Yeni Jurnalist

Saytlarda onlayn məzmunun idarə edilməsi

Həbib Məmmədov

Bu günlərdə bir çox insan biznes və ya şəxsi məqsədlərlə İnternet saytı yaratmaq haqqında düşünür. Lakin sayt yaratmaqdan öncə kiçik bir plan (yol xəritəsi) hazırlamaq lazımdır.

Plan dedikdə, yəni sayt nə üçün lazımdır, saytın başlıca məzmunu nədən ibarət olacaq və bizim saytın gələcək istifadəçiləri kimlərdir. Bu sualların cavabını biləndən sonra sayt qurmaq daha rahat olacaq. Ona görə də yeni sayt yaradarkən tələsmək lazım deyil.

Sayt nədir? Sayt – bütün fərqli əməliyyat sistemlərində işləmək imkanında olan bir məhsuldur. Buna həm də cross platform – platformalar arası məhsul deyirlər. Yəni əməliyyat sistemindən (Windows, Mac, Linux) asılı olmayaraq hər bir istifadəçi sayta rahatlıqla daxil ola və onun məzmunundan yararlana bilər. Bunun üçün sadəcə brauzer proqramı və İnternet əlaqəsi lazımdır.

Hal-hazırda sayt ən aktual məhsullardan biridir, çünki İnternetə çıxışı olan hər bir şəxs dünyanın harasında olmasından asılı olmayaraq istədiyi sayta girə, lazımlı informasiyanı oxuya, audiovizual məzmunu (video və podkastlar) izləyə bilər.

Hər bir saytın başlıca funksiyası lazımlı informasiyanı istifadəçiyə rahat ötürməkdir. İstifadəçi bu informasiyanı əldə edərkən ən az səy göstərməlidir. Burada informasiya dedikdə, saytın mövzusuna aid olan məzmun nəzərdə tutulur. Məsələn, Walmart.com, AliExpress.com və Amazon.com tipli saytların əsas məzmunu kommersiya səciyyəsi daşıyır və əgər siz bu saytlara daxil olursuzsa, onların məqsədi sizin istədiyiniz məhsulu rahat, etibarlı və təhlükəsiz qaydada sizə satmaqdır. Sadə dillə desək, bu saytlar onlayn dükanlardır və dükanda alış-veriş edilir.

Əgər siz start-up biznesi kimi özünüzə yeni bir sayt yaratmaq istəsəniz, bunun üçün hansı tədbirləri görmək lazımdır? Sayt üçün sizə nə lazımdır? Gəlin kiçik bir siyahı tutaq

  1. Server (host)
  2. Domeyn adı
  3. Proqram təminatı

İndi isə gəlin bu komponentləri bir-bir nəzərdən keçirək.

Server (host)

Server – saytın fiziki olaraq yerləşdiyi, İnternetə bağlanmış kompyuterdir və bu kompyuter istifadəçilərin sorğularına cavab verir. Serverlərin fərqli növləri və bir çox hallarda serverlər saytlara uyğun olaraq qurulur. Serverin fiziki olaraq harada yerləşməsindən asılı olmayaraq o, istifadəçilərin sorğularına eyni sürətdə cavab verir. Serveri güclü edən əsas amillər onun hansı avadanlıqdan qurulması (hardware) və server təminatçısının İnternet surətidir. Sayt yaratmaq istəyənlər bu gün AWS (Amazon Web Service), DigitalOcean ve Herokou kimi bir çox şirkətlərin server xidmətlərindən yararlana bilər.

Domeyn adı

Saytı serverə yerləşdirdikdən sonra ona serverin IP ünvanı ilə daxil olmaq mümkündür (məsələn, 127.0.0.1). Lakin sıravi istifadəçilər üçün bu metod problemlər yaradır. İstifadəçilər bütün saytların IP ünvanını yadda saxlaya bilməz, üstəlik ucsuz-bucaqsız İnternerdə saytı tapmaq çətinləşir. Buna görə də sayta hər hansı ad vermək lazımdır, məsələn www.example.com. Bu, saytın domeyn adıdır və saytın IP ünvanı ilə bağlandığı üçün istənilən istifadəçi həmin adı brauzerdə axtarışa verəndə sayta daxil ola bilir.

Proqram təminatı

Server və domeyn adını həll etdikdən sonra siz artıq sayt yaratmağa başlaya bilərsiz. Yuxarıda dediyimiz plan (yol xəritəsi) bizə burada lazım olacaq. Saytların bir neçə növü var – “vizit kartı” (landing page), onlayn gündəlik (blog), online dükan (e-commerce) və sair. Tutaq ki, siz “vizit kartı” tipli sayt düzəldirsiz. Bu saytlar adətən “bir səhifəli” – SPA (Single Page Application) formasında olur. SPA haqqında gələcəkdə daha ətraflı danışacayıq, hələlik onu bilmək kifayətdir ki, bu tip saytda bütün proseslər bir səhifə üzərində gedir. Bu səhifədə mətn və audio-vizual məzmun yerləşdirilir. Bu məzmunu idarə etmək üçün bizə CMS (Content Management System), yəni məzmun idarəçiliyi sistemi lazımdır.

CMS nədir?

İnternet yeri yarananda saytlar bir qayda olaraq statik idi. Sayta hər hansı informasiyanı daxil etmək üçün səhifələrin koduna düzəlişlər etmək lazım gəlirdi. Təsəvvür edin ki, sizin 50 səhifəlik böyük bir saytınız var və siz loqonu dəyişmək istəyirsiz. İndi gərək hər bir səhifəni ayrı-ayrı açıb redaktə etməlisiz. Bu əməliyyat sizin ən azı 2-3 saat vaxtınızı aparacaqdı. Bu problemləri aradan qaldırmaq üçün 1992-ci ildə AOL şirkəti RAINMAN (Remote Automated Information Network Manager) adlı ilk CMS hazırladı. CMS vasitəsilə, məsələn, siz loqonu dəyişmək üçün bütün səhifələrə ayrı-ayrı müdaxilə etmək zərurətindən xilas olursuz. İndi loqonu CMS vasitəsilə cəmi bir dəfə dəyişməklə saytdakı bütün səhifələrdə avtomatik dəyişiklik olur.

Bu gün bazarda Joomla, WordPress, Drupal, OctoberCMS və PeroCMS kimi bir sıra standart CMS mövcuddur. Ona görə də əgər sizin proqramlaşdırma bilikləriniz yoxdursa, qətiyyən narahat olmağa dəyməz. Siz yuxarıdakı proqram təminatlarından rahatlıqla istifadə edə bilərsiz.

CMS necə işləyir?

Saytdakı informasiyanı saxlamaq üçün sizə konteyner lazımdır. Bu konteyner sizin serverinizdə yerləşir və Database, yəni məlumat bazası adlanır. Saytın bütün məlumatları burada olur. CMS server ilə rabitə qurur (communication), dinamik qaydada serverə sorğu göndərir, server isə məlumat bazasından lazımlı informasiyanı götürüb istifadəçiyə təqdim edir. Beləliklə, CMS vasitəsilə sayt iki əsas hissəyə ayırılır: istifadəçinin fiziki olaraq gördüyü “vitrin” (Frontend) və sayt inzibatçısının məlumatları daxil etdiyi “arxa otaq” (Backend).

Paylaş