Keçmişdə jurnalistlərin xəbər arxasınca qaçması, məlumatları əldə etmək üçün qurumların, kitabxanaların və s. binalarına birbaşa gedib müraciət etməsi normal hal idi. Texnologiyanın inkişafından və qurumların, hökümətlərin və ya qeyri hökümət təşkilatlarının bu məlumatları onlayn formada paylaşmasından bəri bir çox halda bir məlumatı tapmaq üçün jurnalistə bir kompüter və internet əlaqəsi kifayət edir. Bu yazıda fərqli hallarda onlayn və hamıya açıq məlumat bazalarından nümunələrlə necə istifadə ediləcəyindən bəhs edilir.
Şirkətlər ilə bağlı məlumat bazaları
Dünyanın bir çox ölkəsində şirkətlər ilə bağlı rəsmi qeydiyyat məlumatları ictimai olaraq paylaşılır. Bu datalardan hekayə çıxarmaq, xəbər hazırlamaq və ya müəyyən bir araşdırma apararkən faydalanmaq mümkündür. Bu cür dataları əldə etmək üçün bir çox veb sayt var. Bunlardan biri və jurnalistlər tərəfindən də sıx sıx istifadə edilən OpenCorporates adlı veb saytdır. OpenCorporates saytında qlobal şirkətlərə dair məlumatları tapmaq mümkündür. 198 milyondan çox şirkətin rəsmi ictimai məlumatlarının verildiyi bazada axtarış edə bilərsiniz. Axtarışı şirkətin adı və yaxud şirkət sahibinin adı ilə etmək kimi seçimləriniz var.
Şirkət məlumatlarını araşdırarkən jurnalistlərin istifadə etdiyi digər məlumat bazalarından biri də OpenOwnership Register adlı veb saytdır. Bu saytda da axtarışı şirkət adı və ya şəxs adı ilə axtara bilərsiniz. Eyni zamanda ölkələr üzrə filtrlər də mövcuddur.
Bundan əlavə ölkələr üzrə də şirkətləri araşdırmaq üçün də veb saytlar mövcuddur. Məsələn, Estoniyadakı şirkətlər ilə bağlı məlumatlara baxmaq üçün Teatmik adlı veb sayta, New York şəhərindəki şirkətlər ilə bağlı məlumatlara baxmaq üçün rəsmi veb sayt Acris kimi saytlara baxmaq olar. Məsələn, ABŞ-dakı şirkətlər və şirkət sahibləri haqqında məlumatların olduğu LittleSis adlı platformada bəzən beynəlxalq məlumatlar da verilir. Eləcə də Florida ştatındakı şirkətlər üçün də hökümətin rəsmi məlumat bazasından istifadə edərək məlumat əldə edə bilərsiniz. Haqqında məlumat əldə etməyə çalışdığınız şirkətə görə istifadə edəcəyiniz məlumat bazalarını araşdırmanıza başlayarkən müəyyənləşdirə bilərsiniz. Bir çox veb saytda ətraflı axtarış seçimləri və fərqli filtrlər də mövcuddur.
Ətraf mühit ilə bağlı paylaşılan məlumatlar
İqlim dəyişikliyi, hava, ətraf mühit və ya təbii fəlakətlər haqqında xəbərlər hazırlayırsanızsa ətraf mühit ilə bağlı dataların olduğu veb saytlara ehtiyacınız ola bilər. Məsələn, bir şəhərdə və ya ölkədə hava ilə bağlı tarixi datalara baxmaq üçünWeather Underground adlı veb saytda axtarış edə bilərsiniz. Müəyyən tarixləri və şəhəri seçərək axtarış nəticələrinə nəzər yetirə bilərsiniz.
Digər məlumat əldə edə biləcəyiniz digər faydalı veb sayt isə Wolfram Alpha adlı veb saytdır. Məsələn Bakıda 1 avqust 2021 tarixinə dair hava haqqında məlumatı bu saytdan əldə etmək mümkündür.
Hökümətlərin rəsmi məlumat bazaları
Araşdırma apardığınız mövzuya görə baxa biləcəyiniz məlumat bazaları da dəyişir. Əgər araşdırma mövzunuz spesifik bir ölkə ilə bağlıdırsa atacağınız ilk addım həmin ölkənin rəsmi qurumları tərəfindən hazırlanan məlumat bazalarına baxmaq ola bilər. Məsələn, ABŞ-ın Florida əyalətində həbs edilmiş biri haqqında spesifik məlumat axtarırsınızsa hökümətin cinayətkarlar haqqında axtarış etməyə imkan yaradan rəsmi məlumat bazasından istifadə edə bilərsiniz.
