1990-cu illərin sonlarında, insanların və qurumların sosial problemləri həll etmək üçün hansı addımlar atdığını və hansı həllər üzərində işlədiyini izləyən və xəbərləşdirən yeni bir jurnalistika sahəsi yaranmaqda idi. Həmin dövrlərdə oxucuların demokratik mərhələlərə aktiv qoşulmasını da təşviq edən vətəndaş jurnalistikasının ABŞ-da yüksəlişi ilə birlikdə insanlar cəmiyyətdəki problemlər ilə daha aktiv maraqlanmağa başlamışdı. Artıq jurnalistikada sadəcə problemləri xəbərləşdirməyin həll yolu olmayacağı düşünülürdü.
2004-cü ildə isə fransız bir qeyri-hökümət təşkilatı olan Ümid Müxbirləri (Reporters d’Espoirs) mediada həll yönümlü xəbərləri təşviq etmək istəyən jurnalistlər və media peşəkarlarını bir araya gətirən bir şəbəkə qurdu. Daha sonra jurnalistikanın bu yeni sahəsinə fokuslanmış The Solutions, Solution Journalism Network kimi fərqli qurumlar və təşəbbüslər yaranmağa başladı. Bəs nədir həll yönümlü jurnalistika? Onu digər jurnalistika sahələrindən ayıran şey nədir?
Həll yönümlü xəbər necə olur?
Həll yönümlü jurnalistikadan və sahədə hazırlanan xəbərlərdən bəhs etdikdə bir çox halda sadəcə pozitiv hallardan bəhs etmək kimi yanlış anlaşılmaya səbəb olur. Həll yönümlü bir xəbərin sahib olmalı olduğu bir neçə vacib xüsusiyyət mövcuddur. Bu xüsusiyyətlər həmin xəbərin həll yönümlü olub olmadığını müəyyən edən meyarlardır.
Problemi təsvirini vermək
Həll yönümlü jurnalistika sadəcə həllərdən bəhs ediləcəyi mənasına gəlmir. Haqqında həll ortaya qoyulan sosial problemi açıq ifadə etmək vacibdir. Bununla bir sonrakı addımda izah edilən həllin sosial problem ilə əlaqəsi oxucu tərəfindən asanlıqla qurulacaq. Həll yönümlü jurnalistikada xəbər həm problemləri həm də onları həll etmək üçün atılan addımları və ya tədbirləri ehtiva edir.
Təklif edilən həlli izah etmək
Haqqında bəhs edəcəyiniz həll və ya tədbirin ilk adımda izah etdiyiniz problemə necə cavab olacağını oxucuya izah etməlisiniz. Həmin həllin hazırlanma və ortaya çıxma prosesindən də bəhs edilə bilər.
Fikirlərə deyil sübutlarla danışmaq
Həll yönümlü xəbər, bu xəbərin gələcək arzular və ya yaxşı niyət üzərinə qurulmuş pozitiv bir xəbər olduğu mənasına gəlmir. Verdiyiniz nümunədə həmin həllin uğurlu olduğu və ya uğursuz olduğu məqamlar, həmin həllin və ya tədbirin sosial təsirləri haqqında mümkün olan hər növ sübutları və/və ya dataları da oxucuya təqdim etməlisiniz. Həmin həllin ortaya çıxardığı və ya çıxara bilmədiyi nəticələrdən bəhs olunmalıdır. Bəzən həllin olmamasının da bir həll ola biləcəyini unutmayın. Uğursuzluq hekayəsi də bir həll yönümlü jurnalistikaya nümunə ola bilər. Məsələn, müəyyən bir sosial problem üçün atılmış addımın niyə uğursuz olduğundan bəhs etmək, həmin uğursuzluqdan nəticə çıxarmaq gələcəkdə həmin problemin necə ələ alına biləcəyinə dair faydalı bilgilər verə bilər. Əgər təqdim oluna bilən konkret bir sübut yoxdursa və ya data əksikliyi varsa, bunun səbəbləri də şəffaf şəkildə oxucu ilə paylaşılmalıdır.
Məhdudiyyətlərdən bəhs etmək
Bütün həll yolları mükəmməl deyil. Bu səbəblə oxucularla təklif edilən həllin neqativ tərəfləri də paylaşılmalıdır. Həll yönümlü xəbərdə həmin sosial problemə yönəlik hazırlanmış həllin mümkün olan bütün risklərindən və məhdudiyyətlərindən bəhs edilməlidir.
Həll yönümlü xəbərlərə nümunələr
Həll yönümlü xəbərlərə fokuslanmış qurumlar Amerika və Avropa kimi coğrafiyalarda artmağa davam edir. Solution Journalism Network-ün təşəbbüsü olan Solutions Story Tracker adlı məlumat bazasında, dünyanın fərqli yerlərindən, fərqli mövzularda yazılmış həll yönümlü xəbərləri filtrləmək və oxumaq mümkündür.
Bu məlumat bazasında məkan olaraq Azərbaycanı seçdikdə də iki nümunə ilə qarşılaşırıq. Əgər siz də həll yönümlü xəbərlər hazırlayırsınızsa xəbərinizin linkini və digər məlumatları bu məlumat bazasına göndərə bilərsiniz.
