Texnologiya inkişaf etdikcə rəqəmsal mühitdə bir çox fəaliyyəti izləmək də asanlaşır. Xəritələr həm araşdırmaçıların həm də jurnalistlərin araşdırma apararkən ən yaxın köməkçilərindən birinə çevrilib. Bu yazıda xəritələrə və necə istifadə edildiyinə yaxından baxacağıq. Yazıda bəhs edilən həm tematik xəritələr, həm də referans xəritələr jurnalistlərin xəbər hazırlayarkən yardımçı vasitəsinə çevrilə və alət çantasında öz yerini ala bilər.
Sentinel Hub
Araşdırmaçılar arasında məşhur olan platformalardan biri Sentinel Hub-dır. Platformada peyklər vasitəsilə əldə edilən uzaqdan zondlama datalarının vizuallaşdırılmasına imkan yaradan EO Browser adlı bir tətbiqi mövcuddur. Buradakı dataları həm anlıq həm də keçmişə doğru filtreləyərək vizuallaşdıra bilirsiniz. Sentinel Hub-da əvvəlcə data əldə etmək istədiyiniz ərazini seçirsiniz daha sonra isə hansı ssenariyə əsasən vizuallaşdırmaq istədiyinizə qərar verirsiniz. Bu platform sizə meşə yanğınları, volkanlar, kənd təsərrüfatı, hava çirkliliyi kimi bir çox mövzuda datanın vizuallaşdırılmasına imkan yaradır. Axtarışa başlayarkən hansı növ vizuallaşdırma etmək istədiyinizi seçirsiniz və ardından datanın mənbələrini işarələyə bilirsiniz. Vizuallaşdırma tarixini seçərkən isə müəyyən bir tarix aralığını seçə bilərsiniz. Həmin aralıqdakı dəyişikliyi isə platformanın “timelapse” xüsusiyyətindən faydalanaraq gif halına gətirib kompüterinizə bilərsiniz.
Əgər Sentinel Hub istifadəsinə dair suallarınız varsa platformanın peşəkarları və həvəskarları bir araya gətidiyi formundan faydalana bilərsiniz. Burada verdiyiniz suallar çox qısa müddətdə kollektiv tərəfindən cavablanacaq. Uzaqdan zondlama və Sentinel Hub brauzerindən istifadə haqqında daha iləri səviyyədə öyrənmək üçün education səhifəsini zirayət edərək təlim materiallarından faydala bilərsiniz.
NASA Worldview
Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) Earth Observing System Data and Information System (EOSDIS) adlı sistemi tərəfindən hazırlanan Worldview adlı platforma da Sentinel Hub kimi peyklərdən gələn dataları vizuallaşdırmağınıza imkan yaradır. Pulsuz və hamıya açıq olan bu datalar ilə dünyanın fərqli yerlərinə dair məlumatlar əsasında meşə yanğınları, tufanlar, volkanlar kimi təbiət hadisələrini izləyə bilərsiniz. Bunun üçün həmin platformaya daxil olduqda events yəni hadisələr qismindən hansı hadisəni vizuallaşdırmaq istədiyinizi seçməlisiniz. Gəlin bu platformada meşə yanğınlarına dair datalara baxaq. Yanğınları vizuallaşdırarkən seçim edə biləcəyiniz bir çox filter mövcuddur. Bunlardan biri də yanğının ardından atmosferə yayılan aerosolları vizuallaşdırmağa imkan verir. Aşağıdakı nümunədə 2019-cu ilin iyul ayında Rusiyada baş verən yanğınların ardından atmosferdə aşkarlanan aerosol miqdarını görə bilərsiniz. Qırmızı rəng yüksək aerosol indeksini təmsil edir.
Bu platformadan necə istifadə ediləcəyinə dair bir çox vebinar materialları mövcuddur. Əgər bu barədə özünüzü inkişaf etdirmək istəyirsinizsə həmin materialları izləyə bilərsiniz.
FlightRadar24
Xəritələrdə izləyə bildiyimiz şeylər sadəcə təbiət hadisələri deyil. Gəmiləri, təyyarələri, qatarları və s. bu cür platormalar vasitəsilə vizual olaraq izləmək mümkündür. Bu fəaliyyətlərdən biri olan uçuşları izləmək üçün araşdırmaçılar arasında məşhur olan FlightRadar24 adlı veb saytı istifadə edə bilərsiniz. Bu saytı həm araşdırmalarınızda həm də xaricdən sizin yaşadığınız şəhərə qonaq gələn bir yaxınınızın təyyarəsinin harada olduğunu görüntüləmək üçün istifadə edə bilərsiniz. Bunun üçün həmin dostunuzun uçuş həyata keçirdiyi təyyarənin ictimai olan və üzərində yazılan qeydiyyat nömrəsini bilməyiniz kifayətdir. Sayta daxil olub aşağıdakı kimi havada hansı təyyarələrin olduğunu da görə bilərsiniz.
Bu saytdan pulsuz istifadə etmək mümkün olsa da saytdakı bəzi xüsusiyyətlərdən istifadə edə bilmək üçün ödənişli versiyasından da faydalana bilərsiniz. Saytdakı vizuallaşdırmalar fərqli mənbələrdən təmin edilən datalar əsasında aparılır. Lakin bu hər təyyarəyə, hər uçuşa dair məlumatı burada tapa biləcəyiniz mənasına gəlmir. Bəzən axtardığınız uçuş haqqında saytda məlumat olmaya bilər. Saytda verilən məlumatlar arasında araşdırdığınız təyyarənin tipi, qeydiyyat nömrəsi, uçuş yönləri yəni başlanğıc və son məntəqələri, neçə km hündürdən uçduğu, habelə keçmiş datalarını görə bilərsiniz. Platformadan necə istifadə edəcəyinizə dair daha çox məlumat əldə etmək üçün öyrədici videolardan və yazılardan istifadə edə bilərsiniz bilərsiniz.
