Yeni Jurnalist

Anonim mənbələrdən nə zaman istifadə edə bilərik?

Dmitri Surnin (Facebook)

Məqalədə anonim mənbə və anonim qəhrəmanlardan istifadə etmək heç də yaxşı praktika deyil. Normal şərtlər altında onlara istinad etmədən yazı hazırlamağa çalışmaq lazımdır.

Lakin anonim mənbələrə istinad etmədən ancaq ideal dünyada məqalə yazmaq olar. Üstəlik, heç də hər vəziyyət normal vəziyyət sayılmaz.

Anonimlik üçün tutarlı səbəblər var:

  • Mənbənin adının açıqlanması onun həyatı, azadlığı və ya sağlamlığına təhlükə törədə bilər. Mənbə bizə etibar eləməklə özünü həqiqətən riskə atır. Burada söhbətin əsl təhlükədən getdiyinə, paranoya və ya bəhanələr olmadığına əmin olmalıyıq. Təhlükənin ciddiyiliyini yalnız siz öz redaktorunuzla birgə müəyyən edə bilərsiz. Məsləhətləşin.
  • Mənbənin adının açıqlanması onunla qohumluq, dostluq və tanışlıq bağları olan günahsız insanların həyatına, azadlığına və ya sağlamlığına təhlükə törədə bilər.
  • Materialın qəhrəmanı və ya əhvalatı danışan şəxs azyaşlı ola bilər. Onun danışdıqları özünə zərər yetirə bilər, ya da həmin şəxs vəziyyəti düzgün dəyərləndirməyə, sözlərinə cavabdeh olmaya bilər. Bir çox ölkələrdə bu hal qanunvericiliklə tənzimlənir.
  • Sizin qəhrəman – cinayətin, zorakılığın və ya ədalətsizliyin qurbanıdır, ağır psixoloji vəziyyətdən əziyyət çəkir. Adının açıqlanması bu vəziyyəti daha da ağırlaşdıra, cəmiyyətdə təklənməsinə və təcrid olunmasına səbəb ola bilər. Əgər qəhrəman materialda adının çəkilməsini aşkar şəkildə özü istəyərsə, sonrakı riskləri qəbul etməyə şüurlu şəkildə razılıq verərsə, yalnız bu halda anonim olmayan mənbəyə istinad etmək olar.

Vəziyyətdən asılı olan hallar:

  • Mənbə yalnız adının çəkilməməsi şərti ilə danışmağa razıdır, amma onun sizinlə bölüşdüyü məlumatlar cəmiyyət üçün olduqca mühümdür. Məsələn, Prezident Niksonun istefasına gətirən məşhur Watergate skandalının araşdırması anonim mənbənin ifadələrinə əsaslanırdı. Bizə ötürülən məlumatın ictimai əhəmiyyətlilik dərəcəsi nə qədər böyükdür? Bu səbəbdən etibarlılıq və son nəticədə reputasiya məsələsində riskə getməyə dəyərmi? Bəzən olur ki, həssas informasiyanı pozulmuş sistemin içində «daha susa bilməyən» vicdanlı əməkdaş ötürür – Bredli (Çelsi) Menninq və ya Edvard Snouden kimi. Lakin tez-tez bu cür «informasiya sızmalarını» maraqlı tərəflər ötürür. Bu məlumatların ictimaiyyətə açıqlanmasından sonra həmin maraqlı tərəflər fürsətdən istifadə edərək öz şəxsi, siyasi, iqtisadi və nüfuz problemlərini həll etməyi düşünürlər. Açıqlanan faktların ictimai dəyəri onlar üçün daha çox ikinci dərəcəlidir, əsas məqsəd çirkin daxili çəkişmələrdə əlavə xal qazanmaqdır. Bu çəkişmələrdə jurnalistlərdən və mediadan bir alət kimi istifadə edirlər, amma sızdırılan məlumatdan həm cəmiyyət, həm də media faydalana bilər. Jurnalist hansı həddə qədər kiminsə əlində alət olmağa razılaşa bilər – sual budur.
  • Mənbə maddi itkilər yaşaya, ya da hər hansı rəsmi instansiyaların hədəfinə tuş gələ, özünə əlavə problemlər yarada bilər. Bu zaman aşağıdakı hallarda onun anonimliyinin qorunmasına təminat vermək olar:
    • əgər mənbə məlumatı bölüşməklə sizə yaxşılıq edirsə (yəni məlumatı bölüşmək təklifi ondan yox, məhz sizdən gəlir);
    • mənbənin qarşılaşacağı itkilər və sanksiyalar nəzəri yox, gerçəkdirsə («İndi siz yazacaqsız ki, mənim biznesim fontan vurur, sabah da vergi yoxlaması qapının ağzını kəsdirəcək.»).
  • «Evin zibilini çölə çıxardığına görə» mənbə öz iş yerində, kollektivdə, yaşadığı məhəllədə ictimai qınaq və problemlərlə üzləşəcəyindən qorxa bilər. Əvvəlki hallarda olduğu kimi, burada da sağlam düşüncəyə əsaslanmaq lazımdır. Əgər mənbə ilə əlaqəyə girmək təşəbbüsü sizdən gəlirsə, mənbənin üzləşəcəyi problemlər də uydurma yox, gerçəkdirsə, bu halda onun maraqlarını nəzərə almağa dəyər. Lakin “iş yoldaşlarım məni başa düşməyəcək”, “camaat nə deyər” tipli bəhanələr daha çox sizin mənbənin öz əməlinə görə utanmasından irəli gəlir, nəinki gerçək təhlükədən xəbər verir.
  • Mənbə məlumatı ötürməklə sizə yaxşılıq edir. Onun xidmətlərinə gələcəkdə də ehtiyac yarana bilər. Əgər mənbənin adını açıqlasaz, gələcəkdə oxşar məlumatlardan məhrum olacaqsız. Əslində, adını çəkmədən də olsa mətndə belə mənbələrə istinad etmək əvəzinə, onlardan ancaq faktları dəqiqləşdirmək, məlumatları yoxlamaq və axtarmaq üçün istifadə etmək daha yaxşı olar.

