Anonim mənbələr nədir? Sözlərini, iddialarını, sitatlarını məqalə və reportajda fakt kimi təqdim etdiyiniz, amma adlarını oxucuya demədiyiniz və ya psevdonim altında gizlətdiyiniz insanlar və onların təqdim etdiyi sənədlərdir.
Anonimliyin iki pilləsi ola bilər.
- Mənbə redaksiyaya bəllidir, oxucuya isə bəlli deyil. Adını sizə deməyən qəhrəmanla şəxsən görüşdüyünüz zaman və ya adını bildiyiniz, amma öz xahişi ilə məqalədə çəkmədiyiniz zaman belə hallar baş verir. Yaxud da qəhrəman sizdən bunu xahiş etmir, sadəcə müəyyən səbəbdən onun adını gizli saxlamaq qərarı verirsiz.
- Mənbə redaksiyaya bəlli deyil, deməli oxucu da onun kimliyini bilmir. Bu halda informasiya sizə ikinci əldən və anonim gəlir. Əksər hallarda:
- digər mediada verilən materialda mənbənin adı çəkilmir («yaxın çevrəsindəki mənbə», «bizim mənbə», «bu işə bələd olan mənbə»);
- «ikinci əl» sitatlar şəklində olur – adı bəlli olan müsahib anonim mənbəyə istinad edir («administrasiyada mənə dedilər ki…»,»Gördüyüm sənəddə deyilir ki…»)
- şayiə və dedi-qodular olur.
Niyə anonim mənbələrə istinad etmədən keçinməyə çalışmaq lazımdır?
Anonim mənbə öz dediyinə görə cavabdehlik daşımır. İnsan şəxsi söhbət zamanı dediyinin kənara çıxmayacağından əmindir, ona görə də hadisələri şişirdir, özündən təfərrüatlar uydurur, öz fikir və dəyərləndirmələrini başqasının adına yazır, gözləri ilə görmədiyi halda şahid kimi danışır. Bunlar qəsdən edilməyən təhrif və ya yalan ola bilər, yaddaşın xüsusiyyətləri və insan psixikasından qaynaqlana bilər, söhbətin qızışması və əhvalatı daha maraqlı etmək istəyindən doğa bilər, diqqət cəlb etməyə çalışmaq, statusu qaldırmaq, ağıllı və məlumatlı görünmək arzusundan yarana bilər. Lakin bunlar bilərəkdən ötürülmüş yalan və manipulyasiya da ola bilər. Sizdən istifadə edərək informasiya məkanına lazımlı məlumatı ata bilərlər. Axı sizin həmsöhbət deyilənlərə görə sonradan cavabdehlik daşımayacaq. Anonim olmayan mənbələr də yalan danışır və ya şişirdir. Ancaq anonim mənbələri çəkindirəcək amillərin sayı daha azdır.
Anonim mənbənin dediklərini dəqiq çatdırmağa görə sizin də məsuliyyətiniz azalır. Mənbə və ya qəhrəman bəlli olmadığına görə, journalistin sitatı «düzəltmək», mənbənin əvəzindən nəyisə uydurmaq, olmayan təfərrüatları əlavə etmək, öz şərhlərini qəhrəmanın adından vermək, bir qəhrəmanın dediyini o birinin adına yazmaq kimi istəkləri baş qaldıra bilər. Anonim mənbə bu təhrifə görə jurnalistə və ya redaksiyaya etirazını bildirmək imkanından məhrumdur, çünki yazıda adı çəkilmir.
Jurnalistlər bəzən anonim olmayan mənbələrin də dediklərini təhrif edir və «düzəldirlər». Lakin belə hallarda sitatı təhrif olunan şəxs həmin mediada olmasa da, ən azından sosial mediada təkzib verə bilər, auditoriyaya müraciət edə bilər. Anonim mənbələri isə heç nə qorumur.
Əgər journalist öz peşəsi ilə yazıçılıq arasında fərq görmürsə, onda nəinki uydurma sitatlar düzəldər, hətta uydurma personajlar fikirləşib bu sitatları onların adına da yazar. Əgər bu uydurma personajı anonim mənbə kimi qələmə vermək olsa, bu saxtakarlığı aşkarlamaq da çətin olacaq. Anonim olmayan qəhrəmanın adından saxta məlumatlar vermək isə çətindir, dərhal aşkar olunur.
Redaksiyanın anonim mənbələrə qarşı yumşaq siyasəti jurnalistləri «korlayır». Əgər bir mənbəyə söz versən ki, adını çəkməyəcəm, bütün məlumatları ver, onda tənbəl jurnalist bu məlumatları anonim olmayan mənbələrdən dəqiqləşdirmək üçün niyə beş yerə zəng eləsin? İlk rastına çıxan şəxsi «adını çəkməmək şərti ilə» danışdırmaq mümkün olarsa, niyə öz adından danışmağa və şəklini çəkdirməyə razılaşan gerçək qəhrəman axtarmağa zəhmət sərf edəsən? Həmişə vaxt çatışmazlığından şikayət edən jurnalistlər təbii olaraq oradan-buradan vaxt qırpmaqla, mümkün qədər az səy göstərməklə daha tez və daha əziyyətsiz işləməyə çalışacaq.