Covid-19 pandemiyasında həll yönümlü jurnalistikanın əhəmiyyəti
2019-cu ilin sonlarında ortaya çıxan və pandemiyaya çevrilən SARS-CoV-2 virusundan sonra insanların günlük vərdişlərində və yaşam şəklində ciddi dəyişikliklər meydana gəldi. Beynəlxalq Jurnalistlər Şəbəkəsinə (IJNET) reportaj verən Solution Journalism Network yazı işləri müdiri Linda Shaw, pandemiya davam edərkən baş verənlər və bu haqda yayımlanan xəbərlər qarşısında, həll yönümlü jurnalistikanın çox əhəmiyyətli olduğunu vurğulayır. O, pandemiya ilə bağlı həll yönümlü xəbər hazırlamaq istəyən, lakin bu barədə məlumatlı olmayan jurnalistlər üçün aşağıdakı dörd əsas addımı atmağı tövsiyə edirdi:
- Sosial bir problemə yönəlik müəyyən bir tədbirə dərindən fokuslanın.
- Həmin tədbirin necə tətbiq edildiyini və necə işlədiyini kəşf edin.
- Həmin həllin/tədbirin təsirlərinə dair bütün növ sübutları araşdırmağa çalışın.
- Həmin həll/tədbir ilə bağlı riskləri və məhdudiyyətləri araşdırın və izah edin.
Covid-19 pandemiyası dövründə həll yönümlü jurnalistikada nümunə olaraq göstərilən xəbərlərdən biri, media quruluşu CNN-də yayımlanan “South Korea pioneers coronavirus drive-through testing station” başlıqlı məqalə idi. Xəbərdə, pandemiya dövründə Cənubi Koreyada Covid-19 testlərinin tibb işçilərini daha az təhlükəyə ataraq yenilikçi formada aparılmasından bəhs edilir. Eyni zamanda bu yeni yanaşmanın digər ölkələr üçün nümunə ola biləcəyindən bəhs edilir. Əslində bu xəbərə nəzər yetirdikdə, həll yönümlü jurnalistikada hazırlanan xəbərin hansı xüsusiyyətlərə sahib olmalı olduğunu görürük. Xəbər həm sosial bir problemi açıq bir şəkildə oxucuya izah edir, həm də hazırlanan həll yolunu və necə işlədiyini izah edir. Bütün bu məqamlara toxunarkən, həmin həllin mənfi tərəflərini də araşdırıb oxucularla şəffaf bir şəkildə paylaşır.
Solution Journalism Network, pandemiyanın ilk dövrlərində həll yönümlü xəbərlər hazırlamaq istəyən jurnalistləri dəstəkləmək və onlara öyrədici materiallar ilə təmin etmək üçün Slack platforması üzərində kanal da açmışdı.
Bəzi tövsiyələr
Bütün bu məlumatların işığında həll yönümlü xəbər hazırlayarkən aşağıdakı sual siyahısı baxa biləcəyimiz qısa rəhbərimiz ola bilər:
- Üzərinə həll hazırlanan sosial problem açıq şəkildə ifadə edilib?
- Atılan addım və ya görülən tədbirin bu problemi hansı bucaqdan və necə ələ aldığı zah edilib?
- Sözügedən həll, onun təsirləri və nəticələri ilə bağlı sübut və ya data araşdırılıb?
- Əgər konkret sübut göstərilməyibsə, səbəbləri oxuculara şəffaf şəkildə izah edilib?
- Həmin həllin mənfi tərəfləri və riskləri araşdırılıb?
- Bütün mənfi tərəflər xəbərə daxil edilib?
- Uğursuz və ya uğurlu olmasından asılı olmayaraq əldə edilən məlumatlar və təcrübələr oxucularla şəfffaf şəkildə paylaşılıb?
Bu sahədə işləyən jurnalistlərin təcrübələrinə əsaslanan açıqlamalarda, həll yönümlü jurnalistikanın nə olmadığı sualı da müzakirə edilir. Həll yönümlü xəbər hazırlayan jurnalistlər aşağıdakıların həll yönümlü xəbərə xas xüsusiyyətlər olmadığını bildirilir:
- Hələlik mövcud olmayan bir həlldən bəhs etmək.
- Sadəcə müəyyən bir qurum və ya şəxs haqqında yazmaq. Həllə və ya tədbirə yox, şəxslərə və qurumlara fokuslanmaq.
- Xəbərin PR mətninə bənzəməsi.
- Bir şəxsin müəyyən problemə fərdi yanaşmasını ucaltmaq, qəhrəmanlaşdırmaq.
- Sadəcə texniki təşəbbüslərə startuplara fokuslanmaq.
Əgər bu sahədə özünüzü inkişaf etdirmək, həll yönümlü jurnalistika haqqında daha çox məlumat əldə etmək istəyirsinizsə mənbələr qismində verilən məqalələrə nəzər yetirə bilərsiniz. Solution Journalism Network jurnalistləri bu mövzuda gücləndirmək üçün təlimlər təşkil etməklə birlikdə bələdçiləri də öz saytında paylaşır.
Mənbələr
- Cross-Border Playbook Solution-Based Journalism
- Reporters D’Espoirs JOURNALISME DE SOLUTIONS : DE QUOI PARLE-T-ON ?
- J Learning Lab How do I know it’s Solutions Journalism?
- Grow Ensemble What Is Solutions Journalism & Why Is It So Important for Media Right Now?
- Reporters D’Espoirs LES LAURÉATS
- The Solutions Journal
- Solution Journalism Network Solutions Story Tracker
- The Whole Story The Top 10 Takeaways from the Newest Solutions Journalism Research
- Poynter How to teach your students the solutions journalism framework
- The Whole Story What Editors Are Looking For in Solutions Pitches
- Solutions Journalism: What It Is and Is Not
- Azernews Electric Rain
- Azernews A second life for waste
- IJNET The role of solutions journalism in reporting on COVID-19
- CNN South Korea pioneers coronavirus drive-through testing station
- Qapaq şəkli Photo by Antonio Janeski on Unsplash