Bəs anonim mənbələrə istinad praktikasından nə zaman qəti şəkildə imtina etməliyik?

  • Məsələn, insanların bir problemi var, onlar nəinki bu problemi həll etməyə çalışmır, hətta həyatlarına, azadlıqlarına və sağlamlıqlarına heç bir təhlükə olmamasına baxmayaraq, bu barədə danışmaq belə istəmirlər.
    • Nümunə: çoxmərtəbəli evin sakinləri sizə zəng edir və həyətlərində, uşaqlar üçün oyun meydançasının yerində kimlərinsə göydələn tikmək istədiyini deyir. «Dəhşətdir, biabırçılıqdır, bunu işıqlandırın, amma məbadə bizim adımızı çəkərsiz». Daha bir müraciət: “Məhkəmə qanunsuz olaraq oğluma iş kəsib, bir tədbir görün, qəzetdə yazın, amma mənim adımı çəkməyin”.
  • Məsələn, mənbə adının çəkilməməsi tələbini əsaslandıra bilmir (“istəmirəm, vəssalam!”), ondan alınan məlumat isə o qədər də əhəmiyyətli deyil.
    • Nümunə: “Dünən yağış yağdı, bütün küçə palçığın içindədir,” – adının çəkilməsini istəməyən kənd sakini deyir.
  • Məsələn, mənbə hər hansı üçüncü şəxsi sizin gözünüzdə pis qələmə vermək üçün onun sözlərindən sitat şəkir («ikinci əl» sitatlar) və ya əməllərini qərəzli şəkildə təsvir edir.
    • Nümunə: Özünü təqdim etmək istəməyən fəhlənin sözlərinə görə, zavodun direktoru Məhərrəmov o qədər içmişdi ki, dəhlizdəki gül dibçəklərinə qusurdu və həmin vaxt işçiləri öldürməklə hədələyirdi.

 “Anormal” vəziyyətlər haqda

Bəzi ölkələrdə siyasi vəziyyətin xüsusiyyətləri və hüquq-mühafizə orqanlarının fəaliyyəti anonim mənbələrdən istifadə qaydalarına təsir göstərə bilər. Məsələn:

  • Dövlət qulluqçularına qeyri-rəsmi formada qəti təlimat verə bilərlər ki, müəyyən media orqanları ilə əlaqə saxlamasınlar. Hətta ən zərərsiz mövzuda şərh verməklə mənbə öz başına iş aça bilər.
  • Hökumətə loyal olmayan media müəyyən mülahizələrə görə «müxalifətçi» hesab oluna bilər. Bu media orqanları ilə hər hansı əlaqə – hətta kukla teatrında yeni tamaşanın premyerası haqda məlumat vermək də – “rejim əleyhdarları ilə əməkdaşlıq” kimi qəbul oluna bilər.

Belə bir mühitdə media orqanları anonim mənbələrdən istifadə hallarının siyahısını genişləndirməyə məcbur olacaq. Lakin yadda saxlamaq lazımdır ki, jurnalist və redaktor mətndə anonim mənbələrə istinada nə qədər asan razılaşarsa, bu vəziyyət bir o qədər normal sayılacaq. Nəticədə anonim mənbələrdən istifadə standart davranışa çevrilərək. Jurnalistlər “normallığın” sərhəddini genişləndirməyi heç bir halda dayandırmamalıdır. Əks təqdirdə «anormallığın» sahəsi öz-özünə genişlənəcək.

Əgər anonim mənbələrə istinaddan qurtulmanın yolu sadəcə əlavə iş və ya əlavə səy göstərməkdirsə, o zaman bu səyləri əsirgəməməliyik. Əgər jurnalist özünə artıq əziyyət vermək istəmirsə, onda redaktor həmin məqaləni ümumiyyətlə dərc etməməlidir.

Sərlövhədəki foto: Fellowship of the Rich / Flickr

Paylaş