Google Maps
Xəritələrdən bəhs etmişkən haradasa hamımızın tez-tez istifadə etdiyi Google Maps-i unutmaq olmaz. Yuxarıda bəhs edilən xəritələr tematik yəni müəyyən mövzularda toplanmış datalar əsasında hazırlanan xəritələr idi. Referans xəritələri isə yollar, binalar, çaylar, dağlar kimi fərqli fiziki məkanlara dair məlumat əldə etməmizə, küçə adları kimi detallara yaxından baxmağımıza kömək edir. Referans xəritələrindən biri olan Google Maps-i isə günlük olaraq axtardığımız bir yerə necə gedəcəyimizi planlamaqdan, bir neçə ay sonra səyahət etməyi planladığımız şəhəri tanımağa qədər fərqli məqsədlərlə istifadə etmək mümkündür. Google Maps araşdırmalarınızda istifadə edə biləcəyiniz bir neçə əhəmiyyətli xüsusiyyətə sahibdir. Bunlardan biri olan “Street View” yəni küçə görüntüsü funksiyası araşdırma apardığınız məkanın 360 dərəcə görüntüsünü əldə etməyinizə imkan yaradır. Əgər bir məkanın müəyyən tarix aralığında necə dəyişdiyini görmək istəyirsinizsə Google Maps keçmiş görüntülər ilə bunu müqayisə etməyinizə də yardım edir. Bunun üçün sol yuxarıdakı “date” yəni tarix qisminə klikləyirsiniz və hansı tarixlərə dair o məkandan foto olduğunu görüntüləyə bilərsiniz. Beləcə həmin ərazidəki tarixi dəyişiklikləri (yeni binalar, ağaclar və.s.) müşahidə edə bilərsiniz. Aşağıdakı nümunədə Bürc Xəlifəninn iki fərqli tarixdə Google Maps-də “Street View” ilə görüntüsü mövcuddur.
Google Maps hər nə qədər faydalı bir xəritə olsa da bir çox məhdudiyyətlərə sahib olduğunu unutmayın. Məsələn, bəzi ölkələrdə məxfilik qaydalarına əsasən blurlanmış maşın nömrələrinə rastlaya bilərsiniz və ya bəzi ölkələrdə ümumiyyətlə axtardığınız məkana dair görüntü əldə etməyiniz mümkün olmaya bilər. Bunun üçün hər zaman alternatif xəritələr ilə işləyin, tapdığınız məlumatları digər xəritələr ilə də yoxlamağa çalışın, mənbələrinizi birləşdirdiyinizdə gözlədiyinizdən daha çox və daha əlaqədar məlumatlar əldə edə bilərsiniz.
Google Earth
Google tərəfindən hazırlanan və Google Maps-ə görə daha çox filterlərə malik olan Google Earth adlı tətbiq də jurnalistlərin istifadə edə biləcəyi faydalı alətlərdən biridir. Google Earth-ün əsas fərqlərindən biri referans xəritələrdən fərqli olaraq arxa fonda peyk görüntlərini istifadə etməsidir. Google Earth ilə məkanın 3D görüntüsünü də izləyə bilərsiniz. Bəzən 3D görüntü əldə etmək araşdırmalar üçün çox əhəmiyyət kəsb edir. Keyfiyyətinə görə Google Earth həqiqətən də məkana dair yaxşı görüntü təqdim edə bilir. Bu platformada ərazinin sadəcə 3D görüntüsünü yox, tarixi olaraq keçmiş görüntüsünə də nəzər yetirə bilərsiniz. Aşağıdakı nümunədə Eyfel qülləsinin Google Earth-dəki 3D görüntüsü verilib.
İnternetdə bu yazıda bəhs edilən platformaların bənzərlərini və daha çoxunu tapmaq mümkündür. Bu məqalədə sadəcə xəritələr vasitəsilə hansı dataları vizuallaşdıra biləcəyiniz, hansı məlumatları əldə edə biləcəyinizdən bəhs olunur, daha dərinə getmək üçün rəqəmsal araşdırma və xəritələr mövzusunda bələdçilərə nəzər yetirə bilərsiniz. Diqqət etməli olduğunuz ən vacib nüanslardan biri bu xəritələrdən istifadə edərkən həmin datanın mənbəyini araşdırın. Xəbərinizdə bu dataları istifadə etməzdən əvvəl haradan gəldiyini, əksik olma ehtimalını, yanlış olma ehtimalını, manipulyasiya edilmiş olma ehtimallarını mütləq araşdırın. Digər diqqət etməli olduğunuz şey isə onlayn araşdırmalar zamanı şəxsi məlumatlarınızı riskə atmadan təhlükəsiz araşdırmalar aparmaqdı. Bu barədə Yeni Jurnalist-də yayınlanan məqalələrə nəzər yetirə bilərsiniz.
Mənbələr
- Qapaq şəkli Photo by Louis Hansel on Unsplash
- Sentinel Hub About EO Browser
- Sentinel Hub EO Browser
- Sentinel Hub Forum
- Sentinel Hub Education
- NASA About Worldview
- EOSDIS Worldview Aerosol index, over Russia on 21 July 2019
- NASA Earthdata NASA Worldview—Explore the Earth from Past to Present with Global Satellite Observations
- NASA Earthdata View and Share Your Planet with Worldview
- NASA Earthdata Getting Started with NASA Worldview
- FlightRadar24 Live Air Traffic
- FlightRadar24 How flight tracking works
- Google Maps
- Google Maps Burj Khalifa, Street View
- Google Earth Explore
- Google Earth Eiffel Tower, Paris, 3D