Yeni Jurnalist

Münaqişə dövründə saxta xəbərləri tanımağın yolları

Səyyarə Məmmədova

27 sentyabr tarixində Azərbaycan və Ermənistan arasında döyüşlər başlayandan sonra İnternetdə saxta xəbərlər də sürətlə yayılmağa başlayıb.

2018-ci ildə yayınlanan bir araşdırmaya əsasən İnternetdə yayılan saxta xəbərlər doğru xəbərlərdən daha çox yayılır və oxunur. Hisslərə arxalanmağın saxta xəbərlərə olan inamı artırdığını göstərən başqa bir araşdırma isə insanların saxta xəbərləri doğru olaraq anlamasında emosiyaların vacib rol oynadığını göstərir.

Jurnalistlər və İnternet istifadəçiləri də bəzən ya təcili yayın etmək üçün, ya da duyğularına qapılaraq yanlış xəbərlər paylaşır. Bu səhvə yol verməmək üçün redaksiyada işləyənlər yayından əvvəl aşağıdakı məsləhətləri tətbiq edə bilər.

Vizual materialları əks axtarış üsulu ilə araşdırın

Müharibə, pandemiya, seçki və ya hər hansı bir böhran vəziyyətində yayılan yanlış məlumatlar arasında foto və video xəbərlər də olur. Bir araşdırmaya əsasən beynimiz vizual informasiyanı mətn halında olan informasiyadan 60 min dəfə daha sürətli qəbul edir. Ona görə də hadisə yerindən olduğu iddia edilən video və yaxud foto materiallar redaksiyaya daxil olarkən dərc etməzdən əvvəl aşağıda yazılanları etdiyinizdən əmin olun:

  • Fotonu/videonu əks axtarış üsulu ilə araşdırın.
  • Fotodakı/videodakı işarələrlə verilən informasiyanın tutarlılığını müqayisə edin.
  • Mümkündürsə EXİF datalarına baxın.

Redaksiyaya daxil olan fotonu dərc etməzdən əvvəl Google, Yandex kimi axtarış motorlarında əks axtarış üsulu ilə necə araşdıra bilərsiniz?

Məsələn, aşağıdakı foto sizə 30 oktyabr 2020-ci il tarixində redaksiyaya göndərilib və İtaliyada COVID-19 xəstələri artdığı üçün xəstəxanada yer qalmadığını göstərdiyi iddia olunur.

Bu fotonu əvvəlcə siçanınızın sağ düyməsini klikləyərək “Search Google for Image” seçimini klikləyin. Digər yol isə Google Images hissəsinə keçərək fotonuzu həmin axtarış yerinə yükləyin və nəticələrdə həmin fotonun daha köhnə bir tarixdə paylaşılıb paylaşılmadığını, hansı hadisələrlə əlaqədar olaraq paylaşıldığını görəcəksiniz.

Yuxarıdakı misalda verilən fotonu araşdıraq. Məsələn çıxan Google nəticələrində belə bir tweetdə paylaşıldığını görə bilərsiniz. (Qeyd: bu axtarışı dəfələrlə təkrarlaya bilərsiniz, məsələn, tapdığınız nəticələrdəki fotoları təkrar axtarın.)

#StayStrongCroatia və #PrayForZagreb hashtag-lərini gördükdə həmin tarixlərdə Xorvatiyada nə baş verdiyini araşdırsanız, zəlzələ xəbərlərini və bu fotonun həmin hadisədən olduğunu görəcəksiniz. Bəzən dolayısı bəzən də bir başa yolla sizə göndərilən fotonun iddia olunan hadisədən və ya tarixdən olub olmadığını bir axtarış ilə də öyrənmək mümkündür. 

Həmçinin bunları istifadə edə bilərsiniz:

Bonus: IJNET : 9 tools for verifying images

Videolar üçün axtarış edərkən eynilə fotodakı kimi həmin videodan ekran görüntülərini çəkib əks axtarış üsulu ilə araşdıra bilərsiniz. İstifadə edə biləyəniz vasitələr Amnesty YouTube DataviewerInVid ola bilər. Məsələn Yeni Jurnalistin YouTube-da yüklədiyi son video “Rəqəmsal ayaq izlərini azaltmağın yolları” videosunun linkini Amnesty YouTube Dataviewer-da əlavə edək.

Nəticələrdə də gördüyünüz kimi videonun nə vaxt yükləndiyi kimi detallar ilə yanaşı videodan bəzi fotoları çıxararaq “reverse image search” yəni tərsinə axtar seçimi verir. Bənzər şəkildə InVid əlavəsini brauzerinizə qoşaraq videolar üçün axtarış edə bilərsiniz.

