Media eksperti, filologiya üzrə fəlsəfə doktoru Almaz Mahmudun təqdimatı:
Peşəkarlığın ilkin şərtlərindən, əlamətlərindən biri etika kodeksinə malik olmaqdır. Deməli, jurnalistin etika kodeksi media savadlılığının əsas mənbəyidir, nəfəsidir, qayəsidir, özüdür. Jurnalist etikası olmayan yerdə media savadından söhbət gedə bilməz.
Etika kodeksində əsas dəyər peşəkar davranış tələb edən standartların müəyyən olunmasıdır. Etika kodeksi medianı ictimaiyyət qarşısında daha məsuliyyətli edir və bunun nəticəsi olaraq ictimaiyyətin mediaya inamını artırır. Kodekslər həm insanları, cəmiyyəti, həm də media əməkdaşlarının özlərini çalışdıqları təşkilat daxilində təzyiqlərdən qoruyur.
Jurnalist həmişə həqiqətin qarantı ola bilməz, lakin faktın, məhz faktın dəqiq olması əsas prinsipdir. Jurnalistlər müstəqil səs olmalıdır. Əldə etdiyi xəbəri ən azı iki mənbədən dəqiqləşdirməldir. Obyektiv və qərəzsiz olmazsa, jurnalistə inam, etibar da olmaz.
Jurnalistlər öz işlərində həmişə açıq və şəffaf olmalıdırlar. Səhv etdikləri zaman onu düzəltməli və peşmanlıq sərgiləyən ifadələri səmimi olmalıdır.
Dünyanın aparıcı informasiya şəbəkələri, agentliklər, radio və televiziya kanalları etik prinsipləri özündə ehtiva edən peşəkar jurnalistika standartları üzrə kodekslər hazırlayırlar.
Beynəlxalq etika kodekslərinə əsasən, jurnalist yalnız düzgün yolla məlumat, şəkil və ya sənəd əldə etməli, yəni öz adını və peşəsini fırıldaq yola yönəltməməli və ya gücdən istifadə etməməlidir. Haqqında tənqidi material yazdığı şəxsə özünü müdafiə etmək imkanı verməlidir. Əgər jurnalist həmin şəxslə məsələni müzakirə etmək istəmirsə, məlumatı açıqlamaqdan vaz keçməlidir. Yox, əgər bunu etməkdə israrlıdırsa, mənfi tərəflərlə yanaşı müsbət tərəfləri də auditoriyanın diqqətinə çatdırmalıdır. O zaman məlumat daha balanslı, etibarlı, tənqid isə daha güclü alınar.
Jurnalistin iş üslubu ictimai etibarı qazanıb saxlaması üçün olduqca vacibdir. Jurnalist çıxılmaz vəziyyətə düşdükdə, seçim qarşısında qaldıqda etik məcəllə və təlimat kitabçasına üz tutmalıdır.