Yeni Jurnalist

Xəbər üçün crowdsourcing-dən necə istifadə etməli?

Səyyarə Məmmədova

Jurnalist olaraq araşdırma apararkən bəzən əldə edə bildiyimiz məlumatlar və yaxud datalar o xəbəri tamamlamaq üçün kifayət qədər olmur. Texniki vasitələr hər nə qədər onlayn araşdırmalarımızda ən yaxın köməkçimiz olsa da bəzi mövzularda auditoriyanın köməyinə ehtiyac duyuruq. Jurnalistikada crowdsourcing-dən istifadə ehtiyacımız da məhz bu kifayətsizliyin ardından ortaya çıxır.

İngilis dilində “crowdsourcing” Azərbaycan dilində isə “kütlə resurslarının istifadə olunması” kimi tərcümə edə biləcəyimiz bu termin, ilk dəfə 2006-cı ildə, Wired jurnalının yazarı Jeff Howe tərəfindən istifadə edilib.

Kolumbiya Universitetinin peşəkar jurnalistika ilə bağlı yazılar dərc edən “Columbia Journalism Review” adlı jurnalı və Tow Center bu termini jurnalistikada bir qrup insanın xəbər toplamaq, data toplamaq və analiz etmək kimi bir çox fərqli vəzifəni yerinə yetirərək xəbərdə iştirakına yönəlik çağırış aktı olaraq açıqlayır.

Bu yazıda araşdırmalarınızda kütlə resurslarından necə istifadə edə biləcəyinizdən bəhs olunur.

Jurnalistikada kütlə resurslarından aşağıkı hallarda istifadə oluna bilər:

  • Seçki, müqanişə, qəza, təbii fəlakət kimi böhran hallarında,
  • Əldə edilən informasiyanı təsdiqləmək üçün digər vasitələr kifayətsiz qaldıqda,
  • Texiniki vasitələr ilə əldə edilməsi mümkün olmayan, hadisənin şahidləri və ya iştirakçılarının verdiyi informasiya və ya datanın xəbər üçün çox əhəmiyyətli olduğu halda,
  • Xəbərin ortaya çıxmasında müəyyən hədəf kütlənin iştirakının vacib olduğu digər hallarda.

Xüsusilə araşdırma jurnalistikasında istidə olunan kütlə resurslarına əsaslanan xəbər formatı, bir xəbərə sosial mediada istifadəçilərin verdiyi rəylər mənasına gəlmir. Bir xəbərə “crowdsourcing” əsaslı olduğunu deyə bilmək üçün o araşdırmada kütlənin verdiyi qatqının və ya informasiyanın hekayənin hazırlanmasında və ortaya çıxmasında vacib bir rola malik olması gözlənilir.

İnformasiyanın təsdiqlənməsi üçün də kütlə resurslarından istifadə çox əhəmiyyətlidir. Bəzən jurnalistin çatımlığı olmayan ərazilərdə baş verən hadisəyə dair görüntülərin təsdiqlənməsi üçün həmin bölgədə işləyən jurnalistlərdən gələcək xəbərləri gözləmək vaxt itkisinə səbəb olur.  Xüsusilə böhran vaxtlarında hadisələr ilə əlaqəsi olmayan yanlış məlumatlar internetdə sürətlə yayılır. Belə olan halda ənənəvi jurnalistikadan fərqli olaraq, bugün internetin və sosial medianın geniş formada istifadəsi jurnalistlərə auditoriyası ilə birbaşa və sürətli əlaqəyə keçməsinə imkan yaradır. Jurnalistlər üçün rəhbər vəzifəsi daşıyan Doğrulama Əl Kitabının birinci nəşrində də məhz təcili xəbərlərdə istifadəçi tərəfindən hazırlanan kontentin (User-Generated Content – UGC) necə istifadə olunacağına dair nümunələr və məsləhətlər yer alıb. Kitabın “Kütləni hərəkətə keçirmək” adlı başlığında bəhs edilən nümunələr də Andy Carvin adlı jurnalistin Twitter platformunu müharibə dövründə xəbər hazırlamaq üçün necə effektiv istifadə etdiyindən, auditoriya ilə onlayn təkbətək görüşlər keçirməsindən bəhs edilir.

Kütlə resurslarından istfadə edərkən əvvəl Qlobal Araşdırmaçı Jurnalistika Şəbəkəsinin (GIJN) yayınladığı və ProPublica media qurumu tərəfindən hazırlanan suallar siyahısı əsasında qısaca verdiyimiz yoxlama siyahısına nəzər salmaq faydalı ola bilər:

  • Araşdırmanızdakı boşluqları müəyyənləşdirin. Xəbərinizdə audutoriyanın təmin edəcəyi resursa həqiqətən ehtiyac varmı?
  • Araşdırmanız üçün ən ideal auditoriyanı seçin. Niyə məhz bu qrupun köməyinə ehtiyacınız var?
  • Araşdırmanızın məqsədini auditoriyaya açıqlayın. Niyə bu xəbərdə sizə kömək etməlidirlər?
  • Əgər biri köməkdən imtina edirsə buna səbəb nə ola bilər?
  • Hər iki tərəf üçün də ehtimal olunan risklər nələrdir? Və bunun öhdəsindən gəlmək üçün hansı tədbirləri görməyi planlayırsınız?
  • Xəbərdən ən çox təsirlənən qrup kimdir? Problemlərini necə təsvir edirlər? Bu barədə harada danışırlar?
  • Auditoriyanın ən nüfuzlu şəxsi kimdir? Onlarla danışmısınız? Fikrinizi onlarla bölüşübsünüz?
  • Auditoriyanın təmin edəcəyi data, hekayə və ya sübut karakterli materialları harada saxlayacaqsınız?
  • Auditoriya araşdırmaya necə və hansı vasitə ilə daxil olacaq?
  • Onlarla ən yaxşı və etibarlı kommunikasiya yolu nədir?
  • Tapdığınız yeni məlumatları onlarla necə bölüşməyi planlayırsınız?
  • Auditoriyadan kömək istəmədən əvvəl etməli olduğunuz araşdırmalar nədir?
  • Araşdırmalarınızı sübuta yetirmək üçün hansı addımları atmalısınız?