Oxucu anonim mənbənin səriştəliliyini, nə də məlumatın hansı şəraitdə əldə edilməsini çox zaman dəyərləndirə bilmir. «Təhsil şöbəsindəki etibarlı mənbənin sözlərinə görə gələn il rayonda üç məktəb bağlanacaq» ifadəsinin arxasında olan şəxslərin kim olma ehtimalına baxaq:
- Təhsil şöbəsinin müdiri;
- Məsələnin müzakirə olunduğu müşavirədə olmuş kargüzar;
- Təhsil şöbəsinin iki məmuru arasında söhbəti təsadüfən eşitmiş jurnalist («Gələn il üç məktəbi bağlayırıq…»). Söhbətin bu parçası həqiqətən məktəblərin bağlanması haqda ola bilər, ya da kontekstdən çıxarıla bilər («Təmirdən sonra ilin ortasında yenidən açırıq, şagirdləri o biri məktəblərdən geri qaytarırıq.»);
- Müşavirədə olmuş kargüzarın həyat yoldaşı jurnalistin rəfiqəsidir və söhbət əsnasında sözü təsadüfən ağzından qaçırıb;
- Təhsil şöbəsinin mətbuat katibi guya belə bir sənəd gördüyünü deyir;
- Təhsil şöbəsinin sürücüsü işləyən sizin bağ qonşunuz;
- Təhsil şöbəsində təmizlikçi işləyən qadın; və s.
Gördüyünüz kimi, bütün bu şəxslər «təhsil şöbəsindəki etibarlı mənbə» kateqoriyasına daxildir, amma onların statusu və məlumatı aldıqları şərait bu məlumatın etibarlılıq dərəcəsinə kəskin təsir göstərir. Əgər mənbə anonimdirsə, oxucu həmin mövzuda onun nə qədər səriştəli olması barədə qərar verə bilmir. Digər tərəfdən nə redaksiya, nə də oxucuların heç zaman etibarlı saymayacağı mənbələri jurnalist çox rahatlıqla «adının çəkilməsini istəməyən etibarlı mənbə» adı altında gizlədib auditoriyaya sırıya bilər.
Yalanı deyən anonim mənbədir, yalançı çıxan isə jurnalist. Əgər mənbə anonimdirsə, onun dediyinin məsuliyyətini redaksiya öz üzərinə götürür. Həm auditoriya qarşısında, həm də məhkəmə qarşısında.
Bir anonim mənbə digər anonim mənbələrin ortaya çıxmasına şərait yaradır. Siz anonim mənbələrə nə qədər çox istinad etsəz, bir o qədər çox mənbə adının çəkilməsini istəməyəcək. Anonim mənbəyə istinad istisna yox, qayda olaraq qəbul olunarsa, müsahiblər də bir qayda olaraq adlarının çəkilməsini istəməyəcək və onlara bunun əksini izah etmək getdikcə çətinləşəcək. («Əgər hamı adı çəkilmədən danışa bilirsə, niyə mənim adımı göstərməlisiz?») Bu praktika daha çox media orqanına yayılarsa, anonimlik də jurnalistlərlə davranışda gözlənilən normaya çevrilə bilər. Hətta adi məsələlər barəsində şərh verərkən insanlar öz adlarının çəkilməsinə etiraz edəcək, çünki «hər kəs belə edir». Bu stereotipi dağıtmaq, xüsusən təkbaşına dağıtmaq jurnalist üçün çətin olacaq.
Etibarlılıq, deməli həm də reputasiya ilə bağlı problemlər yaranacaq. Əgər anonim mənbələr həddən artıq çoxdursa və onların çoxluğu oxucunun gözündə yetəri qədər əsaslı görünmürsə, o zaman həm sizin medianın, həm də özünüzün etibarlılığınız şübhə altına düşəcək. Sizin etibarlı olmanız barədə qavrayış hər hansı bir yazıdan sonra dərhal yaranmır, uzun zaman ərzində əmələ gəlir, nəticədə həm sizin nəşrin, həm də özünüzün reputasiyasını formalaşdırır. «Dedi-qoduçu» və ya «etibarsız mənbə» reputasiyası o demək deyil ki, daha sizi oxumayacaqlar. Sadəcə başqa insanlar başqa məqsədlərlə oxuyacaq. Özünüz bir qərara gəlməlisiz – hansı reputasiyaya can atırsız, hansı hədəf auditoriyasına, hansı bazara işləyirsiz?
Bununla yanaşı, anonim mənbələrdən tam imtina etmək də mümkün deyil.
Bütün yuxarıda deyilənlərə baxmayaraq, gec-tez anonim mənbələrlə işləməli olacayıq. Hansı şərtlər altında, hansı tezlikdə sizin bu metoda əl atacağınız, eləcə də auditoriyanın bu halları nə qədər doğru sayacağı, bunu qeyri-peşəkarlıq yoxsa istisna hesab edəcəyi olduqca əhəmiyyətlidir.
Anonim mənbələrdən istifadənin nə zaman lazım və hətta vacib olduğu barədə digər yazıda ətraflı söhbət açacayıq.
Sərlövhədəki foto: Anton Muhajir / Flickr