Yeni Jurnalist

Sitatları düzəltmək olmaz, amma redaktə etmək olar — necə?

Dmitri Surnin

Birbaşa sitatları düzəltmək olmaz, amma redaktə etmək olar.

Siz materialda birbaşa formada (dırnaq açmaqla) sitat verəndə bir növ oxuculara deyirsiz: baxın, mənbə bu sözləri deyib (yaxud yazıb), özü də məhz bu formada, olduğu kimi. Bu baxımdan, birbaşa sitat – faktdır. İstənilən oxucu həmin məqamda jurnalistin yerində olsaydı, onun şahidi ola bilərdi. Əgər siz sitatda düzəliş etsəniz, onda siz faktı təhrif etmiş olarsız. Bir sözlə, yalan danışarsız.

Lakin insanların əksəriyyəti qarışıq danışır, bir mətləbdən başqasına atlayır, eyni şeyi başqa sözlərlə və dəfələrlə təkrar edir. Şifahi nitqdə bu, problem olmur, çünki jestlər, pauzalar, intonasiya dinləyiciyə yardımçı olur. Yazıda isə bu məsələ dərhal gözə çarpır.

Məsələn, gəlin nümunə üçün Rusiyanın Kursk vilayətinin qubernatoru Aleksandr Mixaylovun sözlərinə nəzər salaq. Qubernatorun müavini Zubkov korrupsiya işi üzrə şübhəli bilinir və ona qarşı təhqiqat işi açılıb. Jurnalist bu barədə qubernatorun fikrini soruşur. Qubernator deyir:

“Hmm, bilirsiz, bununla bağlı, ilk öncə, mən iki məsələni, yəni çox vaxt sərf etmək lazım deyil ki, insanlara da aydın olsun niyə, yox? İndiki administrasiya işləməyə başlayanda, kadrlar yığılanda, müavinlər də peyda oldu, yəni bu formada. Mən onlara demişdim, bu mövzu ilə bağlı, korrupsiya yəni, cinayətlə, mən dərhal dedim ki, onlara, əgər biriniz bir şey olsa. Hamıya nəzarət etmək olmaz axı, doğrudur? Haradasa nəsə edəcək, cinayət filan. buyurun. Əlbəttə ki, bunu sübut edəcəklər, tapacaqlar. Çünki bu da sualdır, özünüz bilirsiz necə. Baxın. Mən də düşünürəm ki, insanlar bizi başa düşür. Baxın, onda mən özüm onu tutub prokurora aparmağa hazıram. Buyur, məsuliyyətini çək indi, çünki yaxşı əməl törətməmisən, hansı ki, kölgə salır, ləkə salır, ümumiyyətlə, ola bilər ki, hakimiyyət strukturuna yəni. Hətta. Zubkovun vəziyyətinə gələndə isə, deyək ki, bilirsiz, olduğu kimi deyək, bütün iş müddətində, nə vaxtsa Kursk vilayətində fövqəladə hallar idarəsinin rəhbəri kimi, sonra belə deyək, axır zamanda qubernatorun müavini vəzifəsində işləyir, bilirsiz, öncədən deyim, işdir, hamının başına gələ bilər, mən bir rəhbər kimi yuxarıdan görürəm, müavinlərdən kim, ya da başqa kimsə, iclas keçirəndə, problemlərlə məşğul olanda, dərhal görürsən ki, harada işi axıra qədər görmürlər, haradasa səhv edib, amma onlar hamısı insandır axı. Amma, belə deyək, əsas da, bu məsələdə ona qarşı suallar yox idi. Nə fövqəladə hallar idarəsində işləyəndə, nə qubernator müavini olanda, bu qaydada. İndi hadisə baş verib. Bilirsiz, bizdə indi belədir. Mən də dünən öyrənmişəm. Yerlərdə səfərdə idim, baxın, həmişə işlər çox olur. Özüm də mətbuatdan öyrənmişəm, sonra telefonla dedilər. Çox təəccübləndim. Qəzəbləndim, heyrətləndim. İndi də, buradayam, səhərdən aydınlaşdırmağa çalışıram, hələ də axırına çıxmamışam, aydınlaşdıra bilməmişəm, nədə ittiham olunur, konkret olaraq, həmin Zubkov, nə demək istəyirlər. Heç kəs məlumat verməyib. Heç bir hüquq-mühafizə orqanı, eləcə də digərləri. Bu nədir axı? Doğrudan nə eləyib orada? Bəlkə –indi hər şey ola bilər, baxın, o, təhlükəsizlik məsələləri üzrə müavin idi – bəlkə hansısa xidmətdən kiməsə haradasa nəsə xoş gəlməyib. Provokasiyaya çəkə bilərdilər, hətta el dilində desəm, ilişdiriblər. Baxın. Ona görə də bilmirəm, nəyə şərh verim. mən isə mövzunu bilməyəndə burada şərh vermək sadəcə mənasızdır. Ona görə də gəlin gözləyək, nə vaxt ki, bizə rəsmi qaydada administrasiyaya deyəcəklər, iş nədir, bax onda mən hazıram daha ətraflı şərh verməyə. Bu gün yenə də vurğulayıram, bilmirəm nə şərh verim.”

