Yeni Jurnalist

Rəqəmsal məzmun üçün alətlər — Digitalstory.tools

Emin Hüseynzadə

İnternet üçün məzmun hazırlayan jurnalistlərin qarşısında həmişə yeni alətlərin istifadəsi məsələsi durur.  Bu alətlər zamanla dəyişir və yeniləri haqda əlavə məlumat toplamalı oluruq. Əgər məzmunlar multimedia (video, foto, gif, animasiya, yazı, səs və s.) ilə bağlıdırsa, format üçün hər media qurumu müxtəlif alətləri axtarmalı olur.  Çoxları yaxşı alətlərdən ibarət ensiklopedik, amma çox da böyük olmayan onlayn resurs istəyir.  Niderlandda yerləşən Hackastory təşkilatı məhz bu cür sayt yaradıb.  Müxtəlif medialardan ötrü nəzərdə tutulan digitalstory.tools saytı məhz belə məqsədlərə qulluq edir.

Saytda məzmunların yaradılması üzrə alətlər bir neçə kateqoriyaya bölünüb: Multimedia, İnfoqrafika, Xəritələr, Video, Foto, Audio, Mojo (mobil jurnalistika), Data, Dəqiqləşdirmə, Sosial media, VR (virtual gerçəklik), Animasiya, Kitabxana, Dizayn, Yaradıcılıq… Kateqoriya üzrə alətlərin sayı müxtəlifdir. Rəqəmsal yazıları hazırlamaqdan ötrü cəmi 85 alət haqda məlumat verilir.

Hackastory komandasının hər kateqoriyada bir alətə üstünlük verdiyi göstərilir və həmin alətlər səkkizbucaqlı çarxın içində “1” rəqəmi ilə qeyd olunur. Hər bir alət çətinlik səviyyəsi üzrə asan, çətin və normal olaraq müəyyən olunur. Bundan əlavə alətin pulsuz və ya pullu məzmuna malik olması da göstərilir ki, istifadəçilər əvvəlcədən hazırlıqlı olsunlar. Üstəlik, alətlərin interaktivliyi və məzmunun sonradan başqa sayta yerləşdirilə biləcəyi qeyd olunur.

Əlbəttə ki, yükləmək üçün hər bir alətə keçid verilir.  Mobil alətlərdən istifadənin getdikcə artdığını nəzərə alan yaradıcılar sayta bir sıra onlayn tətbiqetmələrin məhz mobil versiyalarına keçidləri yerləşdiriblər.

Yeni alətlər ara-sıra sayta əlavə olunur, həm də bu haqda məlumatı tapmaqdan ötrü sayta daxil olmağa ehtiyac yoxdur.  Sadəcə digitalstory.tools saytında sadə qeydiyyat formasını dolduraraq xəbərdarlıqların elektron poçtunuza göndərilməsini istədiyinizi qeyd edə bilərsiniz.  Beləliklə, yeni alətlər haqda birinci öyrənən siz olacaqsınız!

Hackastory təşkilatı 2 günlük təlimlər və onlayn tədris də həyata keçirir.  Təlimin kursu ilə tanış olmaq və ya onlayn kursda iştirak etmək istəyinizi bildirmək üçün bu səhifədəki anketi doldurmanız yetər.

Emin Hüseynzadə, Yeni Jurnalist saytı üçün

Paylaş