Yeni Jurnalist

Peyk görüntüləri ilə necə işləməli?

Araşdırma sahəsində çalışan jurnalistlərə yardım məqsədilə yaradılmış Exposing the Invisible (“Görünməyənlərin aşkara çıxarılması”) layihəsi məlumatların düzgün təhlil və şərh olunması, eləcə də informasiyanın həqiqiliyinin yoxlanılması istqamətində bir sıra filmlər, rəhbərliklər və onlayn alətlər təklif edir. Onların arasında xüsusilə diqqət çəkən məsələlərdən biri də peyk vasitəsilə əldə edilən və ictimaiyyətə açıq olan məlumatların işlənməsi haqqında Seeing From Above (“Yuxarıdan baxmaq”) adı altında toplanmış materiallardır.

1) Google Earth və Bing Maps-in gözləri ilə dünyaya baxmaq

Google Earth, Street View rejimində Google Maps, Яндекс.Карты kimi onlayn alətlər sizdən min kilometrlərlə uzaqda yerləşən ərazilərə həm peyklərin, həm də yerli sakinlərin gözləri ilə baxmaq imkanı yaradır. Eyni zamanda, geniş ictimaiyyətin gündəlik nəzərlərindən kənarda qalan, çətin gedib çıxılan ucqar yerlər haqqında daha çox (açıq) məlumat öyrənməyin yolları haqqında maraqlı araşdırmanı buradan oxumaq olar.

2) Kraudsorsing (Crowdsourcing) vasitəsi ilə peyk şəkillərinin təhlili

Kraudsorsing – hər hansı məhsulun yaradılması və ya xidmətin həyata keçirilməsi üçün çoxsaylı istifadəçilərin adətən könüllü iştirakı ilə İnternet vasitəsilə zəruri informasiyanın toplanmasına deyilir. Belə kraudsorsinq layihələrindən biri – Logging Roads onlayn platforması haqqında siz OpenStreetMap Foundation, Moabi və Mapbox layihələrinin iştirakçısı Mikel Maron ilə müsahibədən daha ətraflı məlumat əldə edə bilərsiniz. Bu platforma istifadəçilərin yardımı ilə meşələrin qırılmasının monitorinqini aparır.

3) Təyyarələrin uçuşunu gerçək zaman rejimində izləmək

Flightradar24 xidməti sizə imkan verir ki, havada olan təyyarələrin uçuşunu real zaman rejimində İnternetdə izləyəsiniz. Xidmət sizə təyyarənin koordinatlarını, uçuş sürəti və yüksəkliyini, eləcə də xəritədə uçuş trayektoriyasını göstərir. Siz həmçinin jurnalistlərin öz araşdırmalarında bu xidmətdən necə yararlandığı barədə ətraflı oxuya bilərsiniz.

Paylaş