Yeni Jurnalist

Onlayn məzmun idarəçiliyinin texnologiyası

Həbib Məmmədov

Bu günlərdə bir çox insan biznes və ya şəxsi məqsədlərlə İnternet saytı yaratmaq haqqında düşünür. Birinci yazıda biz sayt yaratmaq üçün plan qurmaq və bəzi ilkin anlayışlar barəsində qısaca söhbət açdıq. Bu yazıda isə onlayn məzmun idarəçiliyinin texnologiyasına nəzər salacayıq.

Ümumiyyətlə, sayt yaratmazdan əvvəl biz gərək nə istədiyimizi müəyyən edək və ona uyğun texnologiya seçək. Proqram təminatının yaradılmasında (software development) ən vacib amillərdən biri də maksimal dərəcədə çevik həll yollarına malik olmaqdır.

Saytınız üçün CMS texnologiyası

CMS sistemləri məlumatlar bazası ilə işləyir. Bizim CMS sistemində etdiyiniz hər hansı dəyişiklik məlumatlar bazasında dərhal öz əksini tapır.

CMS və məlumatlar bazası arasında əlaqəni təmin etmək üçün biz müəyyən texnologiyadan istifadə etməliyik. Məsələn, saytlar və bloqlar üçün populyar məzmun idarəetmə proqramı olan WordPress sisteminin əsasında PHP texnologiyası dayanır.

Biz PHP texnologiyasına alternativ olan digər texnologiyalardan da istifadə edə bilərik. Bunların arasında JavaScript və Python kimi geniş yayılmış seçimləri misal göstərə bilərik.

PHP texnologiyası 1995-ci ildə Rasmus Lerdorf tərəfindən yaradılıb və müasir zamanda ən geniş istifadə olunan seçimlərdən biridir. PHP — server üzərində işləyən texnologiyadır. PHP üzərində CMS qurmadan öncə biz gərək server quraq və həmin serverə PHP texnologiyası yükləyək. Bütün proqram təminatları kimi bu texnologiyanın da öz üstünlükləri və mənfi cəhətləri var.

2009-cu ildə Ryan Dahl JavaScript texnologiyası üzərində yeni server kommunikasiya aləti olan Node.js hazırladı. Bu gün Node.js İnternet aləmində PHP texnologiyasının əsas rəqiblərindən biri sayılır. Node.js texnologiyasının PHP üzərində əsas üstünlüyü daha çevik işləməsidir. Node.js texnologiyası əsasında işləyən CMS sistemlərinə Keystone.js, Ghost, eduro.js, HashbrownCMS kimi seçimləri misal göstərmək olar.

PHP yoxsa JavaScript?

Yəqin sizdə sual yarana bilər — saytınız üçün hansı texnologiyanı seçməli?

Əlbəttə ki, biz sayt yaradarkən onun güclü texnologiya əsasında işləməsini istərdik, buna görə də PHP texnologiyasından imtina edib Node.js texnologiyasını seçə bilərik. Lakin unutmayaq ki, sayt quran zaman əsas amillərdən biri də maliyə resursları olur.

PHP ilə işləyən proqramçılar Node.js proqramçılarından daha çoxdur, onların xidmətləri daha asan tapılır və xeyli ucuz başa gəlir. Bir sözlə, əgər sizin maliyyə resurslarınız məhduddursa, o zaman Node.js texnologiyasından imtina edib PHP texnologiyasına üz tutmalı olacaqsız.

Məhz buna görə də sayt yaradan zaman nə istədiyinizi və əlinizdə hansı resursların olduğunu öncədən bilməlisiz. Əks təqdirdə, yanlış seçimlər etməklə layihənizin uğurunu sual altına qoymuş olarsız.

Paylaş