Dəhşətdir, yox? Əsl dəhşət. İndi sitatları düzəltmək olmaz deyə, bu əcəbsəndəli oxucunun qabağına qoymalıyıq?

Əlbəttə ki, yox.

İlk addım: İnsanın nəzərdə tutduğunu öz sözlərinizlə, dolayı nitqlə deyin.

Burada iki ssenari mövcuddur:

  • insan qarışıq danışır, amma siz onun nə demək istədiyini anlayırsız;
  • sitatı yazıya köçürəndə məlum olur ki, siz spikerin sözlərinin mənasını anlamırsız, ya da anladığınızdan əmin deyisiz.

İkinci halda ya sitatı atmalısız, ya da mənbə ilə bir daha əlaqə saxlayıb dəqiqləşdirmə aparırsız. Birinci halda isə sitatı birbaşa nitqdən dolayı nitqə çevirirsiz.

Birbaşa və dolayı nitqin fərqi nədir? Birbaşa nitq insanın sözlərini olduğu kimi verir, dolayı nitq isə bu sözlərin məzmununu. Məzmunu vermək üçün siz istədiyiniz sözlərdən və istədiyiniz sayda sözdən istifadə edə bilərsiz. Əsas odur ki, məzmunu doğru verəsiz.

Birbaşa nitq həmişə xüsusi durğu işarələri – dırnaq işarəsi, dialoqlarda isə tire ilə verilir. Bəzən birbaşa nitq əlavə olaraq kursiz ilə verilir. Dolayı nitq isə hər hansı xüsusi qaydada işarələnmir.

İndi isə gəlin qubernatorun sözlərinin məzmununu verməyə çalışaq. Yəni birbaşa nitqi dolayı nitqə çevirək. Mixaylov nə demək istəmişdi?

  1. İndiki administrasiya formalaşanda qubernator öz əməkdaşlarına xəbərdarlıq etmişdi ki, korrupsiya şübhələri və ya ittihamı olan hər kəsi özü tutub prokurora aparacaq.
  2. Korrupsionerlər məsuliyyət daşımalıdır, çünki onların yaxşı olmayan əməlləri təkcə özlərinə yox, həm də bütün dövlət hakimiyyətinə kölgə salır.
  3. Zubkov vilayətin fövqəladə hallar idarəsinə rəhbərlik edib, sonra isə təhlükəsizlik məsələləri üzrə qubernatorun müavini olub.
  4. Zubkovun işinə ciddi iradlar olmayıb. Onun korrupsiyaya bulaşmasını göstərən şübhələr və faktlar isə ümumiyyətlə olmayıb.
  5. Zubkovun işi qubernator üçün gözlənilməz xəbər olub.
  6. Dünən qubernator bütün gün səfərdə olub. Həmişəki kimi işi çox olub.
  7. Hüquq-mühafizə orqanları Zubkovun işi ilə bağlı qubernatora heç bir məlumat verməyib. Qubernator xəbəri mətbuatdan öyrənib. Sonra isə bu barədə kiminləsə telefonla danışıb.
  8. Qubernator heyrətlənib və qəzəblənib.
  9. Bu gün səhərdən o, baş verənlər barədə məlumat əldə etməyə çalışıb, amma hələ də Zubkovun təqsirinin nə olmasını aydınlaşdıra bilməyib.
  10. Qubernator hələ də bilmir ki, Zubkov hansı əməli törədib.
  11. Qubernator hələ ki Zubkovu təqsirkar hesab etməyə hazır deyil.
  12. Qubernator ehtimal edir ki, bu iş provokasiyanın nəticəsi ola bilər. Əsas da “xüsusi xidmətlər” tərəfindən.
  13. Məlumat kifayət qədər olmadığı üçün qubernator bu təhqiqat barəsində şərh verməyə hazır deyil.
  14. Məlumat olan kimi qubernator da ətraflı şərh verməyə hazırdır.

