Dərc etməzdən öncə hazır mətni, yoxlaması üçün müsahibə – sizin xəbərin mənbəyinə göndərmək olmaz.
Birincisi, mənbə sizin materialın formatı – onun konsepsiyası, ölçüsü, strukturu, faktların seçimi, fokus və qəhrəmanı barəsində məsələlərə təsir etmək imkanında olmamalıdır. Materialın oxucuya ötürə biləcəyi mövqe və ya fikir barəsində seçim etmək hüququ da mənbədə olmalı deyil. Yazının bu və ya digər mövqedə olmasının mənbə tərəfindən israrı senzuranın bir növüdür. Mənbə tərəfindən tətbiq edilən senzura da bütün digər senzura növləri kimi yolverilməzdir.
İkincisi, materialı dərc olunmazdan öncə mənbəyə göstərməklə, siz onun üçün digər müsahiblərinizlə müqayisədə daha əlverişli mövqe yaradırsız – əsas da qarşı tərəflə, onun opponentləri ilə müqayisədə. Sizin mənbə digər müsahiblərin mövqelərinin kontekstində öz mövqeyini görəndə oxuculara daha inandırıcı səslənməsi üçün sözlərində bir sıra dəyişikliklər aparmanızı xahiş və hətta israr edə bilər.
Üçüncüsü, siz öz işinizdə təhlükəli presedent yaradırsız. Sabah həmin presedent sizin işinizdə həm qaydaya, həm də böyük əngələ çevrilə bilər. Əgər bir mənbə sizin materialı dərc olunmazdan öncə görmək hüququ alırsa, əvvəl-axır digər mənbələr də bu hüququ tələb edəcək və əldə edəcək.
Əlbəttə, istisnalar mövcuddur. Məsələn, sizin spiker hər hansı bir sahənin mütəxəssisidir və mətndə həmin sahəyə aid xeyli sayda spesifik informasiya var. Siz isə mətndə səhv edəcəyinizdən qorxursuz. Tutaq ki, siz tarixi bir mövzuda material hazırlamısız, mətndə çoxlu tarixi şəxsiyyət adları, eləcə də illər və tarixlər var. Ya da siz Puankare teoremi barəsində yazırsız və oxucuları bu teoremi izah etməlisiz. Lakin yaxşı olardı ki, bu halda da siz mətni öz mənbəyinizə göstərmək əvəzinə həmin sahənin başqa bir mütəxəssisini tapıb onunla dəqiqləşdirmə aparasız. Kənar ekspert məqalənin tədqim etdiyi format və mövqeyə münasibət bildirmədən faktiki səhvləri aşkarlamağa və düzəltməyə maraqlı olacaq.
Qaralamanın və ya hazır mətnin bir hissəsini, o cümlədən hazır sitatları göndərmək olar.
Mənbənin öz sitatlarını, yaxud da onun adına yazılan fikirləri yoxlaması üçün ona göndərmək olar. Bu, bir qayda olaraq normal praktikadır. Siz bu yolla öz şəffaflığınızı və hörmətinizi nümayiş etdirirsiz. Lakin bu, nə jurnalist, nə də redaktorun vəzifə borcu deyil. (Hərçənd yerli qanunvericilik bəzən belə bir tələb irəli sürə bilər və ona əməl etmək lazımdır.)
Sitatları mənbəyə yoxlaması üçün geri göndərmək barədə qərar verən zaman aşağıdakı məqamlara diqqət yetirmək lazımdır:
- Siz mənbənin dediklərini anlamamısız, ya da düz anladığınıza əmin deyilsiz. Bu zaman soruşmaq lazımdır: «mən düz anladım ki, burada siz filan şeyi demək istəyirsiz?» Hansı hallarda bunu etmək lazım gəlir? Məsələn, a) mənbə yazı dilində yox, jarqonla və küçə dilində danışırsa; b) mənbə təmtəraqlı rəsmi-işgüzar üslubda, dəftərxana dilində danışırsa; c) mənbənin dili dolaşıqdırsa, fikri aydın izah edə bilmirsə; d) söhbətin mövzusu mürəkkəb, qarışıq və ya spesifik bir sahədəndirsə. Burada diqqətli olmalı olduğunuz məsələ özünüz üçün yeni problemlər yaratmamaqdır. Sadəcə əmin olmadığınız sitatları mənbəyə göndərin. Əlavə materialları onunla bölüşməyin.
- Əgər siz hər şeyi düzgün başa düşdüyünüzə əminsizsə, o zaman sitatları spikerə yoxlaması üçün geri göndərməyə ehtiyac yoxdur. Əlbəttə, özü xahiş edərsə, yenə də göndərmək olar. Lakin unutmayın ki, sitatların yoxlanması əlavə işdir, vaxt aparır, zəruri deyil, siz isə materialı mümkün qədər tez hazırlamalısız.
- Əgər mənbə sitatları yoxlaması üçün geri istəyərsə, müddət barəsində mütləq razılığa gəlin. Həm sizin, həm də mənbənin maraqlarını nəzərə alıb ağlabatan son tarix müəyyən edin. Yoxsa iş uzanar, sizin material isə gecikə bilər.
