Jurnalistika sahəsində bəzən sürətli hərəkət etmək, xüsusilə də son dəqiqə xəbərləri hazırlayan müxbirlər üçün çox vacib bir kriteriadır. Lakin bəzi hallarda bu sürət hazırlanan xəbərlərin ya kifayət qədər dərin araşdırmaya sahib olmamasına, ya da verilən faktların yoxlama prosesinin tamamlanmadan xəbərin dərc edilməsinə gətirib çıxara bilər.
Eyni zamanda, media quruluşları arasındakı “ən tez kim xəbəri təqdim etdi” yarışı, bəzən xəbər hazırlanma müddətinin dəqiqələrlə ölçülməsinə gətirib çıxarır. Bu hallarda tez-tez rastlaşdığımız ifadələrdən biri də xəbərin sərlövhəsindəki “yenilənir” vurğusudur.
Jurnalistikada rəqəmsallaşmanın artması və xəbər alma texnikalarının inkişafı nəticəsində sürətin prioritetləşdirməsi də artmağa başladı. Bəzən oxucular da yaşadıqları yerdə baş verən hadisələr ilə bağlı anında xəbərdar olmağı tələb edə bilir. Qısa müddətdə xəbər hazırlamaq ilə bağlı jurnalistin üzərində yaranan təzyiq özü ilə birlikdə bir çox dezavantajı da gətirə bilər. Bu risklərdən birinə nümunə olaraq, jurnalistin xəbəri kifayət qədər yoxlamadan dərc etməsi və yanlış bir xəbərin yayılımına yol açması göstərilə bilər.
1986-cı ildə başlayan “Yavaş Hərəkat”-ının (Slow Movement) bir hissəsi yaxud davamı kimi də qəbul olunan yavaş jurnalistika (slow journalism) termini ilk dəfə 2007-ci ilin fevral ayında, keçmiş jurnalist və akademik Susan Greenberg tərəfindən istifadə edilib. O, 2007-ci ildə yazdığı məqaləsində bu ifadədən istifadə edərkən, “slow food” hərəkatından da misal gətirir. Yavaş jurnalistika, gündəm ilə bağlı səthi xəbərlərə fokuslanmaq yerinə, xəbər qurumlarının gözündən qaçırdığı hekayələri xəbərləşdirmək, daha dərin araşdırma qatmaq və uzun xəbərlər hazırlamaq kimi də izah edilə bilər.
Yavaş jurnalistikanı digərlərindən nə fərqləndirir?
Yavaş jurnalistikanın ən təməldə qarşı olduğu şey sadəcə gündəmə fokuslanan, sürətli şəkildə hazırlanan, səthi, qısa və oxuculara dərin məlumatlar təqdim etməyən xəbərlərdir. Yavaş jurnalistikanın bir hərəkatmı, bir nəzəriyyəmi olduğu sualı mediada hələ də müzakirə edilən bir mövzudur. Əslində yavaş jurnalistika, mövcud olan jurnalistika sahələrinə bir alternatif olaraq ortaya qoyulmur, mediada hazırda mövcud olan praktikaları düzəltmək üçün təklif edilir. Fransız sosioloq və Fransa Elmi Araşdırma Mərkəzinin mütəxəssisi Erik Neveu, yavaş jurnalistika ilə bağlı bəzi karakteristik xüsusiyyətləri də sadalayır. Bu xüsusiyyətlər aşağıdakılardır:
- Həqiqi yavaşlıq: Yavaş jurnalist, dataları toplamaq, analiz etmək, fakt yoxlama aparmaq üçün vaxt sərf edir.
- Araşdırma: Yavaş jurnalist xəbəri yenidən təqdim etmək və ya şərh etmək üçün deyil, xəbər toplamaq və hazırlamaq üzərində ciddi çalışır.
- Seçicilik: Yavaş jurnalist xəbərə lazımsız gördüyü qisimləri çıxarır və jurnalistikanın seçici və izahedici olmalı olduğunu müdafiə edir.
- Uzunluğu və izahının keyfiyyəti: Yavaş jurnalist, hazırladığı xəbərin oxucuya dərinlik təqdim etməsi üçün ümumilikdə daha uzun xəbər hazırlamağa üstünlük verir və tövsiyə edir.
- Dürüstlük: Yavaş jurnalistika şəffaflığı təşviq edir.
- Ümumilik: Yavaş jurnalistika cəmiyyətə xidmət edir.
- İştirak: Yavaş jurnalistika auditoriyasını öz əməkdaşlarına çevirir. Onlara xəbər haqqında fikir bildirmələri və xəbər hazırlama prosesinə töhfə vermələri üçün təşviq edir.