İkinci addım: Əlinizdə olan mətndə hər kəsin bildiyi faktları ayırın, onları dolayı sitatdan çıxaracayıq.

İnsanlar danışanda öz nəzər nöqtələrini dəstəkləmək üçün bir çox hamıya məlum olan faktlardan istifadə edir. Əksər dinləyicilər bu faktları hətta kontekstdən kənarda bildiyi üçün onların dolayı və ya birbaşa sitatda verilməsi lazım deyil. Onları adətən ya ümumiyyətlə silirik, ya da jurnalistin öz mətnində veririk. Məsələn, qışın gəldiyini, ya da konstitusiyanın insan haqlarına təminat verdiyini bildirmək üçün həmin ifadələri spikerdən dolayı və ya birbaşa sitat kimi verməyə ehtiyac yoxdur. Qışın gəldiyini onsuz da hamı görür, konstitusiyanı da hər kəs özü oxuya bilər.

Sitatdan hər kəsin bildiyi faktları ayırmaq üçün bir neçə əlamətə baxmaq lazımdır:

  • bunlar spikerin şəxsi fikri və mövqeyi yox, məhz faktlar olmalıdır.
  • bunlar spikerin şəxsi təcrübəsini təsvir etmir, jurnalist və oxucular həmin məlumatı spikerin köməyi olmadan da əldə edə bilər.

Ən geniş yayılmış hallar:

  • Spiker hər hansı qanunda və ya ictimai əlçatan sənəddə nəyin yazıldığını deyir. Bu haldan istisna – sənəd məxfidir, dərc olunmayıb, mənbə isə həmin sənədin məzmununu eksklüziv olaraq şərh edir.
  • Spiker mövzunun keçmişi, indiyə qədər baş verən və mətbuatda çoxdan yayılmış detallar barəsində danışır – bəzən jurnalist bu harda spikerdən daha çox məlumatlı olur.
  • Spiker coğrafi, elmi, statistik məlumatları bölüşür. Bu məlumatları o özü şəxsən əldə etməyib, onlar xəbər və ya yeni kəşflər deyil. (Məsələn, “Asino şəhəri Tambov vilayətində yerləşir”, “Marsda su yoxdur”, “bizim vilayətdə 2 milyon insan yaşayır” və s.)

Kursk qubernatorunun yuxarıda təqdim etdiyimiz sitatında hər kəsin bildiyi faktlara 3-cü və 6-cı bəndləri aid edə bilərik: Zubkov əvvəl hansı vəzifədə işləyib və dünənə qədər hansı vəzifədə işləyirdi. Eləcə də dünən qubernator yerlərdə səfərdə olub. Bu faktlar spikerin – qubernatorun şəxsi təcrübəsinin nəticəsi, nə də onun şəxsi fikri deyil.

Əgər bu faktları normal jurnalist mətninə çevirsək, qubernatorun demədiyi detalları da əlavə etməklə oxucular üçün maraqlı məlumat verə bilərik. Qubernatora istinad etməli olmadığımız üçün istədiyimiz qədər yeni detallar əlavə edə bilərik. Məsələn,

Vasili Zubkov 2013-cü ildən Kursk qubernatorunun müavini işləyib. Buna qədər isə o, vilayətin fövqəladə hallar üzrə idarəsinə altı il rəhbərlik edib. Zubkov keçmiş hərbçidir, general-mayor rütbəsinə malikdir.

