Yeni Jurnalist

Peşəkar fotoqrafiya üçün smartfon applikasiyaları

Əlinizin altında yalnız smartfon olarsa, hadisələri, tədbirləri və qəhrəmanların portretlərini necə çəkmək olar? Təşkilatınız saytında və ya sosial şəbəkələrdə paylaşmaq üçün bir fotonu necə tez redaktə etmək olar? 

Sosial Texnologiyalar İstixanası peşəkar fotoqrafların istifadə etdikləri, foto çəkmək və kollaj yaratmaq üçün faydalı olan applikasiyaları nəzərdən keçirib. YeniJurnalist.org saytı həmin materialın tərcüməsini sizə təqdim edir.

Fotoqrafiya

Camera+ 2

Peşəkar fotoqrafiya üçün mobil əlavə. Rəqəmsal fotoaparatın funksionallığına sahibdir — əl və avtomatik idarəetmə, RAW formatında çəkiliş, fokus nöqtəsi və ekspozisiyanın ayrılması, ağ rəngin balansı, çəkiliş sürəti.

Bu applikasiya həm sürətli reportaj fotoqrafiyası, həm də yavaş portret tərzi üçün uyğundur. Eyni zamanda çəkiliş tərzini dəyişdirmək imkanı verir. Proqram sizin smartfonun linzalarının məlumatlarını təhlil edir və funksiyalarını artırmaq üçün həll yolları təklif edir.

Camera+ 2

PureShot

Heç bir əlavəsi olmayan mobil applikasiyadır. Yəni yalnız fotoqrafiya. Heç bir redaktə, filtr və digər əlavə funksiyaları yoxdur. Bu proqram müasir fotokameralarda olan bütün mümkün funksiyaları və parametrləri öz smartfonuna köçürərək onu rəqəmsal fotokameraya çevirmək istəyən peşəkar fotoqraflar üçün nəzərdə tutulub.

Bu applikasiya smartfon ilə rəqəmsal fotokamera kimi işləmək, çəkiliş üçün parametrləri seçmək və bütün prosesi idarə etmək imkanı yaradır. Manual çəkiliş rejimi, çəkiliş tezliyi və ya diafraqmanın prioritetləri, ekspozisiyanın ± 3 daxilində tənzimlənməsi.

PureShot (iOS) və ya Open Camera (Android)

Çəkilişə hazırlıq

Magic Hour

Gözəl şəkil çəkmək vəzifəsi ilə üzləşdiyiniz zaman öncədən hazırlaşmaq daha yaxşıdır. Bu mobil tətbiq “qızıl saatı” – batan günəşin şüaları altında şəkil çəkmək üçün mükəmməl vaxtı hesablayır.

Proqram çəkiliş nöqtəsini və vaxtını, hava proqnozunu nəzərə alacaq və nə zaman çəkmək barədə dəqiq məlumatı sizə verəcək. Bu mobil applikasiyadan küçədə işləyərkən, qəhrəmanların portretlərini, video klipləri, eləcə də sayt və ya sosial şəbəkələr üçün təqdimat şəkillərini çəkərkən istifadə etmək çox rahatdır.

Siz həmçinin dünyanın istənilən şəhərində və ya nöqtəsində çəkiliş planlaşdıra bilərsiniz. Bunun üçün sadəcə koordinatları təyin etmək yetər – proqram planlaşdırılan çəkiliş üçün ən yaxşı vaxtı və yeri göstərəcək.

Magic Hour (iOS) və ya Golden Hour Calculator (Android)

Releases

Unutmaq olmaz ki, İnternetdə fotoların dərci üçün qəhrəmanınızdan icazə almağınız vacibdir. Qanuna görə bu icazə şifahi formada ola bilər. Amma qəhrəmandan reliz (release) – İnternetdə fotonun dərc edilməsinə icazə verən forma imzalamasını xahiş etsəniz, daha yaxşı və daha etibarlı olar.

Bu mobil tətbiq sizə uyğun şəkildə və tez bir surətdə reliz hazırlamağa imkan verir. Amma tətbiqin dili ingiliscədir və razılaşmanın mətni də ingiliscə olacaq.

Releases (iOS) və ya Easy Release (Android)

Photo Pills

Fotoçəkilişi planlaşdırmaq üçün mobil tətbiqdir. Bu proqram vasitəsilə məkanı təyin edə, sutkanın müxtəlif vaxtlarında günəşin yerini müəyyən edə, çəkiliş haqqında məlumatları həmkarlarınıza göndərə bilərsiniz.

