Yeni Jurnalist

Fotoreportajın planlaşdırılması: keyfiyyətini necə artırmaq olar?

Dmitri Surnin (Facebook)

Kiçik nəşrin redaktoru fotoşəkillərin keyfiyyətini yaxşılaşdırmaq üçün nə edə bilər?

Hər hansı redaksiya məqaləsi və ya infoqrafika kimi sənədli fotolar da redaktorla jurnalistin (fotoqrafın) birgə əməyinin məhsuludur. Hər bir material kimi onlar da öncədən planlaşdırılmalıdır. Fotomüxbir nə qədər az peşəkar olarsa, hazırlıq işi bir o qədər diqqətli və təfərrüatlı olmalı, redaktor isə işin daha çox qismini öz öhdəsinə götürməlidir. Əgər fotomüxbir “kələm haqda yazırıq, get nəsə çək, gətir” tipli tapşırıq alarsa, son nəticədə qəzetdə çap olunmağa layiq foto yox, məhz “nəsə” çəkib gətirəcək.

Əksər hallarda kiçik nəşrlərdə fotomüxbirə nə etməli olduğunu izah edəcək fotoredaktor olmur. Bəzən bu redaksiyalarda fotomüxbir də olmur. Şəkilləri müxbirlər özləri çəkməli olur – onsuz da müasir ağıllı telefonlar və fotoaparatlar xüsusi bacarıqlar olmadan çapa yararlı fotolar çəkməyə imkan yaradır. Bəs siz redaktor olaraq foto məsələsində özünüz də hər şeydən əmin olmadığınız hallarda fotomüxbirə necə kömək edə bilərsiz? Sadəcə sualları düzgün qoymaqla!

Nə baş verib?

İlk baxışdan sadə görünsə də, ən əhəmiyyətli və çətin sualdır. Bu suala bir cümlə ilə cavab verə bilsəniz, deməli nə yazacağınızı və nə çəkəcəyinizi bilirsiz. Məsələn, icra hakimi mətbuat konfransında deyir ki, gələn il şəhərin bütün mərkəzi küçələrinin təmiri üçün maliyyə vəsaiti ayrılıb.

Bu halda yerli medianın edə biləcəyi ən mənasız hərəkət – mətbuat konfransının gedişatı haqda quru hesabat yazıb əlində kağız-kuğuz tutan qoca dayıların şəkilləri ilə birgə dərc etmək olar. Axı məsələ mətbuat konfransının keçirilməsi deyil – sadəcə siz qiymətli məlumatı orada öyrənmisiz. Məsələ heç maliyyə vəsaitinin ayrılması da deyil. Hətta mərkəzi küçələrin təmir ediləcəyi xəbəri də deyil!

Bəs məsələ nədir? Gəlin variantlara baxaq.

  • “Bir ildən sonra şəhərdə rahat maşın sürə biləcəm, təkərin yarı yolda partlamasından qorxmaq geridə qalacaq.”
  • “Bir ildən sonra işə indikindən iki dəfə tez çatacam, çünki hər çuxurda sürəti azaltmağa gərək qalmayacaq.”
  • “İndi bütün ili şəhərdə yolların təmiri gedəcək, tıxac əlindən tərpənə bilməyəcəyik.”
  • “Yenə də ancaq çuxurları örtəcəklər, qış çıxan kimi hər şey daha da pis olacaq. Normal təmir üçün yenə pul çatmayacaq. Beş il qabaq iki dəfə çox pul ayrılmışdı, amma çuxurları örtməyə güclə çatdı.”
  • “Ancaq mərkəzi küçələri təmir edəcəklərsə, mənə nə dəxli? Məhəllə içi yollar yenə də çala-çuxur olacaq.”

