Yeni Jurnalist

Google-dan daha effektiv istifadə üçün jurnalistlərə tövsiyələr

Səyyarə Məmmədova

Axtarış motorları, xüsusilə Google internetdəki məlumat yığını içərisində hər hansı bir faktı yoxlayarkən, məlumat axtararkən və ya hansısa mövzuda araşdırma apararkən ilk istifadə etdiyimiz yaxın köməkçilərimizdən biridir.

Google hər nə qədər suallarımıza milyonlarla nəticələr çıxararaq cavab versə də bu cavabların arasında axtardığımızı tapmaq da ayrıca zəhmətli işdir. Bu səbəbdən jurnalistika rəqəmsallaşdıqca, bu sahədəki texniki bacarıqlar da daha əhəmiyyətli hal alır. Qarşımızda nəhəng məlumat seli olsa da bəzi axtarış texnikaları nəticələri əhəmiyyətli şəkildə yaxşılaşdırmağa kömək edir.

Bu yazıda Google-da araşdırmalarımızda ən çox kömək olacağını düşündüyümüz axtarış yollarından və kombinasiyalarından bəhs olunur.

Müəyyən sayt və formatlarda axtarış

Kombinasiyalara keçməzdən əvvəl bir neçə axtarış operatoruna nəzər yetirək. Bunlardan ən çox tanınan və jurnalistlərin də çox işinə yarayan site: operatorudur. Bu operator sizə axtardığınız şeyi müəyyən bir saytın içərisindən tapmağa kömək edir. Məsələn, deyək ki, Yeni Jurnalistin saytında data jurnalistikası mövzusunda olan materiallara baxmaq istəyirsiniz. Bu halda site:yenijurnalist.org data jurnalistikası yazıb Google-da axtardıqda həmin saytda axtardığınız mövzuda materiallar nəticədə görünəcək.

Axtarış nəticələri nümunəsi

Əgər bu axtarışı site: operatoru olmadan sadəcə yenijurnalist.org data jurnalistikası yazaraq etsəydiniz nəticələr 464 olacaqdı. Əgər sadəcə yeni jurnalist data jurnalistikası  yazıb axtarsaydınız bu dəfə 12 mindən çox nəticə arasında axtardığınızı tapmalı olacaqdınız. Bu operatorlar bizə axtarış zamanı həm zaman qazandırır həm də axtardığımız şeyi tapmaqda daha çox kömək edir.

Digər bəhs etmək istədiym faydalı operator filetype: operatorudur. Bu operator adından da göründüyü kimi fayl tiplərini tapmaq üçün istifadə olunur. Əgər data jurnalistikası sahəsində işlər görürsünüzsə bu operator ən çox istifadə edəcəyiniz operatorlarından biri ola bilər. Çünki rəsmi qurumlar bir çox halda statistikaları adi yazı formatında deyil, xls, cvs, pdf kimi birdən çox formatda paylaşır. Bu halda axtardığınız məlumatı yanına fayl növünü yazaraq axtarış etmək nəticələrdə sadəcə o fayl növündə olan məlumatları tapmağa kömək edəcək. Deyək ki, sahibkarlıq haqqında datalar axtarırsız, Google-da sahibkarlıq filetype:xls dedikdə bu mövzuda iki yüzdən daha az nəticə ilə qarşılaşacaqsınız.

Axtarış nəticələri nümunəsi

Daha dəqiq nəticələr əldə etmək

Bir çox halda axtarış edərkən söz birləşmələrindən istifadə edirik. Lakin Google bu söz birləşmələrinə dair nəticələrdə bənzər sözləri, həmin sözlərin fərqli söz birləşməsi halını göstərərək işimizi çətinləşdirir. Məsələn, deyək ki, Covid-19 deaths yazıb Google-da axtarış edirik, bu zaman qarşımıza 2 milyarddan çox nəticə çıxacaq.

“Covid-19 deaths” axtarış nəticələri

Bu nümunədə çıxan nəticələr internetdə indiyədək paylaşılan və içərisində həm Covid-19 həm də deaths açar sözlərinin keçdiyi linklərdir. Lakin bu söz birləşməsinin əvvəlinə və sonuna dırnaq qoysaq və axtarışımızı“Covid-19 deaths”  formasında etsək Google qarşımıza sadəcə bu iki sözün yanaşı olduğu nəticələri çıxaracaq. Bu axtarış ilə nəticələrin milyardlardan milyona azaldığını görürük. Yəni dırnaq işarəsi Google-un mütləq həmin söz birləşməsinin keçdiyi nəticələri göstərməsinə yardım edir.

Dırnaq işarələri qoyaraq axtardıqda çıxan nəticələr

Digər işimizə yaraya biləcək axtarış forması isə tiredən () istifadə etməkdir. Bəzən Google-da axtardığımız şeyin başqa bir neçə açar sözlə əlaqəsi olur, lakin bu nəticələrə ehtiyacımız olmur. Bu halda tiredən istifadə edərək həmin sözləri axtarış nəticələrindən xaric tuta bilərik. Bunun üçün axtardığımız sözlərin yanına, nəticələrdə çıxmasını istəmədiyimiz sözləri, onların da əvvəlinə tire işarəsi qoyaraq yazmalıyıq. Məsələn, deyək ki, Ali və Nino haqqında axtarış edirsiniz lakin axtardığınız məlumatın eyni adda olan kitab evi ilə əlaqəsi yoxdur. Belə olan halda, ali və nino -kitab -evi deyib axtarış etsəniz nəticələrdə kitab evi açar sözlərinin olmadığı linklər görünəcək. Tiredən əvvəl boşluq qoymağı, tireden sonra boşluq qoymamağı unutmayın. Hər açar sözün əvvəlinə tire əlavə edin. Sadəcə ali və nino deyib axtardıqda 152 min, tiredən istifadə edərək axtarış etdikdə isə 41 min 900 nəticə ilə qarşılaşırıq.