Dünən qubernator yerlərdə səfərdə olub. Vilayət administrasiyanın saytının məlumatına görə qubernator N-sk şəhərinə səfər edib, yerli sahibkarlarla üç saatlıq görüş keçirib, eləcə də musiqiçi Puzinin yubiley konsertində iştirak edib.

Üçüncü addım: Birbaşa nitqdə saxlaya biləcəyiniz fraqmentləri müəyyən edin

Bəzən birbaşa sitat nəinki mümkün, hətta vacib olur. Bəs hansı hallarda dolayı sitat verməkdənsə, birbaşa sitat vermək məsəhət görülür?

  1. İfadələr spikerin emosiyalarını, dəyərləndirməsini, bədii obrazları ehtiva edir. İfadənin forması spikerin dəyərləndirmə və emosiyalarını yaxşı büruzə verir.
  2. Spikerin işlətdiyi ifadələr, sözləri istifadə etməsi qaydası onun şəxsiyyəti haqda vacib təəssürat yaradır. Bəzən hətta “savadsız” ifadələr spikerin şəxsiyyəti haqda oxucuya bəzi şeyləri deyir. Spikerin ifadə forması özü də məzmunun bir hissəsinə çevrilir.
  3. İnformasiya çox vacibdir, hətta unikaldır, amma onun səsləndirmək hüquqi məsuliyyət yarada bilər, buna görə də həmin məlumatı birbaşa sitatla vermək lazım gəlir.

