Hər dəqiqə YouTube saytına ortalama 300 saat uzunluğunda video yüklənilir. Bu videoların arasında planetin qaynar nöqtələrindən, təbii və texnogen fəlakət rayonlarından, qəza və fövqəladə hadisələrin baş verdiyi yerlərdən istifadəçilərin yüklədiyi videolar da var.
Jurnalistlər üçün bu videolar dəyərli məlumat mənbəyidir. Bəs istifadəçilərin videolarını təhlil edərək məlumatı strukturlaşdırmaq üçün jurnalistlər hansı alətlərdən istifadə edə bilərlər?
Bu alətlərdən biri Carter Center təşkilatının dəstəyi və Google Jigsaw – İnternet şirkətin insan hüquqları sahəsində çalışan şöbəsinin səyi ilə yaradılmış Montage alətidir.
Hal-hazırda bu xidmətin idarə edilməsi Storyful layihəsi tərəfindən həyata keçirilir. Storyful – istifadəçi məzmunun verifikasiyası sahəsində ixtisaslaşıb.
Montage xidmətində istifadəçi öz layihəsini yaradır, daha sonra xidmətə inteqrasiya edilmiş axtarış panelindən istifadə edərək müvafiq YouTube videosunu öz layihəsinə əlavə edir. Hər bir videoya öz növbəsində məkan (hadisənin baş verdiyi ərazinin koordinatları) və zaman komponentlərini əlavə etmək olar. Virtual montaj lentində isə bütün video boyu xronometraja bağlı olmaqla şərhlər və açar sözlər əlavə etmək mümkündür.
İstifadəçi öz layihəsində iştirak etmələri üçün digər istifadəçiləri də dəvət edə bilər. Bu istifadəçilər eyni xronometraj üzərində işləyə və ya videonu öz aralarında bölüşdürə bilərlər.
Son nəticədə ortaya çıxan məhsul ümumi açar sözlərlər bir-birinə bağlanmış və şərhlərlə izah edilmiş videokliplərin toplusundan ibarət olur. Videoları tarix və ya məkan üzrə qruplaşdırmaq mümkündür. Belə bir layihə hadisələri hərtərəfli təhlil etməyə, bütöv mənzərəni görməyə imkan yaradır. Jurnalistlər bu layihədən öz araşdırma və yazılarında sübut kimi istifadə edə bilirlər.
Montage proqramı Carter Center təşkilatında həyata keçirilən Syria Mapping Project layihəsinin çərçivəsində yaradılıb. Onun yaradıcıları arasında hal-hazırda özünün Bellingcat layihəsi ilə məşhur olan Elliot Higgins də var. Syria Mapping Project ilk əvvəl Suriya və Liviyada hərbi münaqişələrin videosübutlarını toplamaq məqsədi daşıyırdı. Montage isə bu videoları təhlil edib strukturlaşdırmaq üçün yaradılmışdı. Google Jigsaw tərəfindən yaradılmış bu alətdən istifadə etməklə hüquq müdafiəçiləri ilk aylar ərzində 600-dən çox video-kataloq hazırlaya bilmişdi ki, bu kataloqlarda fərqli hərbi qüvvələrin hərəkətləri eləcə də qadağan olunmuş silahların istifadəsi öz əksini tapıb.
Xidmət hələlik YouTube videolarının təhlilinə imkan yaradır. Tezliklə proqramın kodu açıq mənbə şəklində paylaşılmalıdır. O zaman Montage vasitəsilə Facebook və LiveLeak videolarının da təhlili imkanları yarana bilər.
(Mənbə: Sosial texnologiyalar istixanası)