Tire ilə axtardıqda çıxan nəticələr

Başqa bir nümunədə isə təsəvvür edək ki, iki fərqli açar sözlərdən ya birinin ya da digərinin nəticələrində görünməsini istəyərsiniz. Bu halda hər iki açar sözünün arasına or yazaraq axtarış edə bilərsiniz. Google birdən daha artıq açar sözlə axtarış etdikdə bunları and yəni və kimi qəbul edir. Lakin or istifadə etdikdə bu kəlimələrdən hər hansı birinin olduğu nəticələri göstərəcək. Məsələn, yeni koronavirus üçün həm koronavirus həm də Covid-19 açar sözlərindən istifadə edərək axtarış etmək üçün new coronavirus or covid-19 deyib axtarış edə bilərsiniz. Təbii ki, axtarışınızı daha da qətiləşdirmək üçün dırnaqdan (“”) istifadə edə bilərsiniz, nəticələrdən çıxarmaq istədiyiniz sözləri tire () qoyaraq axtarışa əlavə edə bilərsiniz, əgər baxdığınız spesifik bir veb sayt varsa site: operatorundan da bu axtarışda istifadə edə bilərsiniz. Yəni bu yazıda ayrı ayrı bəhs edilənləri birlikdə kombinasiya etmək mümkündür. Bu yazıda haqqında bəhs edilməyən bir çox operatorlar və axtarış metodları da mövcuddur, bunun üçün mənbələr qismindəki resurslardan istifadə edə bilərsiniz. İndi isə bəzi kombinasiyaların necə faydalı olduğuna nəzər yetirək.

Kombinasiyalardan istifadə edin

Axtarış edərkən nəyi tapmaq istədiyinizi bilmək bu axtarış metodlarından yaxşı bir kombinasiya hazırlamağınıza və milyardlarla nəticə arasında sadəcə axtardığınızı sürətlə tapmağa kömək edəcək. Bu nümunədə təsəvvür edək ki, NASA-nın hazırladığı iqlim dəyişikliyi haqqında bir bələdçi tapmaq istəyirsiniz. Bu halda ilk ehtiyacımız olan şey axtarışımızı NASA-nın rəsmi veb saytı yəni nasa.gov üzərindən axtarışı həyata keçirməkdir, bu halda site: operatoru bizə kömək edəcək . Digər axtarışımıza kömək edəcək şey iqlim dəyişikliyi və bələdçi açar sözləridir, yəni climate change guide söz birləşməsidir. Tam olaraq bu söz birləşməsinə dair nəticə əldə etmək üçün axtarışımızı qətiləşdirmək adına bu sözləri dırnaq içərisində yəni “climate change guide” formasında yazaraq axtarışa davam edə bilərik. Əgər axtardığımız şey bələdçidirsə deməli həmin bələdçinin başlığında iqlim dəyişikliyi bələdçisi sözləri keçməlidir. Bu halda axtarışımıza həmin açar sözlərin mütləq başlıqda olması üçün bu açar sözlərin əvvəlinə intitle: operatorunu əlavə edək. Bu operator həmin sözləri başlıqda axtaracaq. Biraz düşündükdə axtardığımız növdə bələdçilərin normalda pdf fayl formatında olduğunu təxmin edə bilərik. Bu halda axtarış nəticələrini azaltmaq və istədiyimizi daha tez tapmaq üçün filetype: operatoru kömək edəcək. Google-da intitle:“climate change guide” site:nasa.gov filetype:pdf yazıb axtarış etdikdə sadəcə üç nəticə əldə edirik, yəni axtardığımızı çox qısa müddətdə tapa bilirik.

Kombinasiya nümunəsi

Əgər bu axtarışı heç bir operatorun köməyi olmadan etsəydik əldə etdiyimiz nəticələr 3 yox, aşağıda da göründüyü kimi 5 milyon 720 min olacaqdı. Bu da bizim üçün böyük zaman itkisi demək olardı.

Operatorlar olmadan edilən axtarış nümunəsi

Son olaraq unutmayın ki, axtarış zamanı böyük və ya kiçik hərflərdən istifadə etməyinizin heç bir fərqi yoxdur. Google-dan istifadə formamız həm əlavə zaman qazanmağımıza səbəb ola bilər, həm də məhz axtardığımız şeyi tapmağa kömək edə bilər. Əgər media sahəsində işləyirsinizsə, gündəlik axtarış praktikalarınızda tez-tez bu operatorlardan istifadə etsəniz həm axtarış nəticələrini yaxşılaşdıra bilərsiniz, həm də araşdırma qabiliyyətinizi inkişaf etdirə bilərsiniz. Bu yazıda mövcud olan operator və metodlardan sadəcə geniş şəkildə istifadə edilən bir neçəsindən bəhs olundu. Araşdırıb yeni operatorlar kəşf edə və özünüz üçün ən faydalı olanları taparaq istifadə edə bilərsiniz.

Mənbələr

Paylaş