Yeni Jurnalist

İnklüziv dizayn nədir?

Hər bir dizayn qərarı istifadəçiləri özünə cəlb etməklə yanaşı, onları özündən kənarlaşdırmaq potensialına da sahibdir. Məhz buna görə dünyada inklüziv dizayn anlayışı populyarlıq qazanmaqdadır.

İnklüziv dizayn dedikdə istifadəçilərin müxtəlifliyinin başa düşülməsi, bu müxtəlifliyi anlayaraq məlumatlı dizayn qərarlarının qəbul edilməsi və nəticədə dizayn həllində mümkün qədər çox istifadəçinin əhatə edilməsi nəzərdə tutulur.

Böyük Britaniya hökuməti inklüziv dizayn anlayışını daha çox istehlakçının tələbatlarını əhatə edən məhsullar, xidmətlər və mühitlər olaraq tərif edir. İnklüziv dizayn termini də daha çox Böyük Britaniyada işlədilir. ABŞ-da daha çox “universal dizayn” ifadəsi işlədilir. Bəzən bu anlayışı “hər kəs üçün dizayn” olaraq da ifadə edirlər.

İnklüziv dizaynın kökləri hələ İkinci dünya müharibəsindən sonra Qərb ölkələrində və Yaponiyada vüsət alan fiziki məhdudiyyətli şəxslər üçün əngəllərin aradan qaldırılması hərəkatına qədər uzanır. Bu hərəkatın fəaliyyəti nəticəsində ictimai məkanların layihələşdirilməsi və dizayn işləri zamanı fiziki məhdudiyyətli şəxslərin və uşaqların ehtiyaclarını nəzərə almağa başladılar.

İnternetdə inklüziv dizayn

İnternet getdikcə həyatın bütün sahələrində qaçılmaz və zəruri faktora çevrilir. Bu gün İnternetdən istifadə bəzi ölkələrdə təməl insan hüququ kimi tanınmağa başlanır. Müasir insan İnternetə çıxışı olmadan böyük məhrumiyyətlərlə qarşılaşa bilər. Buna görə də fiziki ictimai məkanlar kimi İnternet məkanı da bütün insanlar üçün əlçatan olmalıdır.

Həmçinin bax: Inclusive Design: Making Websites Accessible to Everyone

İnternetdə inklüziv dizaynın əsas məqsədlərindən biri də fiziki məhdudiyyətli şəxslərin İnternetdən istifadəsi üçün bütün əlverişli şərtləri təmin etməkdir. Dünya Bankının statistikasına görə dünyada 1 milyarda yaxın insan (dünya əhalisinin 15%) bu və ya digər dərəcədə fiziki məhdudiyyətdən əziyyət çəkir.

Məhz bu səbədən bu gün dizaynerlər, istifadəçi təcrübəsi peşəkarları, developerlər, məhsul sahibləri, bir sözlə sayt və applikasiyalar, onlayn xidmətlər və məhsullar hazırlayan hər kəs öz işlərində inklüziv dizaynı nəzərə almalıdır.

İnklüziv dizayn barəsində necə məlumat almaq olar?

Dünyanın bir sıra ölkələrində həm fiziki, həm də onlayn məkanların inklüziv dizaynı üçün əhatəli resurslar yaradılır.

Design and Architecture Norway inklüziv dizayn haqqında geniş praktiki təlimat dərc edib. Həmçinin Kembric Universitetinin inklüziv dizayn alətlər qutusu da onlayn şəkildə hər kəs üçün əlçatımlıdır. İnklüziv dizaynın prinsiplərinin müxtəlif variantları ilə də İnternetdə tanış olmaq olar.

Foto: Edho Pratama

Paylaş