraq sağlam düşüncələrindən istifadə etmələrini istəyir.

Bu günün oxucuları xəbərləri smartfon vasitəsilə çox asanlıqla əldə edə  və müəllifin yazı sürəti ilə eyni sürətdə mənimsəyə bilirlər. İndi sadə vətəndaşlar jurnalistikada böyük rol oynamağa başlayıb – ağıllı telefonlar və sosial media onlara əlverişli imkan yaradır ki, xəbərlərin istehsal prosesində birbaşa iştirak edə bilsinlər. Facebook, Twitter, YouTube, WordPress və Medium tipli platformalar vətəndaşlara öz xəbər məzmunlarını yaratmaq, üstəlik də ictimaiyyətlə paylaşmaq üçün geniş imkanlar təqdim edir. Vətəndaşlar yaratdıqları xəbər məzmunlarını CNN kimi böyük mənbələrlə də paylaşa bilirlər.  Lakin bəziləri üçün bu proses problem yarada bilər.

Jurnalist kimdir?

“Jurnalist” sözünün tam şəkildə necə izah edə bilərik? Sosial media bu sualı daha da aktuallaşdırır və nəticədə media sahəsində iş tapmaq da get-gedə çətinləşir. Ən əsası isə, sosial media bütün jurnalistlərdən tələb edilən, bilmələri vacib olan bir vasitəyə çevrilib.  Xəbər təşkilatları və media korporasiyaları hər bir jurnalistin aktiv sosial media istifadəçisi olmasını, özlərinin təsir gücünə malik olmalarını istəyir. Sosial media jurnalistlərin öz auditoriyası ilə əlaqədə olmasını tələb edir.

Jurnalistika artıq köhnə formatından çıxaraq, hər kəsin yarada biləcəyi yeni formata daxil olub. Sadəcə 140 işarə ilə sən qlobal və ya yerli xəbərləri işıqlandıraraq, hər hansı bir qəzetdən daha cəld davrana bilirsən. Twitter güclü xəbər vasitəsinə çevrilib, Snapchat də bu istiqamətdə ən çox iş görən platformalardan biridir. Xüsusilə də videoməzmun mövzusunda Snapchat çox ciddi addımlar atır.

Jurnalistikada sosial medianın bu cür artan təsir gücü və əhəmiyyəti xəbər təşkilatları və media agentliklərinin jurnalistlərdən geniş sosial media bilikləri tələb etmələrinin başlıca səbəblərindən biridir. Bu həmçinin, sosial media qaydalarının yaradılmasını vacib edən amildir – lakin, heç də hər kəs bununla razılaşmır.

Denver Post-da yazdığı bir məqalədə jurnalist Daniel Petty sosial medianın xəbərləri necə sıradan çıxardığını sual altına alır. O iddia edir:

Sosial media bizə hər zaman olduğundan qat-qat artıq məlumat mənbəyinə çıxış verib, lakin bu bizim bir-bizimizə olan hisslərimizi və keyfiyyətli jurnalistika üçün olan biznes modelini məhv edir.

Petty kimi jurnalistlər sosial medianın həyatımızda həlledici rolunu tam dərk edir, bununla belə jurnalistlərin məqalələrinə göstərdiyi mənfi təsiri də diqqətə çatdırırlar. Petty bütün xəbər başlıqlarının oxşar olduqlarını və bir-birinin eynisi olduğu hissi verdikləri deyir; çünki onlar həqiqətən də eynidirlər. Daha çox klik edilməsi üçün yazılan postlar, daha yaxşı məzmunu əvəzləməyə başlayıb.

Digərləri isə sosial media qaydalarının tamamilə aradan qaldırılmasının və jurnalistlərin şəxsi səhvlərinə görə qovulmamalı olduqları fikrini müdafiə edir. The Atlantic üçün yazdığı məqalədə jurnalist Conor Friedersdorf jurnalistlərin sosial mediada etdikləri səhvlərə görə məhdudiyyətlərlə qarşılaşmamalı olduğunu deyir.

Qaydalar toplusu jurnalistlərin sosial mediadan düzgün və ağıllı, öz reputasiyalarına ziyan vurmadan istifadəsinin ən asan yoludur. Biz artıq dəfələrlə jurnalistlərin və xəbər agentliklərinin reputasiyasının göz önündə necə çökdüyünün şahidi olmuşuq. Buna görə də, sosial mediada jurnalistlər digər peşə sahiblərindən daha diqqətli olmalıdırlar. Çünki, biz jurnalistlərin dedikləri sözlərin təsiri digər insanların sözlərindən qat-qat güclüdür. Bunun məsuliyyətini dərk edərək davranmaq lazımdır.

Sosial mediayla bağlı etik məsələlər təkmilləşdirilə bilər və hal-hazırda elə məhz bu mərhələyə şahidlik edirik. Jurnalistikanın inkişaf sürəti də buna bağlı olaraq xeyli artıb – 40 il öncə ilə müqayisədə bu inkişafın sürətini daha aydın şəkildə görmək olur. Sosial media inkişaf etdikcə istifadəçilər nəyin yalnış, nəyin doğru olduğunu daha tez anlamağa başlayır, bu da öz növbəsində jurnalistikada yaxşı təcrübələrin sayını artırır. Sosial media qaydaları fikirlərimizi azad ifadə etmək haqqımızı əlimizdən almır. Bu qaydalar bizə daha yaxşı journalist və dünya vətəndaşı olmağa imkan verir.

Orxan Cəfərli

Foto: William Iven / Unsplash

Paylaş