Yeni Jurnalist

Jurnalistikada interaktiv hekayəçilik

Səyyarə Məmmədova

İnteraktiv jurnalistika media qurumlarının və jurnalistlərin oxucu ilə qarşılıqlı əlaqə qurmasına imkan yaradan yeni bir jurnalistika növüdür. Burada jurnalistlər xəbərlərini sadəcə ənənəvi mətn formatında təqdim etmək yerinə animasiyalar, interaktiv oyunlar, testlər və ya veb texnologiyalarının imkan verdiyi digər çərçivələr daxilində oxucunu da hekayəyə daxil etmək fürsəti əldə edirlər. Bu sayədə istifadəçi, media qurumu qarşısındakı passiv oxucu rolunu tərk edərək hekayənin bir hissəsi olur və bəzən də hekayənin formalaşmasında rol oynayır. Bu yazımızda rəqəmsal dövrün trendlərindən olan interaktiv jurnalistikadan və nümunələrindən bəhs edəcəyik.

İnteraktiv jurnalistika nədir?

İnteraktiv jurnalistika, interaktiv veb texnologiyalarının yayılması ilə birlikdə meydana gəlib. Bugün interaktiv media, jurnalistika, informasiya texnologiyaları, incəsənət, data elmi kimi bir çox sahəni ortaq məxrəcdə bir araya gətirən bir fəaliyyət sahəsidir.

İnteraktiv jurnalistika əsasən bir neçə məqsədə xidmət edir. Bunlardan birincisi, media qurumu ilə oxucu arasındakı əlaqəni gücləndirmək, oxucunun diqqətini cəlb etməkdir. Çatdırılmalı olan məlumatın daha maraqlı və xoşagələn formada ötürülməsi və oxucunun bu sayədə marağını cəlb etmək də interaktiv jurnalistikaya müraciət etmək üçün əsaslı bir səbəb olaraq görülə bilər.

Digər yandan bir oxucunun, passiv şəkildə xəbəri mətn halında oxumağımı, yoxsa məlumatı özünün də hekayənin bir parçasına çevrilə biləcəyi formatda əldə etməyimi seçəcəyi üzərinə düşünün. Oxucunun hekayə ilə daha yaxından əlaqə qurması, materialın çatımlılığını artırmaq baxımından əhəmiyyətli addım ola bilər. İnteraktiv media praktikasında, tez-tez istifadəçi oyunlaşdırma vasitəsi ilə hekayənin bir parçasına çevrilə bilir və ya hekayənin qurulmasında rol oynaya bilir. Bununla birlikdə oxucunun materiala şərh yazması, düzəliş təklif etməsi və ya əvvəlcədən müəyyən edilmiş qaydada material ilə qarşılıqlı interaksiyaya girməsi də interaktiv jurnalistika pratikası olaraq göstərilə bilər.

Hər xəbər interaktiv olmaq məcburiyyətində deyil

İnterkativ jurnalistikanın tətbiq edilməsində bir çox fərqli üsul və formadan istifadə edilə bilər. Bu növ materiallar bloq yazıları, sosial şəbəkə anketləri, foto slaydlar, veb səhifələri və digər formalarda ola bilər. Oxucu ilə qurulacaq qarşılıqlı əlaqənin növündən asılı olaraq oyunlaşdırma, anket və sair üsullarının tətbiq edilməsi də mümkündür.

İnteraktiv jurnalistika dedikdə daha çox multimedia materiallarının köməyilə ərsəyə gətirilən işlər ağla gəlir. Bu növ materiallar həm hekayəni vizual olaraq dəstəkləyir, həm də incəsənət kontekstində bir dəyər əlavə edir. Vizuallaşdırma, başa düşülməsi çətin olan məlumatların daha asan anlaşılmasında da vacib rol oynayır. Multimedia materialları ilə bağlı diqqət edilməli olan məsələlərdən biri də onların ehtiyyatla istifadə olunmasıdır. Hər hekayənin və ya hər xəbərin multimedia materialı ilə dəstəklənməsinə ehtiyac yoxdur. Hekayənin doğru çatdırılması üçün bəzən sadəcə mətn kifayət edə bilər. Bu baxımdan foto, video və ya digər multimedia materiallarının istifadəsinin görülən işə qatacağı faydayı nəzərə almalı, yersiz əlavələrdən uzaq durulmalısınız. Məsələn, böyük datalarla üzərində işləyərkən, bunları oxucuyadoğru bir şəkildə çatdırmaq üçün bəzən onu daha başadüşülən və insan hisslərinə daha çox xitab edə bilən formaya salmaq lazım gəlir. Bu məqsədlər üçün animasiyalar və interaktiv multimedia vasitələri doğru seçim ola bilər.

Bu bir faktdır ki, materialda multimedianın istifadəsi, onun çatımlılığını artıracaq. Veb səhifəsində interaktiv və hərəkətli multimedia müşaiyətində hekayə oxumaq, oxucunuzun bütün məlumatları və dataları anlamadan belə hekayənin məğzini anlamasına köməklik göstərə bilər. Bundan əlavə, doğru hazırlanmış müqayisələr, rəqəmlər və hekayəyə dair vizual işarələrlə əslində darıxdırıcı olan bir mövzunu maraqlı və xoşagələn tərzdə izah edə bilərsiniz.