Bir çox halda axtardığınız məlumatları hökümətlərin rəsmi veb saytında tapmaq mümkündür. Bu saytların domain adında bir çox halda gov qısaltması və ölkənin adına uyğun olaraq AZ (Azərbaycan), RU (Rusiya) UK (İngiltərə), TR (Türkiyə) və ya IN (Hindistan) kimi qısaltmalar (gov + qısaltma) olur. Google-da site: operatorunun yardımı ilə həmin saytları nəticələrdə daha sürətli tapa bilərsiniz. Bu operator yazdığınız açar sözləri həmin saytlar üzərində axtarır, beləcə rəsmi olmayan saytlardakı məlumatlar axtarış nəticələrində görünmür. Məsələn, deyək ki, Rusiyada inşaat ilə bağlı dataya ehtiyacınız var. Google-da site:gov.ru открытые данные о строительстве deyib axtarış etdikdə hökümətin rəsmi məlumat bazasını birinci səhifədəki nəticələrdə tapmaq mümkündür. Bu formatda axtarışı digər ölkələr üçün də tətbiq edə bilərsiniz. Həmin ölkənin dilində açar sözləri Google tərcümə vasitəsilə əldə edib, ölkənin rəsmi veb saytlarındakı domain adına uyğun olaraq site:gov və həmin qısaltmanı əlavə edib axtarış edə bilərsiniz.
Tibbi məlumatları araşdırmaq üçün bazalar
Sağlamlıq mövzusu üzrə xəbərlər hazırlayırsınızsa tez-tez tibbi terminlər haqqında məlumatlı olmaq, məlumat bazalarından istifadə və tibb ekspertləri ilə işləmək işinizin bir parçası halına gəlir. Covid-19 pandemiyası da jurnalistlərin bu sahədə araşdırmalar aparmasının vacibliyini bir daha göstərdi. Sağlamlıq ilə bağlı məlumatları paylaşan fərqli veb saytlar, beynəlxalq qurumların hesabatları və məlumat bazaları, tanınmış qəzetlərin topladığı datalar mövcuddur. Məsələn, bu qurumlardan bəhs edərkən ilk ağla gələnlər arasında Dünya Səhiyyə Təşkilatı (World Health Organization) var. Bu təşkilatın mütəmadi olaraq fərqli mövzular üzərinə paylaşdığı hesabatlarla birlikdə datalara ölkələr üzrə nəzər yetirə biləcəyiniz səhifəsi mövcuddur.
Bundan əlavə Dünya Səhiyyə Təşkilatının pandemiya ilə bağlı hazırlanan tabloda Covid-19 ilə bağlı detallı statistikalar tapmaq mümkündür. Bu datalara yaxından nəzər yetirə və xəbərinizdə istifadə etmək üçün yükləyə bilərsiniz. Bir çox halda datalar cvs fayl formatında yükləmək üçün hazır olur. Yüklədiyiniz dataları təhlil edib öz xəbərinizə uyğun formada vizuallaşdırmağınız da mümkündür.
Buna da baxın: Xəbər üçün data vizuallaşdıran zaman nələrə diqqət etməli?
Yeni koronavirus pandemiyası ilə bağlı jurnalistlər üçün araşdırma mövzularından biri də peyvənd müqavilələri ilə bağlıdır. Bu barədə data hər nə qədər çətin tapılsa da bəzi açıq mənbələrdən məlumat əldə etmək hələ də mümkündür. Qlobal Araşdırma Jurnalistikası Şəbəkəsi (GIJN) bu mənbələr arasında UNICEF tərəfindən hazırlanan məlumat bazasının çox əhəmiyyətli olduğunu vurğulayır. Mediada çıxan xəbərlərə və digər ictimai mənbələrə əsaslanaraq hazırlanan bu məlumat bazasında alınmış dozların sayını, bəzən isə müqavilənin dəyərini göstərir. Bu saytda əldə edəcəyiniz mənbələr birbaşa həmin mənbənin saytına keçid edir.
Digər Covid-19 ilə bağlı finans məlumatlarını araşdırmaq üçün hazırlanan məlumat bazaları arasında bəzi media qurumlarının səyləri də var. Məsələn, The Economist jurnalının Intelligence Unit adlı bölümündə Covid-19 ilə bağlı finans məlumatlarını izləmək üçün məlumat bazası hazırlanıb.
Yenə məlumatları cvs fayl formatında kompüterinizə yükləyib təhlil edə və xəbər hazırlaya bilərsiniz.
Buna da baxın: Data təmizləməyin 5 yolu — Google Cədvəllər
Bəzən hansı datanı tapmalı olduğumuzu bilsək də bəzən sadəcə bu məlumat bazalarının içərisində axtarışlar edərək, filtrlər tətbiq edərək yeni hekayələr tapa və yeni bağlantılar kəşf edə bilərik. Jurnalistikanın rəqəmsallaşmasındakı ən böyük qazanc daha əvvəl əldə edə bilməyəcəyimiz miqdarda məlumatı indi axtarış motorları sayəsində saniyələr içərisində tapa bilməyimizdir. Bu yazıda sadəcə bir neçə məlumat bazasından və mövzusundan bəhs edildi. Jurnalistlər üçün mütəmadi olaraq mənbələr paylaşan qurumları və mənbələr qismindəki saytları izləyərək daha çox məlumat əldə edə bilərsiniz.
Mənbələr
- A GIJN Guide Investigating Health and Medicine
- GIJN How to Investigate COVID-19 Vaccine Contracts
- Github Awesome Public Datasets
- The Economist The COVID-19 Health Funding Tracker
- Qapaq şəkli Tobias Fischer / Unsplash