- Haqqında danışılmamış hekayələrdən bəhs etmək: Yavaş jurnalistikada xəbəri dərinləşdirmək, əvvəlcə görmədiyimiz arx aplanına fokuslanmaq və deyilməmiş hekayələrdən bəhs etmək əhəmiyyətli sayılır.
Bu xarakteristik xüsusiyyətlər, bu sahədə fəaliyyət göstərən hər kəsin qəbul etdiyi xüsusiyyətlər deyil. Lakin bunlar arasında şəffaflıq, dürüstlük, dərinlik ən çox vurğulanan faktorlar arasındadır. Yəni yavaş xəbərin bu səkkiz xüsusiyyətin hamısına malik olması gözlənilmir.
Bir çox halda yavaş jurnalistika, dərin araşdırmaları təşviq etməsi kimi səbəblər əsasən araşdırmaçı jurnalistika ilə bənzərlik göstərsə də, ingilis media nəzəriyyəçisi Hugo de Burghə əsasən, yavaş jurnalistikanı araşdırmaçı jurnalistikadan ayıran xüsusiyyətərdən biri yavaş jurnalistikada xəbər oxucusunun həmin xəbərin yarandığı və istifadə edildiyi mərhələlərdə iştirakıdır. Digər yandan Sidney Universitetində media professoru olan Megan Le Masurier, yavaş jurnalistikanın, hər hansı xüsusiyyətlərə malik olan bir sahə olmadığını, sürətin jurnalistikadakı təsirinə tənqidi bir yanaşma olaraq xarakterizə edilməli olduğunu düşünür.
2015-ci ildə yavaş jurnalistika haqqında yayımlanan bir məqalədə, “yavaş jurnalistika” termini bir tərəfdən “janr” olaraq izah edilir, digər tərəfdən isə “yanaşma” olaraq ələ alınır. Yavaş jurnalistika nümunəsinin təqdim edilmə şəklində uzun olmasının əsas götürüldüyü, məzmunda isə daha dərin, fərqli məqamları və baxış bucaqlarını da xəbərə daxil etməyə çalışan bir yanaşma olduğu qeyd olunur.
Bu sahədə fəaliyyət göstərənlər kimlərdir?
Yavaş jurnalistika nümunələrinə sahib media qurumlarına nəzər yetirdikdə, Tortoise, ProPublica, The Atavist, The Sprawl, Long Play, Slow New kimi platformalara rast gəlirik. Bu yanaşmanı mənimsəyən yayımlardan biri də “Patrick de Saint-Exupéry” adlı, keçmiş Le Figaro müxbirinin əsasını qoyduğu “XXI” jurnalı idi. 21-ci əsr adıyla dərc olunan bu jurnal, 3 ayda bir yayım edərək, ana axım mediada bəhs edilməyən, göz ardı edilmiş mövzuları oxuculara çatdırır.
Digər nümunə isə 2011-ci ildə, Birləşmiş Krallıqda, Rob Orchard və Marcus Webb tərəfindən qurulan yavaş jurnalistika jurnalı “Delayed Gratification”-dir. Bu jurnalın qurucularından olan Rob, verdiyi bir müsahibədə, “bir hadisə baş verdiyi zaman xəbərləşdirərkən səhvə yol verməyin çox asan olduğunu” vurğulayır. Onun müsahibəsində qeyd etdiyi məqam isə “bir hadisə baş verərkən bunu tez xəbərləşdirmək çarəsizliyinin inanılmaz dərəcədə səhv nəticələr doğurma ehtimalı”-dır. Digər yavaşlamağın tərəfdarı olan jurnalistlər kimi Rob da sürətli hazırlanan və vacib kontekstin verilmədiyi, ekspert rəyinin alınmadığı və təhlil olunmadığı xəbərlərin, oxucuya sadəcə o an haqqında informasiya verdiyini söyləyərək tənqid edir. O 2011-ci ildə qurduqları “Delayed Gratification”-ı isə sürətlə yayınlanan və az araşdırılmış xəbərlərə qarşı bir “panzəhər” kimi gördüyünü söyləyir.
Mənbələr
- Prospect journalism
- NiemanReports The Value of Slow Journalism in the Age of Instant Information
- National Geographic What Is ‘Slow Journalism’?
- The Beautiful Truth After the dust has settled: the value of slowness with Rob Orchard
- Is there a future for slow journalism?
- Slow journalism in the “infoxication” era
- Media Update What’s the deal with slow journalism?
- Qapaq şəkli Photo by Ralph (Ravi) Kayden on Unsplash