Yeni Jurnalist

Koronavirus pandemiyası barəsində xəbərləri necə hazırlamalı?

Koronavirus (COVID-19) pandemiyasından material hazırlayarkən jurnalist nəyə diqqət yetirməlidir? Zərərçəkən şəxslər və onların yaxınları ilə ünsiyyət zamanı hansı qaydalara əməl etməlidir?

COVID-19 yoluxucu xəstəlik olduğundan bu virusla müalicə alanlarla birbaşa ünsiyyət mümkun deyil. Belə olan halda onlarla yalnız sağaldıqdan sonra və yaxud müalicə aldıqları müddətdə yaxınları ilə söhbətləşmək mümkündür.

Xəstəlik şəxsin özəl həyatıdır, müalicə alan və ya sağlamlığına qovuşmuş insan haqqında məlumat verilməsi yalnız həmin şəxsin razılığı əsasında ictimailəşdirilməlidir. Bu məqamda söhbət sıravi, xüsusi ictimai vəzifəsi olmayan şəxsdən gedirsə.

İctimai məsuliyyəti olan şəxslərin sağlıq durumu barədə zəruri informasiyalar isə cəmiyyətə çatdırılmalıdır. Üstəlik, onun müalicəsinin necə getdiyi barədə də informasiyalar verilməlidir. Jurnalistlər bu zaman həmin şəxs haqqındakı məlumatın mötəbər olub-olmadığına diqqət yetirməlidirlər.

Açıq suallar ünvanlayın. Bu tip sualların məqsədi müsahibi danışdırmaqdır. Ola bilər ki, qarşınızdakı insan ilk dəfədir müsahibə verir və bu suallar onun daxili dünyasını aça bilər. Məsələn, “Necə oldu ki, bu işdə çalışmağa başladınız?”

Qapalı suallar o zaman məqbuldur ki, jurnalist konkret məsələ haqqında dəqiq cavab almaq istəyir. Məsələn, “Dərhal həkimə müraciət etdiniz, yoxsa bir müddət gözlədiniz?”

Peşəkarlıq, etika və vicdanı unutmayın. Hər zaman kimsə dərdini danışmaq istəyəcək. Bu da jurnalist üçün vacib məqamdır.  Baxmayaraq ki, sizə danışmağa razılıq verib, amma həmin andakı əhval ruhiyyəsi yerində deyil – kədərlidir, həyəcanlıdır, özgüvəni sarsılıb. Bu zaman o insana bir qədər zaman tanıyın. Fərqli, asudə mövzulardan söhbət salın və yaxud ona daha rahat atmosferdə ünsiyyət üçün imkan yaradın.

Empatiyanızı göstərin, amma dərdinə şərik olduğunuzu yox. Öz duyğularınıza nəzarət etməyə çalışın. Qarşı tərəfdən hansısa reaksiyanı gözləməyin. Faciələr eyni olsa da, ona reaksiyalar müxtəlif olur. Azərbaycan jurnalistikasında belə anlarda stereotiplər var. İnsan mütləq ağlamalıdır, çünki faciə ilə üzləşib. Ağlamaya da bilər.

Stereotiplərdən qaçın, çünki onlar jurnalistlərin dünya modelini kasadlaşdırır və mövcud olan imkan və fürsətləri görməyə qoymurlar. Ağlaması da onun özəlidir, onun bu emosiyalarının ictimailəşdirilməsi üçün icazə istəyin, dərhal yox, bir qədər keçdikdən sonra. İstəməyə də bilər.

Hərdən insanlar özlərini təhqirolunmuş hesab edir və yaxud gərgin olurlar. Hətta siz ona pislik etmədiyiniz halda. Bu, sadəcə o insanın xarakterindən irəli gələn məsələ ola bilər, yəni sizinlə bağlı bir hal deyil. Bu hal sizə narahatlıq yaratmırsa, o insanla ünsiyyətə davam edin. Yoxsa, onun bu durumunu işıqlandırmaq sizin maraqlarınız xaricində olmalıdır.  

“Özünüzü necə hiss edirsiniz” kimi suallardan uzaq olun. Bunun əvəzinə – “Siz insanların ən çox nəyi bilməsini istərdiniz” sualını soruşun. Psixologiyada problemə birbaşa yanaşma metodu ən işlək mexanizm hesab olunur.

“Mən sizin özünüzü necə hiss etdiyinizi yaxşı başa düşürəm”. Etiraf edək ki, bu belə deyil. Siz onun yerində deyilsiniz və onun nə hiss etdiyini də bilmirsiniz. Ona görə belə ünsiyyətdən qaçın.

“Bundan daha da pis ola bilərdi”, “bəxtiniz gətirib”, “əsas can sağlığıdır” kimi replikalar da yersizdir.

“Üçüncü şəxsin təkində” formulu burada da önəmlidir. Sizin mülahizələriniz yox, daha çox peşəkarların və bununla mübarizəyə məsul qurumların fikirləri önəmlidir. Sizin işiniz o fikirləri peşəkarcasına sistemləşdirib çatdırmaqdır. Daha çox insanla ünsiyyətdə olun, amma bu sahəni bilən insanla. Məsələyə konkret COVID-19 pandemiyasından yanaşsaq, ictimaiyyətin elmi yanaşmalardan xəbərdar olmaması təbiidir, onlar daha çox bir peşəkar tərəfindən xəstəlik və müalicə üsulları haqqında məlumatlara daha çox əhəmiyyət verəcək.

Faciəyə yalnız bir yerdə və bir zaman ərzində baş vermiş hadisə kimi yanaşmayın. Bunun həmin vaxtda və gələcəkdə, hətta başqa yerlər üçün olacaq nəticələri ilə əlaqələndirməyə çalışın.

Bu hallarda saxta xəbər və dezinformasiyaların yayılması da mümkündür. Ötən məqalələrimizdə yazdığımız kimi belə neqativ halların qarşısının alınması üçün yeganə yol şəffaflıqdan keçir. Həqiqəti əks etdirən məlumat bolluğu şəraitində kimsə bu cür primitiv üsullara əl atmır. Amma şəffaflıq olmayan şəraitdə də jurnalist peşəkarlığı önə çıxmalı və “məlumat kirliliyi”nin qarşısı alınmalıdır.

Yazı və TV süjetlərdə istifadə olunmuş foto və videoların həqiqiliyinin yoxlanılması. Axtarış platformalarından istifadə etməklə həmin vizual materialın hansı zamana və mənbəyə aid olduğunu yoxlamaq mümkündür.

Qrafiklər, illüstrasiya və rəqəmlər təqdim edən internet resursunu və təşkilatın mötəbərliyi də önəmlədir. Bu sayt və təşkilat haqqında öncə eşitmisinizmi? Sual və şübhə ilə yanaşın.

COVID-19 (koronavirus) pandemiyası ilə bağlı digərlərinin məsuliyyəti və vəzifə borcları ilə bağlı buradakı yazıdan tanış ola bilərsiniz.

Seymur Kazımov
media eksperti və jurnalist

Foto: Eugene Chystiakov / Unsplash

Paylaş