Burada istənilən qədər variant mümkündür. Bir informasiya eyni zamanda və ya müəyyən ardıcıllıqla bir və ya bir neçə nömrədə çoxlu məqaləyə şaxələnə bilər. Doğru və gərəkli olan da məhz budur. Lakin hadisənin mahiyyətinin nə olduğuna dair sizin jurnalist izahınız o dərəcədə aydın olmalıdır ki, oxucu bütün bunları niyə bilməlidir sualına asanlıqla cavab alsın. Məsələ nə qədər aşkar olarsa, sizə də işləmək bir o qədər rahat olar. Bir daha vurğulayım – məsələnin fokusu nə baş verib, baş verir və ya baş verəcək deyil. Siz niyə bu mövzudan yazırsız və oxucu niyə bu mövzu ilə maraqlanmalıdır – məsələnin fokusu budur.

Qəhrəman kimdir?

Məqalənin (ya da məqalələrin) fokusu aydın olandan sonra kimin və ya kimlərin baxış bucağından danışmaq barədə qərar verməlisiz. Unutmayın ki, hər problem və hər sevinc kiminsə problemi və sevincidir. Hər hekayəni insana bağlayaraq danışmaq lazımdır, çünki ancaq bu zaman həmin hekayə insanlar üçün olacaq. Küçələrin, oradakı çirkabın görüntüsü insanlarda emosiya oyatmayacaq. Adətən bir insan cansız əşyaların problemlərinə şərik ola bilmir. İnsan yalnız başqa bir insanın dərdinə həmrəy ola bilər. Buna görə də hekayənin içindəki gerçək personajları axtarıb tapmaq lazımdır.

Bunun üçün də hekayənizin fokusunu bir daha nəzərdən keçirin və özünüzdən soruşun: Buna kim sevinəcək? Bəs kimin xoşuna gəlməyəcək? Kimin həyatı və necə dəyişəcək? Kim adət etdiyi rutinini dəyişməyə məcbur olacaq? İnsanlar bu hadisə ilə necə münasibət qurur? Fiziki baxımdan bu necə baş verir və kənardan necə görünür?

Əgər biz birinci fokusu seçsək (“Bir ildən sonra şəhərdə rahat maşın sürə biləcəm, təkərin yarı yolda partlamasından qorxmaq geridə qalacaq.”), onda düşünməliyik – bu, kim üçün vacibdir? Məsələn,

  • poçtalyon qadın. O, hər gün çala-çuxur yollarda velosipedlə on kilometrlərlə yol gedir. Üstəlik, əvvəlki kimi gənc və formada deyil, artıq yaşa dolub.
  • gənc ana. Ucuz və kiçik xarici marka maşını ilə hər gün uşağını bağçaya aparır, yol boyu hər çala-çuxura fikir verməlidir ki, nə təkər partlasın, nə də körpəsi qorxsun. Əvvəl bağçaya, oradan işə yetişmək üçün yuxudan çox erkən qalxmalı olur.
  • heç vaxt qurumayan gölməçənin yanındakı evin sahibəsi. Yoldan keçən maşınlar onun evinin divarlarını, qapı və pəncərələrini, bağçasının çəpərini palçığa batırır.

Bu variantları sonsuza qədər incələmək olar. Onları yalnız siz düşünüb tapmayacaqsız, fotojurnalist, başqa müxbir və redaktorlarla müzakirə prosesində yeni-yeni variantlar ortaya çıxacaq. Çünki fərqli insanlar öz fərqli təcrübələrini və fərqli ideyalarını müzakirəyə gətirəcək.

Qəhrəmanı (qəhrəmanları) müəyyən edəndən sonra çəkiliş vəziyyətini planlaşdırın. Bu qəhrəmanlarla bağlı hansı çəkilişi edəcəksiz? Bu suala cavab verin: bu hekayə sizin qəhrəmanın həyatında özünü necə göstərir və sizin qəhrəman bu hekayənin içində necə görünür?

Ən sadə, amma çox da maraqlı olmayan üsul – altında məlumat xarakterli alt-yazı verilmiş portretdir. Heç nə etməməkdənsə bunu etmək daha yaxşıdır, amma yaxşı fotoşəkil üçün kifayət etmir. Çünki təkcə insan portreti bərbad yollar problemini əks etdirmir.