Sitatların razılaşdırılması qaydaları redaksiya siyasətinin mühüm tərkib hissəsidir. Əgər sizin nəşr öz materiallarında digər insanların sitatlardan məsuliyyətsiz şəkildə istifadə edərsə, sizin müstəqil, mötəbər imiciniz, ekspertlər və oxucular arasında nüfuzunuz zədələnə bilər.
Mənbə öz sitatlarına düzəliş edilməsini xahiş edərsə, nə etməli?
Sitatları yoxlamaq və sitatları düzəltmək fərqli şeylərdir. Mənbə sitatları sadəcə yoxlaya bilər, sitatları düzəltmək isə sadəcə və sadəcə redaksiyanın imtiyazıdır.
Düzəliş təklifləri normaldır. Məsən, «burada siz məni düz anlamamısız, mən başqa şey nəzərdə tuturdum»; «burada mən rəqəmləri səhv salmışam, yanlış rəqəm demişəm»; «mən bunu demişəm, amma belə deməmişəm» (məsələn, «teatra getmişdim» demişəm, «sənət məbədinə getmişdim» deməmişəm) tipli qeydlər barədə müzakirə aparmaq olar.
Təəssüf ki, bəzən mənbə sitatlar üzərində daha əsaslı dəyişikliklər tələb edir. Məsələn,
- Mənbə öz sitatının üslubunu redaktə etməyə başlayır. Yəni məzmunda problem yoxdur, amma sitat «yaxşı» səslənmir. Buna görə də mənbə öz sitatlarında sadə, anlaşılan ifadələri mürəkkəb rəsmi-işgüzar üsluba, qarışıq dəftərxana dilinə, spesifik sahənin terminlərinə dəyişir. Bunun bir neçə səbəbi ola bilər. Mənbə a) oxucuları öz peşəkar çevrəsi ilə dolaşıq salır və düşünür ki, bu qarışıq ifadələr hər kəs üçün aydındır; b) «ciddi» üslub barədə yanlış stereotiplərin sahibidir – axı ağıllı adam «belə» danışmalı deyil; c) nəyisə dəqiq bilmir və qarışıq ifadələrlə öz səriştəsizliyini ört-basdır etmək istəyir.Unutmayın ki, mənbə və ya ekspert sizin nəşrin redaktoru deyil, bu funksiyanı – sitatların redaktəsini öz öhdəsinə götürə bilməz. Sizin yazı üslubunuz barədə onun öz fikri ola bilər, amma sizə necə yazmağı diktə edə bilməz. Üslubu redaktə etməsi üçün ona icazə verməyin. Yalnız o halda redaktə etmək olar ki, siz mənbənin sözlərini düzgün anlamamısız və yanlış təqdim etmisiz.
- Mənbə ən yaxşı, ən maraqlı ifadələri silir, sitatı maraqsız edir. Bunun da fərqli motivləri ola bilər. Məsələn, a) sitat «yüngül» görünə bilər, yaxud mənbə öz emosiyalarını açıqlamaq istəmir; b) mənbə əsəbi vaxtında ehtiyatsız ifadələr işlədib, indi isə kiminsə xətrinə dəyəcəyindən, imicinin zədələnəcəyindən ehtiyat edir; c) bir az bəlağətli görünsün deyə, mənbə nəyisə şişirdib, bəlkə də yalan deyib.
Bu halda necə davranmalı olduğunuz barədə birmənalı məsləhət vermək mümkün deyil. Qərar verən zaman bir neçə amili götür-qoy etmək lazım gələcək.
- Siz sitatın dəqiqliyindən əminsiz? Bunu audio-vizual dəlillərlə təsdiq edə bilərsiz? (Lazım gəlsə, hətta məhkəmədə?)
- Sizin mənbə ictimai çəkisi olan şəxsdir? Bu sitat ictimai yerdə, ictimai vəziyyətdə səslənib? Sizdən başqa bu sözləri eşidən olub? İnsanın və hadisənin ictimai çəkisi nə qədər böyük olarsa, onların kaprizləri ilə bir o qədər az oynamaq lazımdır.
- Sitatı dəyişməsəz, mənbə hansı formada zərər çəkə bilər? Bu zərərin miqyası, ölçüsü nə qədərdir? O, özünü və yaxınlarını riskə atırmı?
- Sitatın orijinal formada nəşri üçüncü şəxslərə təhlükə törədə bilərmi? Törədərsə, bu şəxslər kimlərdir? Onlara hansı formada təhlükə yarana bilər?
- Sitatda deyilənlərin ictimai əhəmiyyəti nə qədər böyükdür?
- Bu mənbəni itirsəz, sizin redaksiya nəyi itirmiş olacaq?
- Sitat nə qədər «cool» sayıla bilər? Onu materialda olduğu kimi saxlamaq sizin üçün nə qədər prinsip məsələsidir?
Bu sualların cavabları fərqli kombinasiyalarda fərqli qərarlara gətirib çıxara bilər. Lakin bir ümumi qayda dəyişməz qalır – sitatları redaktə etmək və ya redaktə etməmək qərarı yalnız redaksiyaya məxsusdur. Mənbənin bu vəzifəni öz öhdəsinə götürməsinə heç bir yol verməyin.
Sərlövhədəki foto: Can Pac Swire / Flickr