Manipulyasiya ehtimalı və fakt yoxlamanın əhəmiyyəti

Araşdırmanızda auditoriyadan kömək almaq xəbərə fayda verə biləcəyi kimi zərər də verə bilər. “Crowdsourcing” manipulyasiyaya açıq olan bir üsuldur. İzləyicilər bilərəkdən jurnalistləri yanlış məlumatlara məruz buraxa bilər. Buna görə də jurnalist hər zaman jurnalistikanın ən təməl prinsipi olan fakt yoxlama (fact-checking) prosesini diqqətli və ciddi şəkildə yerinə yetirməlidir. Əgər istifadəçinin yolladığı məlumat başqa mənbələr vasitəsilə yoxlana və təsdiqlənə bilmirsə bu məlumatlardan istifadə edilməməlidir.

Buna da baxın: Münaqişə dövründə saxta xəbərləri tanımağın yolları

Digər diqqət edilməli olan məqam ehtimal olunan riksləri əvvəlcədən müəyyənləşdirib bununla bağlı tədbirlər görməkdir. Sizə data və yaxud sübut yollayan istifadəçi risklərdən xəbərdardırmı? Xəbərdə mənbə olaraq adının göstərilməyinə razıdırmı yoxsa anonimliyinimi qoruyacaq? Eyni zamanda auditoriyanız ilə hansı yolla əlaqə saxlayacağınızı diqqətlə seçməlisiniz. Hansı yazışma platformaları və yaxud texnikalarından istifadə edəcəyinizə əvvəldən qərar verin. Burada qərar verərkən həm istifadəçi üçün asan olmasını həm də hər iki tərəf və datalar üçün təhlükəsiz olmasını seçmək vacibdir. Yeni Jurnalistdə daha əvvəl yayınladığımız və mənbə olaraq istifadə edə biləcəyiniz etibarlı və təhlükəsiz vasitələr, rəqəmsal ayaq izləri haqqında məqalələr və videolar mövcuddur.

Son olaraq Reuters İnstitutu tərəfindən yayınlanan “Araşdırma Jurnalistikasında Kütlə Resurslarından İstifadə” adlı hesabatda “crowdsourcing” istifadə edərkən diqqət edilməli olan beş başlığa nəzər yetirək:

  1. Motivasiyanın əhəmiyyəti. Auditoriyanızı motivasiya edin. Onların ortaq məqsəd üçün qatqı verdiklərini hiss etdirəcək mexanizm qurun. Motivasiya, naaliyyət əldə etməkdən, yeni əlaqələr qurmağa, hansısa səhvi ortaya çıxarmaqdan, kömək etdiyini hiss etməyə və təcrübə əldə etməyə qədər bir çox fərqli şeyi əhatə edə bilər.
  2. Yoxlamanın vacibliyi. Jurnalistikanın bütün növlərində doğru xəbər çatdırmağın ən təməl prinsipi fakt yoxlama aparmaqdır. İstifadəçilərin yolladığı materiallara da fakt yoxlama prosesi ciddi şəkildə tətbiq olunmalıdır. Xüsusilə xəbərin təcili verilməli olduğu böhran vaxtlarında. Əks halda cəmiyyətə yanlış məlumat çatdırmaq, media qurumunun etibarını itirməsinə gətirib çıxaracaq.
  3. İş bölgüsünün əhəmiyyəti. Kütlə resurslarından istifadə etmək bütün xəbəri auditoriyanın hazırlaması mənasına gəlmir. İdeal bir xəbərdə auditoriya araşdırmanın sadəcə bir hissəsini təşkil edəcək. Buna görə də böyük araşdırmalarda kiçik iş bölgüsü aparmaq prosesin daha uğurlu başa çatmasına kömək edəcək.
  4. “Community” inşa etməyin əhəmiyyəti. İnsanların sizə niyə kömək etməli olduğunu düşünün. İstifadəçilərlə xəbər bitdikdən sonra da əlaqənizi davam etdirin. Onlara araşdırmanın vacib parçası olduğunu hiss etdirin.
  5. Şəffaflığın vacibliyi.  Bütün prosesi digər həmkarlarınızla da paylaşmalısınız. Kütlə resurslarından istifadə açıq və ictimai olduğu kimi gördüyünüz işin nəticələri və mərhələləri də açıq olmalı və digər jurnalistlər üçün yol göstərici olmalıdır. “Crowdsourcing” yeni bir anlayışdır və zamanla xəbər otaqlarında mənimsəniləcək. Bu proses açıq həyata keçdiyi üçün insanlara nəyi bildiyinizi və nəyi öyrənmək istədiyinizi açıq ifadə etmədən nəsə əldə edə bilməzsiniz.

Texnologiyanın inkişafı, sosial medianın xəbər mənbəyi olaraq istifadə edilməsi ənənəvi jurnalistikanı da dəyişməyə məcbur edir. Bu prosesdə texnologiyanın gətirdiyi neqativlikləri pisləməkdənsə, yaratdığı “crowdsourcing” kimi imkanlardan istifadə etmək xəbərdə əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər.

Mənbələr

Paylaş