Data jurnalistikası prosesinin nə vaxt başladığını öyrənək. Məncə hansısa sual sizi düşündürən kimi bu proses başlamış sayılır. Və yaxud da küçədə gördüyünüz haqsızlıq, nəyinsə səhv olduğu şübhələri data jurnalistikasına giriş sayıla bilər. Bu işin məqsədi sizin şübhələrinizi təsdiqləmək və sualınıza istədiyiniz cavabı almaq deyil, data jurnalistikası vəziyyətin əslində necə olduğunu və şübhənizin nə dərəcədə düz olduğunu ölçməkdir. Gəlin birlikdə araşdıraq.
Bu material üçün heç vaxt istifadə etmədiyim sıralama ilə davam etmək istəyirəm. Bu günlərdə Bakı şəhərinin “Azadlıq prospekti” metro stansiyası yaxınlığında çoxmərtəbəli binanın tikintisini gördüm. Bina metro stansiyasının havalandırma sisteminə həddən artıq yaxın məsafədə tikilirdi. Bu məndə şübhə yaratdı: “Bu tikinti nə dərəcədə düzgündür? Havalandırma sistemi vasitəsilə tikintidəki toz-torpaq və digər qırıntılar metronun sisteminə dolmurmu?” İçinizdə şübhə sual yarandısa, demək, bu araşdırmalı mövzudur. Artıq proses başlamışdır.
İlk olaraq bina tikintisi başlamadan vəziyyətin necə olduğunu öyrənmək yaxşı olar. Bunun üçün Google Earth Pro-nu yükləmək lazımdır. Bu proqram Google Xəritələrinə baxmaq imkanı verir. Ancaq bizim üçün vacib tərəfi onun tarixi xəritə və fotoları da özündə cəmləşdirməsidir. Eyni zamanda Google Earth-ün veb versiyası da var, amma nəzərə alın ki, alət baxımından onun imkanları kompüter versiyasına nisbətdə daha kasaddır. Yəni Google şirkəti müəyyən aralıqla peyk şəkillərini yeniləyir və xəritələrini də onun əsasında yeniləyir. Bu şəkillərə baxmaq üçün Google Earth-in idarəetmə panelindəki üzərində yaşıl rəngli ox (sağdan sola istiqamətlənmiş) olan saat işarəsini klikləmək lazımdır (Foto 1). Dərhal həmin yerin müxtəlif illər üzrə şəkillərinin olduğu bildirilir. Məsələn, Bakı üzrə ümumi xəritəni kliklədikdə ilk belə peyk fotosunun 31 dekabr 1984-cü ilə aid olduğunu görürük (Foto 2).
İşimizi 2018-ci ilin xəritəsi ilə davam etdiririk. Solda axtarış məkannda “Azadlıq prospekti metro” yazıb axtarış edirik. Şəkildə M hərfi ilə metro stansiyanın çıxışı. Oxla işarələnən isə metropolitenin havalandırma sisteminin çıxışı göstərilib (Foto 3). Havalandırma sisemindən tikilmiş binaya qədər məsafəni idarəetmə panelindəki xətkeş aləti ilə ölçə bilərik. Deməli indi arasında 47 m məsafə var (Foto 4).
Məsələ burasındadır ki, Google xəritələri tez-tez yeniləmir və tikintini addım-addım izləmək imkanı yoxdur. Amma tikililərin nə dərəcə düzgün olduğunu öyrənə bilərik. Bu haqda sonda qeyd edəcəyik. Hələliksə, araşdırmamızı tarix aləti ilə davam edək (Foto 5). Onu klikləyib, zamanı geri çəkərək eyni məkana bir daha baxaq.
Diqqət edin! indiki havalandırma yerinin sol tərəfində ağaclar var. Bir az əvvələ getsək, görərik ki, havalandırma sisteminin yeri ora olmayıb, sistem (sistemin çıxışı) tamam başqa yerdə olub. Bina isə birbaşa strateji obyekt sayılan metropolitenin havalandırma sisteminin düz yanında tikilib. Məsələn, 2018-ci il mayın 6-da çəkilən şəkildə aydın görünür ki, havalandırma çıxışı düz binanın yanında ola-ola tikinti davam edib! Həmin vaxtda çıxışın yeri qırmızı oxla, sonradan tikilən çıxışın yeri isə sarı ilə göstərilib (Foto 6).
Data jurnalistin burdan gəldiyi daha bir nəticə budur ki, dövlət əhəmiyyətli obyektin havalandırma çıxışının yerinin yaxınlığında tikinti aparılıb, yer dəyişikliyi edilib. Digər araşdırılacaq mövzular bunlar ola bilər: bu dəyişikliyin qanuniliyi və metropolitenin havalandırma sisteminin hansı xərclə və hansı qurumun hesabına edildiyi də maraq doğuran suallardandır. Xəritəni geri fırlatsaq görərik ki, həmin çıxış ən azı 2009-cu ildən orada görünür və yeri 2018-ci ildə dəyişdirilib. Yəni datanı dəqiqləşdiririk.
Ən sonda 2019-cu il, dekabrın 17-də çəkilən fotoya baxırıq. Hazırda binanın daha bir neçə bloku tikilib və yeni qurulan havalandırma sistemi ilə məsafə bu dəfə də yaxınlaşıb. Google Earth Pro-nun məsafə ölçən alətindən istifadə edib, binanın küncündən havalandırma nöqtəsinədək məsafəni ölçə bilərik. 5 metrdən bir az artıq məsafə görünür (Foto 7). Bu məsafənin nə qədər qanunauyğun olduğunu Metropolitenin qaydalarından yoxlayırıq, mətbuat xidməti ilə əlaqə saxlayır, digər qurumlara müraciət edirik.
Beləliklə, data jurnalist kimi araşdırmamız nəticə verdi, məlumatları yoxladıq, ilkin material hazırdır. Növbəti addıma bu materialı izləməklə, yeni detallar əlavə etməklə davam etmək olar.
Sərlövhədəki foto: Curtis MacNewton / Unsplash