Ən azından, insanın fotosunu müvafiq kontekstdə çəkməyə çalışın – onun hekayə ilə bağlılığını göstərə bilən təfərrüatla bir yerdə şəklini çəkin. Məsələn,

  • poçtalyon qadın qarajın divarından asılmış dörd köhnə velosiped təkərini göstərir. Bunlar kələ-kötür yollar ucbatından təkcə son bir ayda sıradan çıxmış təkərlərdir.
  • gənc ana qucağında uşağı, kiçik avtomobilin qarşısında dayanıb, avtomobil isə az qala özü boyda çuxurun yanındadır. Bu şəkil yollardakı iri çuxurların belə kiçik avtomobillər üçün necə böyük problem olduğunu əyani surətdə göstərəcək.
  • yaşlı ev sahibəsi şəhadət barmağını pəncərənin şüşəsinə sürtərək onlara nə qədər çirk hopduğunu göstərir.

Lakin daha yaxşı üsul – qəhramanı təbii halda fotoya həkk edərək bu yolla problem və ya onun həllinin əslində nə demək olduğunu göstərmək olardı. Məsələn,

  • poçtalyon qadın velosipedini çala-çuxur yollarda sürərək tarazlığı çətinliklə saxlamağa çalışır. Velosipedin üzərinə səyyar videokamera yerləşdirməklə video da çəkmək olar.
  • gənc ana sükan arxasında, təhlükəli çuxurdan yan keçməyə çalışır, buna görə də diqqətli və gərgin görünür. Yaxud da uşağını palçıq içində olan maşından çıxarıb bağçaya aparır.
  • Yaşlı ev sahibəsi evinin pəncərəsinə hopmuş palçığı təmizləyir.

Bu kadrlar quraşdırma kadrlar olmamalıdır! Bunu unutmayın. Qəhrəmandan guya nəyisə edirmiş kimi özünü göstərməsini xahiş etmək olmaz. Həmin andaca sizin işiniz sənədli foto kateqoriyasından çıxır! Poçtalyon qadının marşrutunu öyrənin, onu izləyin və kadr yaxşı alınmasa, eyni yerdən bir də keçməyə məcbur etməyin. Gənc ananı uşaq bağçasının qarşısında gözləyin və uşağı maşından düşürəndə fotosunu çəkin. Ev sahibəsindən pəncərələri nə vaxt yuyacağını soruşun və həmin vaxt gəlib şəkillərini çəkin. Mətndə faktları uydura bilmədiyiniz kimi, fotokadrlarda da hadisələri saxtalaşdıra bilməzsiz.

Şəkilləri harada və nə zaman çəkmək yaxşıdır?

Bu, qismən öncəki sualdan asılıdır. Çəkiliş üçün optimal zaman və məkan seçmək lazımdır. Birincisi, işıqla bağlı problem ola bilər. Bəzi kadrları məhz gecə çəkmək lazımdır, bəzilərini isə gecə çəkmək üçün ümumiyyətlə cəhd etməyin. İkincisi, hava faktorunu unutmayın. Palçığa batmış maşını və ya gölməçəni görüntüləmək üçün sizin yağmurlu havaya ehtiyacınız olacaq. Üçüncüsü, hadisəni daha yaxşı təsvir edə bilmək üçün ən uyğun məkanı seçməliyik. Məsələn, poçtalyon qadını yolun ən asfaltlı, ən düz hissəsində yox, ən dağılmış, ən təhlükəli hissəsində çəkmək lazımdır. Bütün bu incəliklər son nəticəyə təsir göstərir, ona görə də planlaşdırmada hamısı nəzərə alınmalıdır.

Kadrda nə görünəcək?