Bizim nümunədə hansı ifadələr yuxarıdakı əlamətləri daşıyır? Məsələn,

  1. Qubernator bildirir ki, korrupsionerləri özü tutub prokurora aparmağa hazırdır.Birbaşa sitat: “İndiki administrasiya işləməyə başlayanda, kadrlar yığılanda, müavinlər də peyda oldu, yəni bu formada. Mən onlara demişdim, bu mövzu ilə bağlı, korrupsiya yəni, cinayətlə, mən dərhal dedim ki, onlara, əgər biriniz bir şey olsa. Hamıya nəzarət etmək olmaz axı, doğrudur? Haradasa nəsə edəcək, cinayət filan. buyurun. Əlbəttə ki, bunu sübut edəcəklər, tapacaqlar. Çünki bu da sualdır, özünüz bilirsiz necə. Baxın. Mən də düşünürəm ki, insanlar bizi başa düşür. Baxın, onda mən özüm onu tutub prokurora aparmağa hazıram.”Niyə maraqlı ola bilər?Почему может быть интересно? Burada obrazlı ifadə var – “mən özüm onu tutub prokurora aparmağa hazıram” – sanki sözlərlə çəkilmiş şəkildir.
  2. Qubernator öz müavini Zubkovun işini dəyərləndirir.Birbaşa sitat: ” Hətta. Zubkovun vəziyyətinə gələndə isə, deyək ki, bilirsiz, olduğu kimi deyək, bütün iş müddətində, nə vaxtsa Kursk vilayətində fövqəladə hallar idarəsinin rəhbəri kimi, sonra belə deyək, axır zamanda qubernatorun müavini vəzifəsində işləyir, bilirsiz, öncədən deyim, işdir, hamının başına gələ bilər, mən bir rəhbər kimi yuxarıdan görürəm, müavinlərdən kim, ya da başqa kimsə, iclas keçirəndə, problemlərlə məşğul olanda, dərhal görürsən ki, harada işi axıra qədər görmürlər, haradasa səhv edib, amma onlar hamısı insandır axı. Amma, belə deyək, əsas da, bu məsələdə ona qarşı suallar yox idi. Nə fövqəladə hallar idarəsində işləyəndə, nə qubernator müavini olanda, bu qaydada.”Niyə maraqlı ola bilər? Qubernator öz müavini Zubkovun işini birbaşa dəyərləndirir və iddia edir ki, onun fəaliyyəti korrupsiyada ittiham olunmasına əsas yaratmırdı: “öncədən deyim, işdir, hamının başına gələ bilər”“bu məsələdə ona qarşı suallar yox idi”.
  3. Zubkovun saxlanması xəbərini eşidəndə qubernator nə hiss etdiyini danışır.Birbaşa sitat: “Bilirsiz, bizdə indi belədir. Mən də dünən öyrənmişəm. Yerlərdə səfərdə idim, baxın, həmişə işlər çox olur. Özüm də mətbuatdan öyrənmişəm, sonra telefonla dedilər. Çox təəccübləndim. Qəzəbləndim, heyrətləndim. İndi də, buradayam, səhərdən aydınlaşdırmağa çalışıram, hələ də axırına çıxmamışam, aydınlaşdıra bilməmişəm, nədə ittiham olunur, konkret olaraq, həmin Zubkov, nə demək istəyirlər. Heç kəs məlumat verməyib. Heç bir hüquq-mühafizə orqanı, eləcə də digərləri. Bu nədir axı? Doğrudan nə eləyib orada?”Niyə maraqlı ola bilər? ” Bilirsiz, bizdə indi belədir …” — qubernator sanki deyir ki, bu praktika adiləşib. Tam da aydın deyil, hansı praktika: 1) rəhbərliyə xəbər vermədən əməkdaşları həbs edirlər? 2) insanlarla haqq-hesab çəkmək üçün onları həbs edirlər? Belə təəssürat yaranır ki, qubernator sanki jurnalist və oxuculara eyham vurur: biz çox şey bilirik, amma hələ danışmırıq. “Qəzəbləndim, heyrətləndim” — qubernator öz hisslərini təsvir edir, yəni baxın, “bizdə indi belədir”. “Heç kəs məlumat verməyib. Heç bir hüquq-mühafizə orqanı, eləcə də digərləri. Bu nədir axı? “ — qubernator burada elə bil öz daxili dünyasına dinləyici üçün balaca pəncərə açır.
  4. Qubernator cinayət təhqiqatı haqda rəsmi açıqlamanı şübhə altına qoyur.Birbaşa sitat: “Doğrudan nə eləyib orada? Bəlkə – indi hər şey ola bilər, baxın, o, təhlükəsizlik məsələləri üzrə müavin idi – bəlkə hansısa xidmətdən kiməsə haradasa nəsə xoş gəlməyib. Provokasiyaya çəkə bilərdilər, hətta el dilində desəm, ilişdiriblər.”Niyə maraqlı ola bilər? “Bəlkə – indi hər şey ola bilər, baxın, o, təhlükəsizlik məsələləri üzrə müavin idi – bəlkə hansısa xidmətdən kiməsə haradasa nəsə xoş gəlməyib. Provokasiyaya çəkə bilərdilər, hətta el dilində desəm, ilişdiriblər.” Qubernator həbsin mümkün səbəbləri haqda öz versiyasını səsləndirir. Lakin bu versiya dolayı səslənir, ehtimal forması alır. Bu fraqment qubernatorun nitqinin xüsusiyyətlərini – bir qədər qaba və nahamarlığını aydın göstərir.

Dördüncü addım: Birbaşa sitatları qaydaya salın

Sizin mətndə saxlamaq üçün seçdiyiniz birbaşa sitatlar uzun ola bilər, ya da əlavə izaha ehtiyac yaranar. Əgər bunlar sadəcə mətn və ya dolayı sitat olsaydı, ixtisar etmək, ya da başqa sözlərlə ifadə edə bilərdik. Bəs birbaşa sitatı necə edək? Axı onu düzəltmək olmaz?

Sitatı qısaltmaq üçün boşluqlar qoyun

Boşluq, yəni sitatdan buraxmalar – spikerin sözlərini başa düşməyə mane olan, təkrarlanan, vacib olmayan yerləri ixtisar edərkən yaranan haldır.

