Yeni Jurnalist

Azərbaycanda data jurnalistikası sahəsində yeni resurs

Müasir jurnalistikada əhəmiyyəti durmadan artan bir sahə də data jurnalistikasıdır. Data jurnalistikası – statitika, informatika və jurnalistikanın kəsişmə nöqtəsindən xəbər yayımı aparır.

Yeni informasiya dövründə xəbər yayımında rəqəmli məlumatların artan rolu, çoxsaylı məlumat bazalarında toplanan açıq informasiyaların əvəzedilməz xəbərçilik əhəmiyyəti jurnalistlərin hər gün data jurnalistikasına daha çox müraciət etməsini tələb edir.

Mingəçevir Valideynlər Assosiasiyası tərəfindən yaradılan data.org.az resursu da Azərbaycanda açıq məlumatların yayılmasına və data jurnalistikasının inkişafına yardım məqsədi daşıyan təşəbbüsün bir hissəsidir.

Avropa İttifaqı və BMT İnkişaf Proqramının dəstəyi ilə Transitions (Çexiya) və Linking Media (Polşa) kimi xarici tərəfdaşlarla birgə həyata keçirilən bu layihə əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında data jurnalistikasının rolundan yararlanmağı nəzərdə tutur.

Ənənəvi jurnalistika ilə məşğul olan bölgə jurnalistləri üçün layihə çərçivəsində keçirilən təlimlərdə datanın rolu, data jurnalistika üçün lazım olan bilik və bacarıqlar, müvafiq datanın toplanması və təmizlənməsi, təhlil metodları və təqdim edilməsi kimi məsələlərə toxunulur.

Data jurnalistikası təlimlərinə onlayn qaydada qoşulmaq istəyənlər üçün kursun materialları, eləcə də «Data jurnalistikası» kitabının azərbaycanca tərcüməsi data.org.az resursuna yerləşdirilib.

Paylaş