Təcrübəli fotoqraflar yaxşı bilir: kameranın gördüyü ilə insanın gördüyü arasında böyük fərq var. İnsan bir vəziyyəti görür və çatışmayan elementləri beynində quraşdırıb yerinə qoyur. Kamera isə ancaq obyektivə düşənləri görür. Eyni kadrda həm poçtalyon qadının üzündəki qorxu ifadəsini, həm də dağılmış yolun ümumi mənzərəsini vermək çətin ki mümkün olsun. Çox güman bu ikisindən yalnız biri alınacaq. Ona görə də fotomüxbirə bu tipli reallıqdan uzaq tapşırıqlar vermək lazım deyil. Qoy hər şeyi ayrı-ayrı çəksin.

Lazım olan rakurs və nisbətlər hansılardır?

Əgər fotomüxbirin peşəkarlığından arxayın deyilsizsə, ona hansı rakursdan çəkməli olduğunu da izah edə bilərsiz. Misal üçün, “bizə yolun ən çala-çuxur yerinin ümumi planı lazımdır, amma həm də poçtalyon qadın öz velosipedi ilə şəklə düşsün. Filan yerdə bütün yol çala-çuxurdur, məktəbin ikinci mərtəbəsindən baxanda hamısını rahat çəkmək olar.” Ya da: “Çuxurun dərinliyini göstərmək üçün ən alçaq nöqtədən, yerdən bir neçə kadr götür.” İşinizə yarayacaq hər hansı spesifik detalları da müzakirə edə bilərsiz: uşaq bağçasına girmək üçün palçığın içındən keçən gənc ananın ayaqqabıları, pəncərələri silmək üçün istifadə olunmuş köhnə əsgilər və s. çəkmək kimi.

Əgər öz bacarıqlarınız yetərli deyilsə, fotoalbom və fotosaytlara baxın. İstədiyiniz tipdə şəkli tapanda onu fotomüxbirə göstərin – “bax, bu formada çək”.

Hansı nisbətlərdə fotoya ehtiyacınız olduğunu da unutmayın. Əgər sizin sərlövhəniz şaquli fotoları nəzərdə tutmursa, fotomüxbiri də ona uyğun yönləndirin: qoy mümkün qədər üfüqi planlar yaxalasın. Dizaynerlə danışın – fotoşəkillərin nisbəti ilə bağlı onun xüsusi tələbləri və ideyaları ola bilər.

Tapşırıq nə qədər realdır?

Nəticədə ən mühüm olan sual budur. Fantaziyaların sizi çox uzağa aparmasına imkan verməyin. “Elə çək ki, elə bil poçtalyon çuxurun üstündən uçur, çantasından məktublar havaya səpələnir, yol kənarında duran bir nəfər də qorxudan ürəyini tutur,” – bu tapşırıq gerçəkçi deyil. Bunu bəlkə çox təsadüfi hallarda çəkmək olar.

Qəhrəman axtararkən realist olun. Əgər bütün qüvvələr qəhrəman axtarışına sərf olunursa, materialın istehsalına zaman qalmırsa, onda hekayəni anlatmaq üçün başqa yollar axtarın. Fotoların planlaşdırılmasına hər dəfə daha çox yaradıcı əmək sərf edin, amma reallıqdan da uzaqlaşmayın. Həm öz vəzifələrinizi, həm də işçilərin imkanlarını düzgün qiymətləndirin.

Plan – ehkam deyil!

Normal planlaşdırma sizi normal keyfiyyətli fotoşəkillərlə təmin etməyə yetəcək. Lakin unutmayın ki, ən möhtəşəm kadrları heç vaxt planlaşdırmaq mümkün deyil. Onlar ona görə alınır ki, fotomüxbir orada olur, nəyisə görür, hiss edir və dərhal tutur. Plan – gərəkli fotoşəkli çəkib gətirməsi üçün fotomüxbirə kömək etməlidir. Lakin hadisə yerində yaranmış müstəsna imkanları da “heç kəs mənə bunu çək deməyib” bəhanəsi ilə əldən qaçırtmaq olmaz.

Sərlövhədəki foto: Aleksander Markin / Flickr

Paylaş