Nümunə: Bilirsiz, bizdə indi belədir. Mən də dünən öyrənmişəm. Yerlərdə səfərdə idim, baxın, həmişə işlər çox olur. Özüm də mətbuatdan öyrənmişəm, sonra telefonla dedilər. Çox təəccübləndim. Qəzəbləndim, heyrətləndim. İndi də, buradayam, səhərdən aydınlaşdırmağa çalışıram, hələ də axırına çıxmamışam, aydınlaşdıra bilməmişəm, nədə ittiham olunur, konkret olaraq, həmin Zubkov, nə demək istəyirlər. Heç kəs məlumat verməyib. Heç bir hüquq-mühafizə orqanı, eləcə də digərləri. Bu nədir axı?

Yuxarıdakı hissədə ancaq altı xətlənmiş hissələr bizə maraqlıdır. Gəlin sadəcə onları saxlayaq.

Bilirsiz, bizdə indi belədir. Qəzəbləndim, heyrətləndim. Heç kəs məlumat verməyib. Heç bir hüquq-mühafizə orqanı, eləcə də digərləri. Bu nədir axı?

Yaxşıdır. Amma qubernator belə danışmayıb axı! Əlbəttə, o, bu sözləri deyib, amma onların arasında başqa sözlər də deyib. Dürüst jurnalist olaraq biz bəzi ifadələri buraxdığımızı aydın şəkildə göstərməliyik. Bunun üçün biz fərqli qrafik işarələrdən istifadə edə bilərik, məsələn, […] və ya <…> və ya (…) və hətta sadəcə üç nötqə.

Bilirsiz, bizdə indi belədir. […] Qəzəbləndim, heyrətləndim. […] Heç kəs məlumat verməyib. Heç bir hüquq-mühafizə orqanı, eləcə də digərləri. Bu nədir axı?

Lakin qrafik işarələr elmi mətnlərdə daha yaxşı görünür, nəinki jurnalist materialında. Əgər jurnalist mətnində bu işarələr həddən çox olarsa, onlar oxucuya mətni anlamağa mane ola bilər. Ona görə də sitatı daha oxunaqlı etmək üçün birləşdirici ifadələrdən istifadə etmək məsləhətdir. Məsələn, “qubernator deyir”. Bəzi hissələri isə məzmunu dəyişmədən və itirmədən dolayı sitata çevirə bilərik.

Nümunə: “Bilirsiz, bizdə indi belədir,” – qubernator deyir. – ” Heç kəs məlumat verməyib. Heç bir hüquq-mühafizə orqanı, eləcə də digərləri. Bu nədir axı?” O həmçinin deyir ki, qəzəblənib və heyrətlənib.

Siz sitatları böləndə və ardıcıllığı pozanda diqqət etməlisiz ki, sitatın ilkin məzmunu dəyişməsin, olduğu kimi qalsın. Bu, prioritet olmalıdır. Əks təqdirdə sizin etdiyiniz adı saxtakarlıq və manipulyasiya olacaq.

Sitatın oxuculara aydın olması üçün izahedici şərhlər verin

Məsələn, bizim birbaşa sitatımız var:

“Ona qarşı suallar yox idi.”

Konteksti bilməsək, başa düşmərik – hansı suallar və kimə qarşı? Sitatı daha aydın etmək üçün redaktor izahedici şərhlər verə bilər, amma bu zaman spikerləri redaktorun sözləri aydın şəkildə bir-birindən fərqlənməlidir.

“Ona [Zubkova] qarşı [korrupsiya barəsində] suallar yox idi.”

Beləliklə, əvəzlik şəxsin adı ilə tamamlandı, ikinci izah isə hansı suallardan söhbət getdiyini açıqladı. Bəzən belə açıqlayıcı şərhlərdən sonra redaksiya “–” işarəsi qoyub “red.” və ya nəşrin adını qeyd edir. Həmçinin, boşluqlarda olduğu kimi, burada da fərqli redaksiyalar fərqli işarələrdən istifadə edir, məsələn, [ ], ( ), < > kimi. Hər iki halda vacib olan məsələ bütün nəşr boyu eyni işarələrdən ardıcıl qaydada istifadə etməkdir.