İnteraktiv xəbərlərlə bağlı bir digər vacib məqam, auditoriyanın hekayənin bir parçasına çevrilməsi məsələsidir. Oxucularınbir tərəfdən hekayə ilə tanış olub, digər tərəfdən interaktiv media ilə əlaqə qurmağa başlamağı, materiala ayrılan zamanın artması ilə nəticələnir. Bu da ən sonda istifadəçilərin veb səhifəsində keçirdikləri vaxtın artışına müsbət təsir göstərir. Beləcə bir interaktiv hekayənin hazırlanmasına ayrılan vaxtın əvəzində istifadəçiləri daha uzun müddət veb səhifəsində saxlamaq mümkün olur. Bu, gəlir modelindən asılı olaraq, media qurumunun qazancına birbaşa təsir edən faktordur.

Məzmun və forma əlaqəsini düzgün qurmaq lazımdır

Bunu da qeyd etmək lazımdır ki, bəzən fərqli xəbər və ya hekayə növlərinin fərqli üsullarla və materiallarla izah edilməsi daha məqsədə uyğundur. İnteraktiv jurnalistikada məqsədin doğru müəyyən edilməsi və hazırlanan materialların bu məqsədə uyğunluq təşkil etməsi, işin uğurlu olub olmamasını müəyyən edən əsas faktorlardan biridir. Belə ki, uzun uzadı paraqraflardan ibarət olan bir xəbər oxucunun diqqətini nə qədər çəkmirsə, məqsədsiz və uyğun olmayan multimedia materialları və interaktiv xüsusiyyətlər də bir o qədər yayındırıcı vər yorucu təsir bağışlayır. Bəs hansı növ materiallar interaktiv jurnalistikanın tətbiqi üçün daha uyğun hesab edilir?

  • Data mərkəzli xəbərlər: Bunlara statistikalar, maliyyə bazarlarına aid rəqəmlər və elmi araşdırmaların tərkib hissəsi olan datalar daxildir
  • İstifadəçilərlə emosional əlaqə yaratmağın vacib olduğu hekayələr, xəbərlər və ya araşdırmalar. Burada istifadəçiyə məlumatın çatdırılması üçün onu hekayəyə cəlb etmək, emosional əlaqə qurmasına şərait yaratmaq lazımdır.
  • Qeyri adi foto və ya video kadrların olduğu xəbər materialları. Bəzi video və ya foto materiallar interaktiv bir formada bir araya gətirilərək güclü bir hekayənin təməlini yarada bilər.
  • Onlayn anketlər, sual-cavab formatındakı interaksiyalar və bunun kimi ənənəvi üsullar ilə istifadəçidən alınan məlumatı hekayənin və ya xəbərin formalaşmasında istifadə etmək.

İnteraktiv xəbər nümunələri

New York Times: “Suriyada Vətəndaş Müharibəsi”

2015-ci ildə New York Times qəzeti Suriyadakı vətəndaş müharibəsi ilə bağlı interaktiv xəbər hazırlayıb. Qrafik formatında hazırlanan interaktiv hekayədə: vətəndaş müharibəsinin necə yerli bir konfliktdən başlayaraq beynəlxalq bir konfliktə çevrildiyi göstərilir. Qrafiklər, şəkillər və mətnlərlə birliktə oxucular konfliktdəki tərəflərin hər biri ilə yaxından tanış ola bilir və onların bir-biri ilə əlaqələrini və şəxsi motivasiyalarını anlaya bilirlər. Bundan əlavə ətraflı xəritə vasitəsilə Suriyanın Suriya Ordusu, müxaliflər və İŞİD arasında necə bölündüyünü də görmək mümkündür.

Straits Times: “Sağ Qalma Oyunu”

Straits Times tərəfindən 2018-ci ildə hazırlanan “Sağ Qalma Oyunu” adlı interaktiv media proyektində istifadəçilər bir personaj seçərək şəxsi büdcənin idarə edilməsi ilə bağlı kiçik bir oyun oynayırlar. Bu oyun sayəsində şəxsi büdcə fonunda Sinqapur hökümətinin büdcəsi və büdcənin idarə edilməsi ilə bağlı məlumat alma imkanı əldə edirlər. Bu nümunədə oyunlaşdırma və məlumatın dolayı yoldan çatdırılması üsulunun seçildiyini görürük. İstifadəçi əvvəlcə oyuna daxil olur, sonra bəzi seçimlər edir və bu seçimlər vasitəsilə bir nəticə əldə edir. Daha sonra isə əldə edilən nəticənin çatıdırılmaq istənilən məlumat ilə paralellik təşkil edən qisimləri istifadəçiyə çatdırılır.

The Washington Post: “Everestə Çıxmaq”

The Washington Post “Everestə Çıxmaq” adlı veb səhifəsi interaktiv jurnalistikaya dair qiymətli nümunələrdən biri olaraq göstərilir. Burada Everest zirvəsinə çıxan alpinistlərin hekayələrini, qrafik incəsənət nümunələrinin müşaiyəti ilə birliktə izləmək mümkündür. Veb səhifəsi, Everest dağının zirvəsindən başlayaraq alpinistlərin izlədiyi yolun başlanğıcına qədər irəliləyir və onların bu müddət ərzində əldə etdikləri təcrübələrdən bəhs edilir. Bu nümunədə mətn və xüsusi kompyuter qrafikası ilə yanaşı səs materiallarından da istifadə edilib. Bu da mətn formatındakı hekayənin həcmini artırmağa kömək edir.

Mənbələr

Paylaş