Bonus: Poynter: 10 tips for verifying viral social media videos

EXİF “Exchangeable Image File” yəni şəklin dəyişdirilə bilən faylı, fotonun içərisində çəkildiyi yer, tarix, ölçü, vasitə məlumatları və çəkiliş parametrləri də daxil olan informasiyaların olduğu hissədir. Bu məlumatlar sosial media platformalarında çox zaman dəyişikliyə uğrayır. Lakin birinci əldən sizə daxil olan bir foto varsa və iks şəhərində iks məkanda çəkildiyi iddia olunursa və xəbərinizdə istifadə etməyiniz vacibdirsə bu fotonun həqiqətən iddia edilən yerdən olub olmadığını EXİF dataları ilə yoxlaya bilərsiniz. Datalar silinə bildiyi üçün bu üsul 100% sizə kömək etməsə də bəzi situasiyalarda əlavə bir vasitə ola bilər. Bunun üçün Jeffrey’s Image Metadata Viewer istifadə edə bilərsiniz.

Sitatları xəbərləşdirərkən diqqət

Bəzən rəsmilərin və ya tanınmış şəxslərin sitatları ilə bağlı xəbərlər yazarkən səhvən yanlış məlumatın qurbanı ola bilərsiniz. Burada özünüzə verməli olduğunuz bir neçə sual var:

  • Sitatın mənbəyi nədir? İki mənbədən təsdiqləyə bilirsinizmi?
  • Sitat əgər xarici dildədirsə düzgün tərcümə edilibmi? Tərcümə vasitələrindin istifadə edərək təkrar yoxlaya və ya peşəkar yardım ala bilirsinizmi?
  • Sitatı paylaşan sosial şəbəkə hesabıdırsa rəsmidirmi? Həmin şəxs sosial mediadan istifadə edirmi?
  • Sitat hansı konteksdə verilib? Bir sitat fərqli situasiyada fərqli bir mövzu üçün verilmiş ola bilər, sitatın birbaşa sizin mövzunuzla bağlı olduğunu təsdiqləyə bilirsiniz?

Bu sualların siyahısı uzadıla bilər. Əgər bir rəsminin sitatı ilə bağlı redaksiyaya məlumat daxil olubsa bunu ən azı 2 etibarlı mənbədən yoxlayın. İstinad edəcəyiniz xəbər ən tanınmış media qurumundan olsa belə hər kəsin səhv edə biləcəyi ehtimalını unutmayın. Deyək ki, hansısa rəsmi və ya tanınmış şəxsin bir mövzu ilə bağlı yazdığı “tvit”dən xəbər hazırlayırsınız. “Bu Tweet doğurdan da həmin şəxs tərəfindənmi paylaşılıb?” sualının cavabını tapmaq üçün həmin profilin bio hissəsinə və digər məlumatlar olan hissəsinə diqqətlə baxın. Bəzən parodiya hesablardan paylaşılan tvit “doğru” olduğu düşünələrək xəbərləşdirilir. Misal olaraq ABŞ Prezidenti Donald Trump adına açılan parodiya hesabın paylaşdığı “tvitin” real Trumpa aid olduğu düşünülərək xəbərləşdirilməsi göstərilə bilər. Əslində burada qısa bir doğrulama ilə profilin ABŞ prezidentinə aid olmadığını dəqiqləşdirmək mümkündür.

  • Profildə mavi işarə varmı deyə yoxlayın.
  • Profilin məkan (location) və ya bioqrafiya (bio) qismində parody yazıb yazmadığını dəqiqləşdirin.
  • Eyni adda olan digər profillərə baxın.
  • Profilin daha əvvəl paylaşdığı “tvit”lərə baxın. Bəzən bir hesab bir neçə müddət bir məşhurun adına istifadə edilsə də daha sonra ad dəyişdirilir.

Bir hesabın iddia olunan şəxsə aid olub olmadığını yoxlamağın bir yolu  Advanced Twitter axtarışıdır. Detallı baxmaq istədiyiniz hesabın “@istifadəçiadı”-nı bu hesabın bio qismində görünən açıldığı tarix ilə istədiyiniz bir tarixə qədər olan aralığı seçərək axtarış edə bilərsiniz. Məsələn hesab oktyabr 2012-ci il açılıbsa “1.10.2012-1.11.2012” seçərək ilk 1 ay ərzində paylaşdıqlarına baxa bilərsiniz. Digər yol isə Wayback Machine-də araşdırdığınız hesabı copy-paste edərək keçmiş arxiv versiyalarına baxa bilərsiniz. İnternet Archive-da internetdəki 483 milyarddan çox veb səhifənin tarixçəsi mövcuddur.

Bonus: Troll hesabları tanımaq üçün oyun

Yanlış məlumat qurbanı olmamaq və auditoriyaya əsası olmayan xəbərlər təqdim etməmək üçün hər yayından əvvəl o informasiyaları internetdəki vasitələrin də köməyi ilə yoxlamaq mümkündür. Müharibə, pandemiya və buna bənzər zamanlar insanların həssas olduğu və qarşılaşdığı informasiyaları araşdırmadan paylaşdığı bir dövrdür. Bunun qarşısını almaq üçün həm redaksiya daxilində öyrədici təlimlər həyata keçirilə bilər, həm də auditoriya ilə media savadlılığı mövzusunda məlumatlandırıcı materiallar paylaşıla bilər.

Bonus: “Misinformation and its Correction: Cognitive Mechanisms and Recommendations for Mass Communication.”

Foto: Markus Winkler / Pexels

Paylaş