Beşinci addım: Mətni tərtib edin

Öncə biz qubernatorun başlıca bəyanatlarını müəyyən edib oxuculara maraqlı olacaq ardıcıllıqda sıralamalıyıq. Yuxarıdakı nümunədən mən belə bir nəticə çıxarıram:

  1. Qubernator ehtimal edir ki, cinayət işi – provokasiyanın nəticəsidir.
  2. Zubkovun fəaliyyətinə qubernatorun ciddi sualları, xüsusən də korrupsiya ilə bağlı sualları yox idi.
  3. Qubernator cinayət işi haqda heç nə bilmirdi və buna görə də heyrətlənib və qəzəblənib.
  4. Qubernator heç bir şərh verməyə hazır deyil, çünki hadisə ilə bağlı özü də bir şey bilmir. (Əslində isə artıq şərh verib.)
  5. Kontekst: Zubkov kimdir və qubernator hara getmişdi.

İndi isə faktiki materialı, birbaşa və dolayı sitatları anlaşılan bir mətnə çevirməliyik. Məsələn, məndə belə bir yazı alındı:

[1] Zubkovu xüsusi xidmətlərin narazılığı səbəbindən həbs edə bilərdilər, qubernator Aleksandr Mixaylov belə düşünür: “İndi hər şey ola bilər, baxın, o, təhlükəsizlik məsələləri üzrə müavin idi – bəlkə hansısa xidmətdən kiməsə haradasa nəsə xoş gəlməyib. Provokasiyaya çəkə bilərdilər, hətta el dilində desəm, ilişdiriblər.” [2] Zubkovun fəaliyyətinə qubernatorun ciddi sualları yox idi, olanlar da daha çox xırda iradlar idi: “Öncədən deyim, işdir, hamının başına gələ bilər”. İndiki administrasiya formalaşanda qubernator əməkdaşlara xəbərdarlıq etmişdi ki, korrupsiyaya bulaşanları “o özü tutub prokurora aparmağa hazırdır”, “ona [Zubkova] qarşı isə [korrupsiya barəsində] suallar yox idi,” – nə fövqəladə hallar idarəsində işləyəndə, nə də qubernatorun müavini olanda. [3] Zubkovun saxlanması xəbərini qubernator mətbuatdan öyrənib, öz sözlərinə görə heyrətlənib və qəzəblənib. “Bilirsiz, bizdə indi belədir,” – qubernator deyir. – “Heç kəs məlumat verməyib. Heç bir hüquq-mühafizə orqanı, eləcə də digərləri. Bu nədir axı?”  [4] Bu gün səhərdən qubernator baş verənlər barəsində məlumat əldə etməyə çalışır, amma hələ də Zubkovun təqsirinin nə olmasını aydınlaşdıra bilməyib. Hadisə ilə bağlı ətraflı məlumatı olmadığından, qubernator cinayət işi barəsində şərh verməyə hazır deyil.

[5] Vasili Zubkov 2013-cü ildən Kursk qubernatorunun müavini işləyib. Buna qədər isə o, vilayətin fövqəladə hallar üzrə idarəsinə altı il rəhbərlik edib. Zubkov keçmiş hərbçidir, general-mayor rütbəsinə malikdir. Dünən, həbs günü qubernator yerlərdə səfərdə olub. Vilayət administrasiyanın saytının məlumatına görə qubernator N-sk şəhərinə səfər edib, yerli sahibkarlarla üç saatlıq görüş keçirib, eləcə də musiqiçi Puzinin yubiley konsertində iştirak edib.

Bizim hazır mətnimiz həm qubernator Mixaylovun nitqinin özünəməxsus xüsusiyyətlərini özündə saxlayır, həm də onun auditoriyaya çatdırmaq istədiyi mətləbləri ifadə edir.

Əlbəttə, biz qubernatorun qarışıq monoloqunu “insan dilinə” çevirdik, amma bu mətn hələ də jurnalist mətni sayılmaz. Yəni, bu mətni xəbər saytlarında, qəzetdə olduğu kimi dərc etmək düzgün deyil. Bundan sonra biz yazacağımız məqalədə bu mətni tam, ya da hissələrlə istifadə edəcəyik, hazırladığımız materialdan asılı olaraq onun üzərində yenidən düzəltmə və redaktələr aparacayıq.

Sərlövhədəki foto: Elisabeth Woldt / Flickr

Paylaş