PhotoPills ekspozisiyanı, kontrastın dərinliyini hesablamaq, fotokamera və ya smartfonun parametrlərini sazlamağa kömək edəcək.

Photo Pills (iOS/Android)

Redaktə

Google PhotoScan

Hər bir redaksiyanın arxivində fotolentə çəkilmiş və kağız üzərində çap olunmuş çoxlu foto var. Köhnə və bəzən hətta qədimi fotoşəkilləri rəqəmsallaşdırmağı nəzərdə tutan layihələr olur. Bəzən qəhrəmanınızda köhnə fotoşəkil olur və onu materialda istifadə etmək lazım gəlir.

Bu şəkilləri hətta borc almadan mümkün qədər tez qaydada necə rəqəmsallaşdırmaq olar?

Google PhotoScan mobil tətbiqi təkcə smartfonun kamerası ilə bu şəkilləri skan etmir, həm də onların keyfiyyətini yüksəldir. Proqram həmçinin fotonu lazımlı formatda qeyd edir, köhnə şəkillərin defektlərini aradan qaldırır.

Google PhotoScan (iOS/Android)

Adobe Lightroom CC

Peşəkar fotoqrafların alətidir. Reportaj fotoqrafiyası ilə iş üçün idealdır. Əgər sizə uzun sürən və mürəkkəb redaktə lazımdırsa, onda bu mobil tətbiqdən istifadə edin.

Bu proqramla yaxından tanış olmayanlar üçün fotoşəklin avtomatik korreksiyası funksiyası mövcuddur. Alqoritmlər öz işinin öhdəsindən yaxşı gəlir və bir qayda olaraq, hətta ən mürəkkəb fotolar da avtomatik korreksiyadan sonar yaxşı keyfiyyətdə olur.

Proqramın desktop versiyasından bizə məlum olan bütün funksiyalar – işıq, kölgələr, ağ rəngin balansı, rəng korreksiyası və s. bu mobil versiyada da peşəkarlar üçün əlçatandır. Axırıncı versiya sizə öz ilkin sazlamalarınızı quraşdırmaq imkanı da verir.

Adobe Lightroom CC (iOS)

Photo Editor by Aviary

Bu mobil tətbiq ciddi fotoredaktə və yaradıcı fototərtibat arasında yaxşı bir tarazlığa malik olan gözəl bir proqramdır. Eyni zamanda oyuncaq təsiri də bağışlamır. Proqram istifadəyə veriləndən bəri alətlərin sayı 20-dən 1500-ə qalxıb.

Hal-hazırda bu mobil applikasiya peşəkar fotoqraflar arasında fotoredaktə üzrə ən populyar proqramlardan biridir.

Aviary (iOS/Android)

Enlight

Reportaj fotoqrafiyası qəliz fotoredaktə tələb etmir, amma başqa sahələrdə biz daha mürəkkəb redaktə ehtiyacları duyuruq. Məsələn, bir sıra hallarda bizim fotoşəkillərə korporativ stil vermək, korporativ çalar yaratmaq və digər çoxsaylı şəkillərdən fərqləndirmək lazım gəlir. Belə olan halda Enlight mobil tətbiqi köməyə çatır.

Bu mobil tətbiq özündə yaradıcı redaktə funksiyalarını ehtiva edən fotoredaktə proqramıdır. İşıq, kölgələr, əyrilər, ekspozisiya kimi standart redaktə funksiyaları ilə yanaşı, burada yaradıcı filtrlər də var. Siz öz fotolarınızda istifadə etmək və onlara məxsusi ab-hava vermək üçün öz xüsusi filtrinizi də yarada bilərsiniz. Bu applikasiya fotokollajlar və ikiqat ekspozisiyalı fotoşəkillər hazırlamaq, rəng korreksiyası etmək imkanları təmin edir.

Enlight (iOS/Android)

Sosial şəbəkələr üçün foto və illüstrasiyalar

PicLab

Kollajlar hazırlamaq və fotoşəkillər üzərinə yazılar qoymaq üçün mobil tətbiqdir. Foto və ya şəklin üzərinə hər hansı ifadə və ya elan vurmaq lazım olanda köməyə yarayır. Sosial şəbəkələr üçün paylaşımlar hazırlayanda ən uyğun proqramlardandır.

PicLab (iOS/Android)

Sərlövhədəki foto: Pexels.com

Paylaş